Müdafiə tikililəri

Müdafiə tikililəri

Qala divarı və qapılar

Qədim Bakı Şirvanşahlar dövlətinin strateji əhəmiyyət daşıyan ən mühüm şəhərlərindən biri idi və onu qorumaq vacib dövlət işi idi. Bu məqsədlə XII əsrdə liman şəhəri Bakıda Şirvanşah III Mənuçöhr tərəfindən möhkəm müdafiə sistemi tikilmişdi. Bunu şimal bürclərinin birində aşkar edilmiş sal daşın epiqrafik yazısı təsdiq edir. Vaxtilə Bakı şəhəri qurudan ikiqat, dəniz tərəfdən isə tək divarla əhatə olunmuşdu. Divarlar dənizin içərisinədək davam edərək sakit bir körfəz yaradırdı. Strateji baxımdan xarici qala divarı daxili qala divarından bir qədər alçaq idi. Divarın bu kimi quruluşu sayəsində düşmən yaxınlaşarkən, onu ox atəşinə tutmaq mümkün olurdu. Orta əsr müdafiə sisteminə xas olan hündür səki, əsgər yolu ox atanlar üçün nəzərdə tutulmuşdu. Qala divarının altından yeraltı yol keçirdi. Möhkəm müdafiəni təmin etmək üçün qala divarları boyunca dərin xəndək qazılmışdı. Düşmən yaxınlaşarkan, kəhriz su sistemi vasitəsi ilə xəndək su ilə doldurular, xüsusi qurğularla neft suyun səthinə axıdılardı. Lazımı anda neft yandırılar, qalanın önündə bir yanar pərdə yaranardı. Xəndəyi keçmək və şəhərə daxil olmaq üçün iki körpü vardı. Onlardan biri Şamaxı darvazasının, digəri isə Salyan darvazasının qarşısında idi. Gecələr darvazalar bağlanar, körpülər qaldırılar və şəhər yuxuya qərq olardı. Bakıya gəlmiş türk səyyahı Ö.Çələbi “Səyahətnamə”sində əzəmətli və möhkəm olan qalada 70-ə qədər qalaçanın və dördbucaqlı qalanın olduğunu qeyd etmişdi. Qalanın hündürlüyü relyefin səthindən asılı olaraq, 10-16 m arasında dəyişir. Bakı qalasının beş darvazası olmuşdur. Onlardan ikisi quruya, üçü isə dəniz tərəfə açılırdı. Şamaxı darvazasının üzərində Şirvanşahlar dövlətinin rəmzi olan şirlərin təsviri bir güc rəmzi kimi qapının üzərində həkk edilmişdi. XIX əsrin əvvəllərindən, yəni rusların Bakını ələ keçirməsindən sonra qala divarlarında əsaslı dəyişikliklər aparılmağa başlamışdır. 1867-ci ildə İçərişəhərin dəniz tərəfdən olan qala divarları sökülmüş və 1868-ci ildə Bakı qalası hərbi komendantlığın sərəncamından çıxarılaraq mülki idarəçiliyə verilmişdi. Bakı komendantı R.Xovenin sərəncamı ilə qala divarları boyunca olan xəndəklərin doldurulması üçün limana gələn gəmilərin hərəsindən 1 kub metr torpağın gətirilməsi tələb edilmişdi. Həmin dövrdə qala divarının bayırında Bakının ilk bağı salınmışdı. 1884-cü ildə Bakı Dumasının qərarı ilə xarici qala divarları sökülmüş və orada yerləşən Şah Abbas darvazası 1886-cı ildə daxili qala divarındakı Şamaxı darvazasının yanında olduğu kimi yenidən tikilmişdi. Beləliklə, “qoşa qala qapısı” ifadəsi yaranmışdı. Neft sənayesinin inkişafı buraya işçi qüvvəsinin axınını, eləcə də şəhərin genişlənməsini sürətləndirmişdi. Qala divarından kənarda Bakı milyonçularının binaları tikilir, Bayır şəhər salınırdı. “İçərişəhər”, ”Bayir şəhər” ifadələri də belə meydana gəlmişdi. İçərişəhərin Bayır şəhərlə əlaqəsinin asanlaşdırılması məqsədi ilə XIX əsrdə qala divarının bir neçə yerində yeni qapılar açılmışdı. Onlardan birini Qatır Zeynalabdin ləqəbli tacir açdırlmışdı. Bundan sonra tacir qaladan kənardakı dükanlarına çıxış yarada bilmişdi. Şəhər darvazaları həm müdafiə, həm də iqtisadi cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi.
