Orta əsr şəhər və qalalarında olduğu kimi ehtiyat üçün  tikilmiş yeraltı gizli yollara Bakıda da rast gəlmək olur. Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini asanlaşdırmaq üçün möhtəşəm bürclər və qala divarı boyu yeraltı yollar inşa olunmuşdur.

      İçərişəhərdə bu cür yollardan biri şimal qala divarlarının daxili hissəsində yerləşən və zamanında  döyüşçülərin  rahat hərəkəti üçün nəzərdə tutulmuş və Qoşa qala qapılarınadək uzanan yeraltı yol inşa edilmişdir. Yeraltı yol XII əsrə aid olunur.

      “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix-mədəniyyət abidələrini öyrənir, mədəni irsimizi tədqiq və təbliğ edir, onları konservasiya edərək  gələcək nəsillərə ərməğan etməklə yanaşı həmçinin bərabar olaraq  turizm sektorunu da inkişaf etdirir. Qoruq  İdarəsi mühafizə rejiminə riayət etməklə, ərazidə rekreasiya zonasını müəyyən edir, həmçinin təbii landşaftların salınması ilə əlaqədar görülən rekonstruksiya və torpaq-qazıntı işləri zamanı bu ərazidə paralel olaraq  arxeoloji xilasetmə işləri də aparır.

      Qədim Bakının tarixinin araşdırılması məqsədilə təyinatsız qalmış və tarixi tam öyrənilməmiş abidələrin aqibətini araşdırmaq üçün ərazidə xilasedici arxeoloji kəşfiyyat işləri aparılır.  Son illər ərzində İçərişəhərdə turizm infrastrukturunda  nəzərəçarpacaq  dərəcədə böyük işlər görülmüşdür.  İki əsr bundan öncə qədim Bakı  indi İçərişəhər adlandırdığımız tarixi məkan hal-hazırda müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq İdarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər konservasiya edilərək, yeni görkəmdə məhz turizm məqsədləri üçün istifadə edilir. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi-memarlıq abidələrini qeyd etmək olar.