Təqvim

Dünən, 6 mart tarixində Nizami Kino Mərkəzində nəhayət ki, bütün İçərişəhərsevərlərin səbirsizliklə gözlədiyi tədbir baş tutdu. Söhbət "Qız Qalası" tam metrajlı bədii filmindən gedir. "İçərişəhər" DTMQİ-nin təşəbbüsü və "Kintamani" film şirkətinin yaradıcı heyətinin səyi ilə ərsəyə gələn film komediya janrında lentə alınaraq tarixi və müasir çalarları çox ustalıqla özündə ehtiva etmişdir. Mükəmməl rəssam işi, həyəcan dolu anlar, xoş ovqatın və mübarizənin çulğalaşdığı süjet xəttində sizi güldürəcək və düşündürəcək məqamlar çoxdur. Tədbirdə çıxış edən rejissor İlham Qasımov filmin çəkilişlərinin həm Azərbaycanda, həm İranda baş tutduğunu və bütün kollektivin böyük ruh yüksəkliyi ilə çalışdığını bildirdi. Məhəbbət əfsanələrinin simvolu olan Qız Qalası abidəsi isə filmdə bir-birinə aşiq olan, lakin qovuşa bilməyən iki gəncin sevgisinə şahidlik edir. Rollarda ölkəmizin sevilən aktyorlarından Elməddin Cəfərov, Ziya Ağa, Cənubi Azərbaycandan dəvət edilmiş məşhur aktyor Reza Naji və aktrisa Kəmalə Piriyeva çəkilmişlər. Film 7 martdan etibarən kinoteatrlarda nümayiş ediləcək. Əgər siz də zamanın burulğanında səyahət etmək istəyirsinizsə istirahət günlərinizi "Qız Qalası" macərasını yaşayaraq keçirin!

Xəbərlər