Hazırda qala divarının 6 darvazası vardır:

1.1886-cı ildə rekonstruksiya edilmiş Qoşa qala qapısı.
2.1887-88-ci illərdə tacir Qatır Zeynalabdinin açdırdığı qapı.
3.1907-1908-ci illərdə milyonçu Musa Nağıyev tərəfindən oğlu İsmayılın şərəfinə tikdirdiyi İsmailiyyə sarayı yanında açılmış qapı.
4.1903-cü ildə sakinlərin xahişi ilə indiki İqtisad Universitetinin arxasında açılmış dördüncü darvaza.
5.Sonuncu qapı Salyan (cənub) darvazası adlanır və əsas qapı kimi XII əsrdə açılmışdır.

Dördbucaqlı qala (XIV əsr).

Bakı qalasının Şərq divarı yanında, xüsusən şimal tərəfdən düşmənə müqavimət göstərmək məqsədi ilə dördbucaqlı qala tikilmişdir. Bürc və yarımdairəvi qalalar müdafiə sisteminin ayrılmaz hissəsi idi. Qalanın hündürlüyü 16, divar qalınlığı 2 m-dir. Əsgərlərin sürətli hərəkəti üçün qala divarının altı boyunca davam edən yeraltı yol qoşa qala darvazasına doğru istiqamətlənmişdi. Bu yeraltı yol şəhəri şimal tərəfdən əhatə edirdi. Xalq arasında qalaya “Cəbbəxana” ‒ silah anbarı deyirdilər. Rusların Bakıya gəlişindən sonra Qalada silah anbarlarının sayı daha da artdı. Qalanın cənub divarında, küncdə su quyusu vardır ki, bu da insanların uzun müddət qala daxilində sığınacaq tapmasına yardım edirdi.

Qədim Bakının yeraltı yolları

Mənbələrdə Аzərbаycаnın оrtа əsr şəhər və qаlаlаrındа yеrаltı gizli yоllаrın mövcudluğuna dair xeyli məlumаt vardır. Onlar еhtiyаtdan tiкilirdi. Yeraltı gizli yollardan düşmən mühasirəsi zamanı su, ərzaq, silah əldə etmək, çox təhlükəli durumlarda isə, son nəfəsdə xilas olmaq məqsədilə istifadə edilirdi. Bеlə gizli yоllаr bəzi оrtа əsr qаlаlаrındа sоn vахtlаrа qədər qаlmışdır. Torpağın altı xəlvəti yer olduğu üçün hələ qədimlərdən insanlar adətən var-dövlətlərini, gizli əşya və sərvətlərini, hətta dövlət xəzinələrini belə başqalarının əlinə keçməsin deyə, yer altında gizlədirdilər. Təsadüfi deyildir ki, İçərişəhərdə aşkar edilmiş iki böyük xəzinənin biri Şirvanşahlar Sarayının ərazisində, digəri isə Karvansarada torpağın altından tapılmışdır. 3000 ədəd gümüş təngənin böyük əksəriyyətini Şirvanşahlar dövlətinin zərb etdirdiyi sikkələr təşkil edirdi. Dəfinədə XV əsrdən XVI əsrin I yarısınadək hökmranlıq etmiş bütün Şirvanşahların sikkələri aşkarlanmışdır.
