Muzeylər
“Qız Qalası” ekspozisiyası
Qalada yenidən bərpa və konservasiya işləri aparılmış və 2014-cü ildə beynəlxalq standartlara cavab verən muzey ekspozisiyası fəaliyyətə başlamışdır. Burada qalanın tarixi, daxili strukturu, təyinat funksiyası ilə bağlı fərziyyələr, abidəyə dair yaranmış əfsanələr müasir texnologiyalar vasitəsi ilə canlı və maraqlı bir tərzdə təqdim edilir. Bu kompozisiyanı izləyən seyrçi əvvəl oda, günəşə sitayiş edən zərdüştlərə, qalanın müdafiə funksiyasına dair informasiyalarla tanış olur, daha sonra münəccim kimi göy cisimlərinə baxaraq, qalanın ən üst qatına çıxır. Bu qədim məkanın yüksəkliyindən müasir Bakının gözoxşayan panoraması müşahidə edilir.
“Şirvanşahlar Sarayı” muzeyi
Saray yaşayış binasında ilkin təyinata uyğun ekspozisiyalar təqdim edilir. Ekspozisiyalarda zəngin muzey eksponatları ilə yanaşı, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadəedilmişdir. Sarayın yaşayış binasında taxt-tac zalının tərtibatı, burada nümayiş etdirilən eksponatlar, Şirvanşahların taxtının həcmli animasiyalı modeli orta əsr saray ab-havasını, interyer elementlərini təsəvvür etməyə imkan yaradır. Ekspozisiyada saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı bölmələr də vardır. Binanın aşağı mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə istehkamı olan “Bayıl Qəsri” adlı geniş ekspozisiya da təqdim edilir.
“Azərbaycanın pul vahidləri” ekspozisiyası
Ekspozisiya XV əsrin tarixi-memarlıq abidəsi olan “Qazi Fədlallah” məscidində sərgilənir. Ölkənin ilk numizmatik ekspozisiyasında nümayiş etdirilən sikkələr e. ə III əsrdən başlayaraq, b. e. XIX əsrinin I yarısına qədər olan tarixi dövrü əhatə edir. Sərgidə pulun yaranma tarixi, təkmilləşdirilmə mərhələləri, müxtəlif zamanlarda pulun cəmiyyətdəki rolu haqqında mükəmməl təsəvvür yaradılır. Burada Azərbaycan ərazisindən tapılmış qədim tarixə malik dövlətlərin Roma, Parfiya, Yunanıstan, Prussiya, İngiltərə, Rusiya, Ərəb xilafəti, Monqol və başqa ölkələrin pul vahidləri nümayiş olunur.
“Müqəddəs əmanətlər”ekspozisiyası
Bu ekspozisiya XIX əsrin axırlarında inşa edilmiş “Bəylər” məscidində yerləşir. Ekspozisiyada islam dininin müqəddəs əmanəti olan Quran-i Kərim nümunələri, müxtəlif dövrlərin qədim kitabları, eləcə də ibadətlə bağlı bəzi tətbiqi-sənət nümunələri nümayiş etdirilir.
“Bədii daş oyma sənəti nümunələri”ekspozisiyası
Ekspozisiya İçəri şəhərdə açıq səma altında yerləşən “Sıratağlı dini - memarlıq kompleksi”ndə nümayiş edilir. Ekspozisiyada dəfn mərasimləri, qəbirüstü yazı və simvollar, eləcə də Azərbaycanda mövcud olmuş sənduqə, qoç və at fiquru formasında olan məzar daşları haqqında məlumat verilir.
“Miniatür kitab” muzeyi
Bu muzey dünyada ilk dəfə İçəri şəhər ərazisində açılmış və “Ginnesin Dünya rekordları kitabı”na daxil edilmişdir. Ekspozisiyada dünyanın 67 ölkəsində nəşr edilmiş kiçik ölçülü 7500 ədəd, həmçinin ölçüsü 0,75 x 0,75 mm olan, 22 səhifəlik ən kiçik mikro kitab da nümayiş edilir.
