Hamamlar

Hamamlar

Azərbaycan memarlığında ictimai tikili olan hamamlar bütün tarixi dövrlərdə mühüm əhəmiyyət kəsb etmişdir. Hamamlar tarixən xalqımızın həm cismani, həm də ruhən təmizliyə olan ehtiyacının təmin edildiyi bir məkan olmuşdur. Onlar orta əsr şəhər memarlığının əsas tikililərindən sayılır, saray və dini komplekslərin ərazisində, şəhərin giriş qapıları yaxınlığında mütləq şəkildə tikilərdi. İçərişəhər ərazisində orta əsrlərin Şərq memarlığında özünəməxsusluğu ilə seçilən bir neçə hamam tikilisi vardır. Bu hamamlar bütün şərq hamamlarının səciyyəvi xüsusiyyətlərini özündə daşıyır. Yarı yerin altında, yarı yerin üstündə inşa edidiyinə görə hamamlar, qışda istiliyi, yayda isə sərinliyi təmin edə bilirdi. Hamamlar sanitariya-gigiyena funksiyalarından savayı, eyni zamanda istirahət yerləri də olmuşlar. Hamamda “Xəznə” adlanan soyuq və isti su anbarı yuyunma otaqlarına bitişikdir. Su “külxana” adlı xüsusi otaqlarda qızdırılarmış. İsti su istifadə edildikcə, soyuq su ovdandan öz axarı ilə bura daxil olurdu. Külxanadan ayrılaraq döşəmənin altındakı xüsusi kanallar vasitəsi ilə dolanan isti buxar otaqları qızdırar, divarlardan birində quraşdırılmış baca ilə çölə çıxarmış. Divarlar boyu çəkilmiş saxsı borulardan keçən isti su isə, otaqlara paylanmaqla bərabər, həm də hamamın divarlarını qızdırarmış. Hamamlara su ovdandan ‒ yeraltı su anbarından kəhriz su sistemi vasitəsi ilə daxil olurdu. Kəhriz orta əsrlərdə qrunt sularını ovdanlarda toplamaq və yer səthinə çıxarmaq üçün yaradılmış yeraltı bir qurğu olmuşdur.
Hamamlarda milli toy adətlərindən olan “xınayaxdı”, “bəy hamamı” kimi əyləncəli-musiqili məclislərin keçirilməsi ənənəsi bu gün də qalmaqdadır. Xanımlar hamama xüsusi hazırlıqdan sonra gedərdilər. Zəngin xanımlar zinət əşyalarının saxlanılması üçün kiçik, lakin çox nəfis bəzədilmiş, ağzı qıfılla bağlanan “hamam sandığı”ndan istifadə edərdilər.

•Saray hamamı
Ünvan: Qəsr döngəsi, 76
XX əsrin I rübündə Saray hamamının, yalnız günbəzlərinin qalıqları torpaq altından görünməkdə idi. Saray hamamı hicri təqvimi ilə 842-ci ildə (miladi təqvimlə 1438-ci il) Şirvanşah I Xəlilullahın Qaraqoyunlu İsgəndərlə müharibəsi zamanı Bakını idarə etmiş qardaşı Qəzənfər tərəfindən inşa edilmişdir. Şah ailəsinə mənsub olmuş bu hamam 1939-cu ildə təsadüfən aşkar edilmişdir. 1874-cü ildə sarayı görmüş rus hərbçi və yazıçısı P. Oqorodnikov səyahət oçerkində hamamın divarlarının ornament və yazılarla örtüldüyünü, günbəzlərində isə kiçik dairəvi şüşələrin olduğunu qeyd edirdi. 1734-cü ildə Bakıda olmuş alman alimi İohann Lerx də hamamın həm daxildən, həm də xaricdən gözəl bəzədildiyini vurğulayırdı. Təəssüf ki, torpağın altında qalmaqla şəbəkə təşkil edən ornament və yazılar tamamilə məhv olmuşlar. Təkcə sağ küncdəki otaqda kaşı bəzəklərinin fraqmentləri qalmışdır. Bakı hamamlarının su və havasının qızdırılması üçün neft qətranından istifadə edilərmiş.