Qədim Bакıdа yеrаltı gizli yоllаrın vаrlığı hаqqındа yеrli əhаli və Bакının qоcаmаn sакinlərinin də maraqlı məlumаtlаrı vаrdır. Bu məlumatlar aparılmış arxeoloji qazıntılarla artıq öz təsdiqini tapmışdır. 1924-cü ildə Qız Qalasının yaxınlığındakı qazıntılar nəticəsində şəhərin şimalına, Şirvanşahlar Sarayına doğru istiqamətlənən yeraltı gizli yol aşkarlanmışdır. Bunula da, yaşlı sakinlərin Qız qalasından Şirvanşahlar Sarayına tərəf gizli yeraltı yolun mövcudluğuna dair məlumatları təsdiqlənmişdir. Bеlə yоllаrdаn bir neçəsi Şirvаnşаhlаr Sаrаyı ərazisində də mövcuddur. Beynəlxalq İntergeo-Tetis şirkətinin tədqiqatları nəticəsində Şirvanşahlar Sarayının təkcə yaşayış binasının altından səkkiz istiqamətə şaxələnən yeraltı qalereyanın mövcudluğu aşkarlanmışdır. Bu qalereyalar 3 metrdən 9 metrəyə qədər dərinlikdədir. Şəhər düşmən əlinə кеçdiyi zаmаn şаh, əyаnlаr və mühаfizəçilər yеrаltı yоllа müdаfiə mövqеyinə çəкilirdilər.
Yeraltı yollar orta əsr şəhər infrastrukturunun əsas tərkib hissəsi idi. İçərişəhərdə şimal qala divarlarının daxili hissəsindəki yeraltı gizli yol əsgərlərin rahat hərəkəti üçün nəzərdə tutulmuşdu. Məhz bu məqsədlə qalanın müdafiə divarlarının bütün perimetri boyu uzanan yeraltı yol inşa edilmişdi. Arxeoloji qazıntılar zamanı bu yeraltı yolun bir neçə istiqamətdə paylandığı aşkar edilmişdir. Yol xəttinin XIV əsrin abidəsi olan “Multanı” karvansarasının altından keçərək, Qız qalasına doğru getməsi çox maraqlıdır. Digər tərəfdən 1861-ci ildə hərbçi və yazıçı İ.R.Xoven Qız qalasının önündəki enli küçə ilə faytonda gedərkən, təkərlərin hərəkəti ilə yerin altından uğultuya bənzər səslər eşitdiyini, sanki torpağın altında bir boşluq olduğunu yazmışdı. Bu yeraltı yol qərb və şərq tərəfdən qala divarı bürclərindən biri olan, 1436-cı ildə Şirvanşah I Xəlilullahın kiçik qardaşı, Bakı hakimi Qəzənfərin inşa etdirdiyi Dördbucaqlı Qala-bürcdə (Donjon və ya Cəbbəxana) birləşirdi. İçərişəhər metro stansiyasının arxasındakı yeraltı tikilidən Qoşa qala qapılarınadək uzanan yeraltı yol da məhz bu bürcə birləşir. Qala-bürcün belə yerləşməsi əsgərlərin silah və sursat əldə etmələri üçün yeraltı yolla cəbbəxanaya rahat daxil olub çıxa bilmələri məqsədini daşıyırdı.
Yeraltı yollar həm strateji, həm də memarlıq baxımından hələ də öz əhəmiyyətini qoruyub saxlayır. Qala divarı boyunca uzanan yeraltı yol bəzi yerlərdə İçərişəhərə giriş qapıları açılması ilə əlaqədar, müxtəlif illərdə bağlanmışdır. Bu yeraltı tikilinin içərisində yerləşən bir neçə otaqdan ibarət su anbarı ‒ ovdan da hal-hazırda qalmaqdadır.
Alman səyyahı E.Kempferin 1684-cü ildə çəkdiyi Bakının ilk qrafik təsvirində, 1796-cı ildə hidroqraf mühəndis-polkovnik K. X. Truzsonun tərtib etdiyi Bakının xəritəsində, 1858-cı ildə rus hidroqrafı, kapitan-leytenant A.F Ulskinin işlədiyi xəritədə, rus memarı İ.P.Şeblıkinin 1941-ci ildə çəkdiyi “Bakı XII əsrdə” adlı qrafik rəsmdə qədim Bakının yeraltı yollarına dair cüzi də olsa informasiya vardır. Qalanı Şirvanşahlar Sarayı və ya Qız qalası ilə birləşdirən yeraltı yollar barədəki ehtimallara əsasən, yəqin ki, bu tikili hökmdar ailəsinin, onun yaxın çevrəsinin təhlükəsizliyinə də xidmət edirmiş. Ümumiyyətlə, qədim şəhərdə aşkar edilmiş yeraltı gizli yollar bir-biri ilə kəsişərək qalereyaları, əsl labirinti əmələ gətirir.

