İncəsənətin XXI  əsrə məxsus ən məşhur və geniş yayılmış növü hesab edilən, şəhər və ya şəhər həyatı ilə bağlı olan“Urban art” ( şəhər incəsənəti)  şəhərdə yaşayan və ya şəhər həyatına böyük maraq duyan rəssamlar tərəfindən yaradılan yeni, rəngarəng bir istiqamətdir. Bu yolla “Urban art”  “Street art” ( küçə incəsənəti) ilə qraffitini ( italyan dilində “graffiare” “qaşımaq” deməkdir) birləşdirir və şəhər memarlığından və ya müasir şəhər həyatından ilhamlanaraq yaradılan bütün vizual incəsənət nümunələrini özündə əks etdirir. “Urban art” başlıca olaraq ictimai yerlərdə işlənir və şəhərlərin bədii görkəminə yeni məna qazandırır.

Antik şəhərin qalıqları üzərində ucaldılmış, orta əsr şəhər memarlığının şah əsərlərindən biri – İçərişəhər nə qədər qədim olsa da daim yeniliyə qucaq açmışdır. Onun dar, ensiz küçələri arasından keçib İ.Əfəndiyev küçəsi, 47 ünvanını tapsanız bizim sözlərimizin təsdiqini görmüş olarsınız. Burada - İçərişəhərin yüksəklikdə yerləşən məhəlləsində siz Bakının ənənəvi şəhər həyatını əks etdirən böyük ölçülü divar rəsmlərini izləyə bilərsiniz. Qeyd olunmalıdır ki, rəsmlərin işlənməsi üçün seçilən məkan həm relyef, həm də tarixilik baxımından göz oxşayır. Burada İçərişəhərin öz daxili memarlıq üslubuna görə unikal hesab edilən “Bəylər” məscidi, ondan bir az yuxarıda isə hündür təpə üzərində inşa olunmuş dünya əhəmiyyətli abidə - Şirvanşahlar Sarayı yerləşir.

İş prosesi özlüyündə bir neçə mərhələni əhatə etmişdir. Əvvəlcə rəssamlar tərəfindən bir çox eskiz hazırladı. Daha sonra rəsmlərin konturlarının divarların üzərində cızılması üçün divarların səthi bərabər səviyyəyə çatdırılaraq hamarlaşdırıldı. Bu mərhələnin davamı olaraq artıq çəkilmiş konturların əsasında təsvirlərin rənglənmə prosesi başladı. Bununla yanaşı rəsmlərin əhatə etdiyi miqyasın böyüklüyü təsvirlərin tərtibatında  xüsusi diqqət və dəqiqlik tələb edirdi.

“İçərişəhər Urban Art” layihəsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birbaşa dəstəyi ilə həyata keçirilmişdir. Bakının tarixi mərkəzində təqribən 2 ay davam edən iş prosesi uğurla başa çatdırılaraq 2016-cı ilin dekabrında yekunlaşdı.

İdeyanın həyata keçməsində gənc, istedadlı rəssamlar Vüsalə Ağarazıyeva, Daşqın Bayramov və Ağayar Bayrışov böyük səy göstərdilər. 2003-cü ildən dekorativ və tətbiqi incəsənət üzrə sərgilərdə iştirak edən xanım Ağarazıyeva isə layihənin baş icraçısı idi.

Gənclər Avropada gördükləri “Urban art” nümunələrinin şəhərə kolorit, canlılıq bəxş etdiyini müşahidə edərək tezliklə bu fərqli sənət növünü Bakıda da görmək istəmişlər. Məhz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi onlara bu imkanı yaratmış oldu. Hava şəraitinin dəyişkənliyi, vaxt azlığı kimi nüanslar icraçılara müəyyən çətinlik yaratsa da nəticə bugün göz önündədir. Sevgi və istəklə ərsəyə gələn bu rəsmlər xüsusən İçərişəhərin memarlığını əks etdirir. Siz burada taxta eyvanlı evlərin fasadını, həmçinin Azərbaycan incəsənətinin bənzərsiz incisi olan xalça təsvirini izləyə bilərsiniz. Sanki divar üzərində donub qalmış bu rəsmlər sizə yolun bitmədiyini, İçərişəhərin hər daşının bətnində bir hekayə gizləndiyini pıçıldayır.

 

 

 

 

Xəbərlər