21 may 2009-cu il SƏRƏNCAM № 05 Binaların fasadlarından peyk antennalarının demontaj edilməsi haqqında
Bakı şəhərində, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində son dövrlərdə aparılan abadlıq və təmir işləri, tarixi binaların fasadlarının təmizlənməsi, park və meydanların müasir üslubda yenidən qurulması paytaxtımızın ümumi görkəminin gözəlləşməsinə xidmət edir. Buna baxmayaraq bir çox binalarının fasadları üzərində hələ də elektrik naqillərin, kondisionerlərin, peyk antennalarının və s. qeyri-estetik görsənən konstruksiyaların mövcudluğu həmin binaların xarici görkəminə xələl gətirir, ilkin görünüşünü təhrif edir, üzərində olan orijinal ornamentlərin və dekorativ elementlərin bağlanmasına gətirib çıxarır.
Bina fasadlarının memarlıq-estetik görünüşü ilə bağlı vahid yanaşmanı təmin etmək məqsədi ilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 8.1, 8.7, 9.6 və 14.5-ci bəndlərini rəhbər tutaraq:
1. İçərişəhərin ərazisindəki binaların fasadlarında, o cümlədən balkonlarda quraşdırılmış peyk antennaları bir ay ərzində onların sahibləri tərəfindən demontaj edilsin.
2. Mənzil-kommunal və təmir xidmətinin direktoru E.Musayevə tapşırılsın ki:
2.1. Binaların fasadlarında peyk antennaları olan İçərişəhər sakinlərinin və qeyri-yaşayış sahələrinin sahiblərinin 5 gün müddətində bu Sərəncamla tanış olmasını təmin etsin;
2.2. Sakinlər və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri (istifadəçiləri) tərəfindən bu Sərəncamın 1-ci bəndində göstərilən tələbə əməl edilmədiyi təqdirdə peyk antennalarının daxili imkanlar hesabına sökülməsini və aktlaşdıraraq sahiblərinə təhvil verilməsini təmin etsin;
2.3. Hər bir söküntü işinə çəkilən xərclər kalkulyasiya edilərək peyk antennalarının sahiblərindən tutulsun;
2.4. Əraziyə gündəlik nəzarəti təmin etməklə, bina fasadlarında hər hansı yeni konstruksiyalarının quraşdırılması hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görsün.
3. Sərəncamın icrasına nəzarət Strateji inkişaf və tənzimləmə şöbəsinin müdiri S.Nuriyevə həvalə olunsun.
Rəis
Mikayıl Cabbarov