Bayıl qəsri və onun friz fraqmentləri

Şirvanşahlar Sarayının Yaşayış binasının əvvəllər ziyarətçilər üçün qapalı olmuş I mərtəbəsində Azərbaycanın orta əsr müdafiə istehkamlarının ən möhtəşəmlərindən biri olmuş “Bayıl” qəsrinə dair ekspozisiya düzənlənmişdir. Qəsrin, üzərində yazı və təsvirləri olan friz fraqmentləri ekspozisiyanın davamı kimi, kompleksin bütün orta həyəti boyu sərgilənir. Onlar Saray kompleksinə daxil olan hansısa abidənin qalıqları deyil, lakin Şirvanşahlarla birbaşa əlaqələri vardır. Bütün bu friz fraqmentləri Bakı buxtasından, suyun altından çıxarılmışdır. Bakı buxtasında, XIX yüzilliyin ölçmələrinə görə, sahildən təxminən 300 sajen -- 640 metr aralı kiçik bir ada vardır. Orta əsrlərdə bu ada üzərində kifayət qədər böyük bir tikili inşa edilmişdir. Tarixçilərin yazılı şəhadətlərinə görə, 1306-cı ildə dənizdə baş vermiş çox güclü zəlzələ Xəzərin bütün cənubunu təlatümə gətirmişdir. Suyun səviyyəsi qəflətən yuxarı qalxdığı üçün, ada və onun üzərindəki qəsr suyun altında qalmışdır. Yalnız XVIII yüzilliyin birinci rübündən etibarən dəniz suyu səviyyəsinin aşağı düşməsi nəticəsində ilk dəfə 1723-cü ildə suyun altından qəsrin qüllələri görünməyə başlamışdır. Abidənin sənədlərdə daha erkən qeydə alınması faktı 1723-cü ildə hazırlanmış “Bakı şəhərinin şərti işarələrlə işlənmiş planı”na aiddir. Plan rus hərbi mühəndisləri tərəfindən çəkilmişdi. O vaxt Bayıl Qəsri suyun altından o qədər üzə çıxmışdı ki, həmin planda “Qədim qəsr” kimi qeyd edilmiş tikilinin suyun üzündə görünən qüllələrinin hündürlüyü 3 futa, yəni təxminən 1 metrəyə çatırdı. F.İ.Soymonov “Kaspi dənizinin təsviri...” adlı əsərində qeyd edirdi ki, Bakı körfəzinin dərinliyi 4, 5 və 6 sajın, torpağı isə bir qədər lilli və yumşaqdır. XVIII əsrdə tərtib edilmiş bu əsərə görə, şəhərdən cənuba doğru 1 kilometr aralı suyun altında daş hasar görünür, onun bəzi qüllələri suyun üzünə çıxmışdır. Müəllif əsərində qeyd edirdi ki, həmin hasarın suyun altında olan dərinliyi 3 və 3,5 sajın, yəni müasir uzunluq ölçüsü ilə 7,4 metr təşkil edirdi. Dəniz suyu səviyyəsinin aşağı düşməsi prosesi XX yüzilliyin əvvəllərinə qədər davam etmişdir.
Bakı buxtasındakı bu abidənin öyrənilməsinə həsr edilmiş bir çox ədəbiyyatlar yazılmışdır. A.İ.Mixalevski “Развалины каравансарая в Бакинской бухте” adlı məqaləsində qeyd edirdi ki, hidroqraf Mixaylov 1807-ci ildə Bakı buxtasının xəritəsini çəkmiş və onun təsvirini vermişdir: “9 hissədən ibarət olan qədim tikili görünüşünə görə dağılmış qüllələrə bənzəyir, onlar arasındakı məsafə 6-12 futdur”, --yəni 180-360 sm-ədəkdir. Şelkunov adlı müəllif 1850-1852-ci illərdə “Dağılmış Karvansara”nın sxematik ölçülərini, Spaski-Avtonomov topoqraf Yakovlevin qəsrin 1852-ci il sxemini dərc etdirmişdir. N.Filipov 1854 və 1879-cu il cizgilərini, A.Voznesenski, eləcə də A.Mixaylevski ayrı-ayrılıqda abidənin 1925-ci ildə, hidroqraf Terexov isə 1927-ci ildə sxemlərini tərtib etmişlər. Abidənin öyrənilməisi ilə bağlı İ.Cəfərzadənin, E.Paxomovun, İ.Şeblıkinin və digərlərinin əsərləri dərc edilmişdir. Qəsrin ölçmə işləri və öyrənilməsi sonradan bir qrup memar: L.Bretanitski, S.Datiyev, Q.Yelkin, L.Mamikonov tərəfindən yerinə yetirilmiş, abidəyə dair mülahizələri əks etdirilmiş əsərləri işıq üzü görmüşdür. Görkəmli tarixçi alim Sara xanım Aşurbəyli də qəsrə dair öz fikirlərini irəli sürmüşdür.
