Böyük mаrаğа səbəb оlаn аbidələrdən biri də Qız qalasının qarşısında aşkar olunmuş sоn оrtа əsrlərə аid tikinti qalıqlarıdır. 1815-ci ildə Qız Qalasının yaxınlığında Müqəddəs Varfolomeyin xatirəsinə sövmə (çasovnya) inşa edilmişdir. Həmin kilsənin qalıqları bu günə qədər qorunub saxlanılır. Rəvayətə görə, xristianlığı IV əsrdə bu ərazilərə məhz İsa Peyğəmbərin əshabələrindən biri olan müqəddəs Varfolomey gətirmişdir. Buradan qazıntılar zamanı orta əsrlərə aid tikinti qalıqları da aşkar edilmişdir ki, bu da Qız qalasının ətrafında vaxtı ilə sıx yaşayış məskəninin olduğundan xəbər verir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix-mədəniyyət abidələrini öyrənir, mədəni irsimizi tədqiq və təbliğ edir, onları konservasiya edərək gələcək nəsillərə ərməğan etməklə yanaşı həmçinin bərabar olaraq turizm sektorunu da inkişaf etdirir. Qoruq İdarəsi mühafizə rejiminə riayət etməklə, ərazidə rekreasiya zonasını müəyyən edir, həmçinin təbii landşaftların salınması ilə əlaqədar görülən rekonstruksiya və torpaq-qazıntı işləri zamanı bu ərazidə paralel olaraq arxeoloji xilasetmə işləri də aparır.
Qədim Bakının tarixinin araşdırılması məqsədilə təyinatsız qalmış və tarixi tam öyrənilməmiş abidələrin aqibətini araşdırmaq üçün ərazidə xilasedici arxeoloji kəşfiyyat işləri aparılır. Son illər ərzində İçərişəhərdə turizm infrastrukturunda nəzərəçarpacaq dərəcədə böyük işlər görülmüşdür. İki əsr bundan öncə qədim Bakı indi İçərişəhər adlandırdığımız tarixi məkan hal-hazırda müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq İdarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər konservasiya edilərək, yeni görkəmdə məhz turizm məqsədləri üçün istifadə edilir. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi-memarlıq abidələrini qeyd etmək olar.