Arxeologiya və Etnoqrafiya institutunun “Arxeoloji Muzey sərgisi"
Muzey XIX əsrin tarixi abidəsi olan “Zəncirli mülk”ün I mərtəbəsində yerləşir. 1981-ci ildə yaradılmış muzeydə yenilənmiş ekspozisiya fəaliyyət göstərir. Burada Azərbaycanın qədim daş dövründən son orta əsrlərədək tarixin bütün mərhələlərini əks etdirən arxeoloji tapıntılar nümayiş etdirilir. Muzeydəki eksponatlar Azərbaycan ərazisindəki qədim dövlətlərin tarixini və maddi-mədəniyyətini, ibtidai insan məskənlərinə dair informasiyasını əks etdirir. Muzeydə Azərbaycanın qədim dövr incəsənəti, ulu əcdadlarımızın həyat tərzi və mənəvi mədəniyyəti haqqında dolğun təsəvvür yaranır.
Binanın II mərtəbəsində isə Etnoqrafik sərgi salonu yerləşir. Burada Bakı tarixi və etnoqrafiyasına dair müxtəlif mövzuda sərgilər təşkil olunur.
İçəri şəhərin Memorial Muzeyləri --
Bu qədim şəhərdə keçmişimizdən xəbər verən tarixi abidələrlə yanaşı, müasir zamanımızda yaşayan dünya şöhrətli şəxsiyyətlərin muzeyləri də fəaliyyət göstərir. Bu şəxsiyyətlər fitri istedad və xarizmatik keyfiyyətləri ilə ürəkləri fəth edir, ölkələr, xalqlar arasında körpü olurlar. Onlar milli ənənələrimizi, mənəviyyatımızı ifadə etməklə nəsillərdən nəsillərə ötürür və yeni tarix yaradırlar.
Vaqif Mustafazadənin ev muzeyi
1989-cu ildə pianoçu, bəstəkar, Azərbaycan caz-muğamının banisi Vaqif Mustafazadənin yaşamış olduğu ünvanda onun ev muzeyi yaradılmışdır. Bəstəkarın yaradıcılığı milli musiqimizə yeni bir janr gətirmişdir. Mənzil-muzeyi 3 otaqdan ibarətdir. Muzeydə V. Mustafazadənin həyat və yaradıcılığından bəhs edən eksponatlar və rekvizitlər nümayiş etdirilir. Vaqif Mustafazadə bizə özündən sonra 1300 əsər yadigar qoymuşdur. Mustafazadə soyadını onun davamçıları – iki istedadlı qızı: Əzizə və pianoçu Lalə hazırda dünya caz aləmində məharətlə yaşadırlar.
Tahir Salahovun ev muzey
Dünya şöhrətli rəssam Tahir Salahovun ev muzeyi 2011-ci ildən fəaliyyətdədir. Rəssamın 60-cı illərin müasirlərinin, başqa sözlə sənətdə öz sözünü demiş insanların: – Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Mstislav Rastropoviç və başqalarının obrazını əks etdirən portretləri bu muzeydə sərgilənir. Bundan başqa,Tahir Salahovun xeyli sayda qrafika, boyaqkarlıq, natyurmort, kompozisiya, eləcə də digər janrlarda yaratdığı məşhur əsərləri vardır. Muzeydə 735 eksponat nümayiş edilir.
Kamil Əliyevin ev muzeyi
Dünyada portret xalçalarının ən mükəmməl nümunələrini yaratmış xalçaçı - rəssam Kamil Əliyevin ev muzeyi 2007-ci ildən fəaliyyətə başlamışdır. Bu muzeydə Azərbaycan xalq sənətinin zirvəsi olan xalçaçılığın gözəl nümunələri ilə tanış olarkən, şübhəsiz ki, qədim el sənətimizin ustadı Kamil Əliyev haqqında daha ətraflı məlumat ala bilirlər. Burada rəssamın, həmçinin yarımçıq qalmış işlərini də görmək mümkündür. Kamil Əliyevin əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilir. Muzeydə ustad xalçaçının127 müəllif xalçası sərgilənir.