Səbayıl qəsrində arxeoloqlardan İ.Cəfərzadə, Ö.İsmizadə, H.Ciddi qazıntı işi aparmışlar. Buxtadakı bu tikilinin tədqiqatı göstərmişdir ki, bu, dəniz müdafiə qalası imiş.
İlk dəfə Səbayıl kitabələri suyun altından hələ XIX əsrdə, dəqiq desək 1861-ci ildə qaldırılmışdır. Bunu İ.Xovenin yol qeydlərindəki (İllüstrasiya jurnalı, 1861-ci il), eləcə də E.Q.Veydenbaumun 1888-ci ildə Tiflisdə nəşr edilmiş “Путеводитель по Кафказу” adlı kitabındakı faktlar, həm də beş müəllifin: L.S.Bretanitski, S.İ.Datiyev, T.A.Yelkin, L.Q.Mamikonov və D.A.Motisin “Укрепление в Бакинской бухте” məqaləsindəki informasiya da təsdiqləyir. Sonuncu əsərdə Xəzər dənizinin ölçmə və plana alma üzrə ekspedisiyasının rəisi A.İvaşintsevin suyun altından çıxarılmış 4 yazılı daşın fotosunu 1861-ci ildə Peterburq Arxeoloji cəmiyyətinə göndərməsi qeyd edilmişdir.
Artıq XX əsrin 30-cu illərində yerli camaat sakit havalarda suyun altında üzəri yazılı daş kitabələr görürdü. Belə vəziyyət Azərbaycan Respublikası Elmlər Akademiyasının Tarix İnstitutuna imkan vermişdir ki, müəyyən fasilələrlə 30 il müddətində -- 1939-cu ildən 1969-cu ilə qədər suyun altında arxeolojı tədqiqat işləri aparsın. Məlum olmuşdur ki, uzun əsrlər suyun altında qaldığından qəsr dağılmış, onun təkcə özülləri və epiqrafik abidələri – yazılı friz fraqmentləri qalmışdır. Onların hündürlüyü 70, eni 25-50, qalınlığı isə 12-15 sm-dir. Tədqiqat nəticəsində suyun altından 699 ədəd epiqrafik abidə tapılmışdır. On beş yarım dairəvi bürclə əhatə edilmiş qəsr, şimali-cənub istiqamətində uzanan qeyri-düzgün formalı düzbucaqlı şəklindədir. Onun uzunluğu 180 m, eni isə 40 m-dir. Qəsrin künc tərəflərindəki 4 silindrik formalı yarımbürcün 3-nün içərisində otaqlar olmuşdur. Dördüncünün içərisi mühafizə olunduğu səviyyədə büs-bütün massivdən ibarətmiş. Künclərdəki bu dörd böyük qüllədən savayı, divarlar boyu daha 11 qüllə vardır. Onlardan biri istisna edilməklə, hamısının içi büs-bütün massivdən ibarətdir. Qüllələrin diametrinin kiçikliyi onların hər birində bir və ya iki oxatanın yerləşməsinə imkan verirdi. Belə vəziyyətdə bir və ya iki istiqamətdə ox atmaq olardı. Müdafiənin gücləndirilməsi üçün mazğal sıraları və ya divarların yuxarısında dişli çıxıntılar – merlonlar tələb olunardı. Bu, divarlara yaxınlaşanadək düşmənə atılan oxların sıxlığının təmin edilməsi üçün idi. Çox uzun formalı plana malik olması tikilinin müdafiə qabiliyyətini pisləşdirirdi. XX əsrin 40-cı illərində divarların, yalnız 3-4 sıra hörgüsü qalmışdı. Qüllələr bir qədər daha yaxşı qorunub saxlanmışdır. XIX əsrin 40-cı illərində divarlarla birləşmiş 7-8 qüllə buxtadan aydın görünürmüş. İ.Xoven də 1861-ci ildə dənizdən 2 arşın, təxminən 1,4 m hündürlükdə 8 qüllənin göründüyünü, sakinlərin söylədiyinə görə, “Qız Qalası”ndan su altında qalmış istehkama yeraltı yolun olduğunu yazırdı. Tikilinin 2 qapısı olmuşdur. Biri cənub divarının ortasında yerləşdiyindən, iki künc bürcü ilə yaxşı qorunurdu. İkinci qapı şimal küncünün bürcü yaxınlığında yerləşirdi. Hər iki qapının keçidi demək olar ki, eyni – 1,3 m-dir. Qapı keçidlərinin ensiz olması müdafiə şəraitini yaxşılaşdırırdı.