•Ağа Mikаyıl hаmаmı
Ünvan: Kiçik Qala küçəsi, 16
İçərişəhərin tarixi-memarlıq abidəsi olan Ağa Mikayıl hamamı XVIII əsrdə əslən Şamaxıdan olan Hacı Mikayıl Ağa adlı zəngin bir şəxs tərəfindən tikdirilmişdir. Otаqlаrın dахili quruluşu öz gеnişliyi ilə digər hamamlardan fərqlənir. Sоyunmа və yuyunmа оtаqlаrı digər hamamlardan fərqli olaraq kvаdrаt fоrmаlıdır. Hamam çox gözəl kоmpоzisiyа quruluşuna malikdir. Kənar otаqlаr mərkəzi zala dörd sütun vasitəsilə birləşir. Hamam bu gün də fəaliyyət göstərməkdədir.

•Аğа Zеynаl hаmаmı
Ünvan: Səftər Quliyev küçəsi, 5
Hаmаm ХIХ əsrin II yаrısındа tacir Hacı Аğа Zеynаl Ramazanovun sifаrişi ilə öz mülkünün yaxınlığında, digər hamamlara uyğun şəkildə inşa edilmişdir. Bu şəxs Bakı milyonçusu Hacı Məmmədkərim Ramazanovun babası olmuşdur. Hacı Ağa Zeynalın nəslinin nümayəndələri bu gün də İçərişəhərdə yaşayır. Аğа Zеynаl hаmаmı indi də fəaliyyət göstərməkdədir.

•Hаcı Qаyıb (Hacı Bani) hаmаmı
Ünvan: Asəf Zeynallı küçəsi, 67
Qız qalasının yaxınlığında yerləşən Hаcı Qаyıb hаmаmı ХV əsrin sоnlаrındа Hacı Qayıb adlı şəxsin sifarişi ilə tikilmişdir. Abidənin memarı isə Hacı Bani olmuşdur. Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə təsadüfən aşkar edilmişdir.

•Qasım bəy hamamı
Ünvan:Vəli Məmmədov küçəsi, 4
Hamam XV əsrdə Şirvanşah Xəlilullahın dövründə İçərişəhərin Salyan qapıları yaxınlığında inşa edilmişdir. Bu abidə digər şərq hamamları kimi, temperatur rejimini saxlamaqdan ötrü yarı yerin altında, yarı yeri üstündə tikilmişdir. Elə bu səbəbdən də hamam uzun dövr ərzində torpağın altında qalmışdır. Sovetlərin ilk dövrlərində ‒ 20-ci illərdə abidə torpağın altından çıxarılsa da, ondan yaşayış məkanı kimi istifadə edilmişdir. Qasım bəy hamamının digər bir adı da var ‒ Şirin hamam.

•Qoşa qala qapıları yanındakı hаmаm
2016-cı ildə Qoşa qala qapısı yaxınlığında aparılmış arxeoloji qazıntı işləri zamanı son orta əsrlərə aid edilən hamam tikilisinin qalıqları aşkar edilmişdir. Orta əsrlərdə Bakıda sanitariya və gigiyena qaydalarına ciddi şəkildə əməl edilirdi. Bu səbəbdən qədim İpək yolu ilə şəhərə gələn tacirlər gömrüyü keçib hamama göndərilər, yalnız təmizləndikdən sonra onlara şəhərə daxil olmağa icazə verilərdi. 1806-cı ildə Bakının ruslar tərəfindən işğalından sonra hamamın fəaliyyəti dayandırılmış, günbəzləri sökülərək, otaqları təsərrüfat tullantıları və torpaqla doldurulmuş, ərazisində hərbi komendatura yerləşdirilmişdir. Hamam tikilmə texnikasına, memarlıq elementlərinə, Hacı Bani (XV əsr) hamamı ilə oxşarlıq təşkil etdiyinə görə, XVII əsrin əvvəllərinə aid edilir.

Xəbərlər