1946-cı ildə buradakı arxeoloji qazıntılar zamanı 9 yaşayış otağının bünövrəsi aşkar edilmişdir. Onlardan ikisinin ocağı vardır. İş zamanı odda yandırılmış qara və qırmızı gil qabların parçaları tapılmışdır. Üzəri XII-XIII əsrlər üçün səciyyəvi olan şirlənmiş qabların parçalarına da rast gəlinmişdir. Mərkəzi meydandakı saxsı məmulatlar arasında müxtəlif diametrli dulus borularının qırıqları aşkar edilmişdir. Onlar yəqin ki, su kəmərləri olmuşdur. Həmin ərazidə saxsı qablardan savayı, metaldan kiçik nəlbəki də tapılmışdır. Çox ehtimal ki, o, gümüşdən hazırlanmışdır.
XIX yüzillikdə yaşamış görkəmli Azərbaycan tarixçi alimi, siyasi xadimi Abasqulu Ağa Bakıxanov Səbayıl qəsri haqqında belə yazmışdır: “Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, 4-5 yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın”.
Səbayıl qəsrinin friz fraqmentləri -- kitabələri XIV əsrin II yarısının müəllifi Arif Ərdəbilinin verdiyi məlumata əsasən, qəsrin xarici divarlarının yuxarısında, sanki bir qurşaq --kəmər kimi dövrələnmişdir. Arif Ərdəbili özünün “Fərhadnamə” əsərində yazır ki, Şirvanşah Axsitan Şamaxı rayonunda dağda alınmaz Gülüstan qalasını tikdirmişdi. O, daş divarla əhatə olunmuşdu, yuxarı hissəsində daş üzərində yonulmuş gözəl qabarıq təsvirlər vardı. Daha sonra deyilir ki, “Bakıda da dənizə qarşı durmuş qala vardır. Bu nouşəhr qalasıdır ki, onu su basmışdır”. Ehtimallardan biri də ondan ibarətdir ki, buxtadakı su basmış qala Nouşəhr adlanırmış, başqa sözlə, yeni şəhər və belə barelyeflər ənənəyə görə, XII-XIII əsrin başlanğıcının əksər tikililərində edilirdi. Daş kitabələr üzərindəki yazılar ərəb qrafikası ilə əsasən fars dilində həkk edilmişdir. Yazılardan əlavə, daşların üzərində insan başlarının anfas barelyef təsvirlər, realist və stilizə edilmiş insan, heyvan, quş təsvirləri, mifik təsvirlər, natural ölçüdə at, şir barelyefləri, özünəməxsus zəncirvari nəbati ornamentlər vardır.
Qalanın tikilməsi vaxtının I göstəricisi divarın hörgüsündən tapılmış, XIII əsrin birinci rübündə zərb edilmiş Şirvanşah III Fəriburzun pulu olmuşdur. Alimlərimizin tədqiqatlarına əsasən, Şirvanşah III Fəriburz ibn I Quştəsb 1225-1243-cü illərdə hökmranlıq etmişdir və qalanın tikilib başa çatdırılması, yaxud da yenidən bərpa edilməsi vaxtı onun hakimiyyət illərinə düşür. Arxeoloji tədqiqatlar zamanı 63... hicri tarixli yazı parçası tapılmışdır. Nəhayət 1946-cı ildə bu tarixin təkrarı artıq tam şəkildə h. 632-ci il olduğu aşkar edilmişdir, başqa sözlə bizim eranın 1234-1235-ci ili. Nə vaxtlarsa qəsrin qala divarlarının yuxarısında ucalmış barelyeflərdəki bu tarix, yəqin ki, abidənin tikilib qurtardığı ili göstərir və ölkənin monqollar tərəfindən qəsb olunduğu vaxtla üst-üstə düşür. Şərq müəlliflərinin məlumatlarına əsasən, monqollar uzun müddət Bakını ala bilməmişdilər. Şəhər mühasirə olunarkən, qəsrin yuxarı hissəsi divar uçuran maşınlarla qismən dağıdılıbmış.
Əslən bakılı olan coğrafiyaşünas alim Əbdürrəşid Əl-Bakuvi 1403-cü ildə özünün “Kitab təlxis əl-asar və əcaib əl-məlik əl-qəhhar” adlı kitabında yazmışdır: “Şəhərin daşdan tikilmiş iki, həddindən artıq möhkəm qalası var. Onlardan birisi böyükdür və dəniz kənarında, ləpədöyəndədir. Bu həmin qaladır ki, tatarlar (monqollar) onu ala bilmədilər. İkinci qala birincisindən yuxarıdadır. Onun üst tərəfi mancanaqlarla dağıdılıb”. Yeri gəlmişkən qeyd edək ki, Əbdr-ər Rəşid ibn Saleh ibn Nuri əl Bakuvinin adı çəkilən əsərinin üzü 1614-cü ildə köçürülmüşdür, hazırda Paris Milli kitabxanasında 5299 saylı inventar kimi qorunub saxlanılır. 1789-cu ildə de Gin tərəfindən ixtisarlarla fransızcaya tərcümə edilmişdir. Əsərin digər bir nüsxəsi Azərbaycan MEA-nın Əlyazmalar İnstitutunda saxlanılır.
Şirvanşahlar dövləti tarixinin gözəl tədqiqatçısı, tarix elmləri doktoru Sara xanım Aşurbəyli yazır ki, dəniz sularının yuduğu qala haqqındakı məlumatlar görünür buxtadakı xarabalığa aiddir. Monqollar onu ala bilməmişlər, belə ki, o, dənizlə əhatə olunmuşdu, monqollarınsa donanması yox idi. Göründüyü kimi, o, şəhər mühasirəyə alınarkən, güclü surətdə dağıdılmış və o vaxtdan bərpa edilməmişdi.
Adada sonuncu arxeoloji axtarış 1969-cu ildə olmuş, 58 epiqrafik yazılı friz fraqmenti əldə edilmişdir. Hazırda suyun altında təxminən 300-ə qədər də belə daş kitabə vardır. Tarix elmləri doktoru K.İbrahimovun fikrincə, vaxtilə sudan çıxarılmış 699 ədəd friz fraqmenti abidənin bütün perimetrini əhatələyə bilməzdi. Bu fikir özü-özlüyündə epiqrafik abidələrin müəyyən qisminin hələ də suyun altında olduğunu təsdiqləyir. Əldə olan yazılı daş kitabələrin oxunmasını çətinləşdirilən məsələlərdən biri də daşların hamısının bir yerdə olmaması, eləcə də onların ardıcıl düzülməməsi, bu epiqrafik abidələrin hamısının yaxşı vəziyyətdə olmamasıdır. Dənizin dibində üzü quma sarı düşmüş daşlar yaxşı vəziyyətdə, üzü suya sarı düşənlər isə pis vəziyyətdə saxlanılmışdır. Hətta elə daşlar vardır ki, onların oxunması qeyri-mümkün olmuşdur.
Səbayıl qəsri friz fraqmentlərinin oxunmasında Azərbaycanın görkəmli epiqrafist alimi, tarix elmləri doktoru Məşədi xanım Nemətin xidmətləri böyükdür. Bundan əlavə, vaxtilə “Şirvanşahlar Sarayı” muzeyinin nəzdində kitabələrin oxunması üçün ayrıca laboratoriya təşkil etmiş mərhum Səkinə xanım Nəsirovanın da əməyi vardır. Tədqiqatlar zamanı məlum olmuşdur ki, daş friz fraqmentləri üzərindəki yazılar “bismillah” sözüylə başlanırmış: “Besmellahe əlrəhman əlrəhim haza fi emarəte mülke əlaəzzəm şiranşah vəlaəldonya vələddin...”. Həmin bu sözlər 10 daş kitabə üzərində həkk olunmuşdur. Çox maraqlıdır ki, kitabələrdə Şirvanşahların geneologiyası həkk edilmişdir. Sülalə qəsrin tikilməsini əmr etmiş Fəriburzun adı ilə başlayır: “Fəriburz bin Gərşəsb bin Fərruxzad bin Mənuçöhr bin Əfridun bin Mənuçöhr bin Fəriburz bin Salar bin Yəzid bin Əhməd bin Məhəmməd bin Yəzid bin Fəriburz, bin Əfridun bin Şahənşah, bin Axsitan...”
Daş kitabələr üzərindəki müxtəlif heyvan təsvirləri görünür ki, bu və ya digər şirvanşahın hökmranlıq illərini göstərir. Məlumdur ki, orta əsrlər mərhələsində Yaxın Şərq ölkələrində bu və ya digər ili heyvan adları ilə adlandırırdılar. Taclı insan başlarının təsvirləri yəqin ki, Şirvanşahlar sülaləsinin ayrı-ayrı nümayəndələrinə aiddir. Kitabələrdən “sultan” və “şah” kimi titullar, Şirvanşahlıar dövlətinin ayrı-ayrı şəhərlərinin adları oxunmuşdur. Məlum olmuşdur ki, qəsrin memarının adı Əbdülməciddir. Adı bərpa edilmiş məşhur memar Əbdülməcid, eyni zamanda dairəvi Mərdəkan qalasının da müəllifidir. Kitabələrdən Səbayıl qəsrinin epiqrafik abidələrinin müəllifinin -- xəttatın adı da oxunmuşdur: “Əməli ustad Zeynəddin bin Əburəşid Şirvani”. Maraqlı burasıdır ki, tikintidə ustad Zeynəlləddinlə bərabər, onun atasının adını daşıyan oğlu da iştirak etmişdir. Adətən ustadlar öz yanlarında şagirdlər saxlayırdılar. Buradan aydın olur ki, Zeynəlləddinin şagirdi onun öz oğlu Əburəşid olmuşdur.
Azərbaycan ərazisində bu, yeganə unikal abidədir ki, onun təsvirli barelyeflər şəklində belə memarlıq bəzəyi vardır. Kitabələrdəki bir, iki və hətta üçpilləli yazılardan əlavə, zəncirvari nəbati ornamentlər, 12 insan portreti, qaçan, oturan vəziyyətdə olan heyvan: öküz, şir, it, dəvə, at, quş təsvirləri də maraq doğurur.
Qəsrin təyinat funksiyasına dair bir çox fikirlər mövcuddur. Tikilinin atəşpərəstlik məbədi yerində ucaldılması fərziyyəsi təsdiq edilməmişdir. Giriş qapılarının kiçik olması (1,25m) buranın karvansara olması haqqındakı fikri də təkzib edir. Belə ki, yüklənmiş dəvə və atlar buradan keçə bilməzdilər. XIX əsrdə yazılmış əsərlərdə, məsələn N.Filipovun 1883-cü ildə nəşr edilmiş “Морская география Каспийского моря или лоция” məqaləsində yerli əhalinin “Bayıl daşlarını” Şahın şəhərətrafı qərargahı kimi “Şah bağı” adlandırdıqları haqqında məlumat verilir. Ə.Salamzadənin yazdığına görə, Bayıl tikilisinin coğrafi mövqeyi təkcə əlverişli müdafiə nöqteyi-nəzərindən deyil, gözəl mikroiqlimi ilə də diqqətəlayiqdir. Məhz buna görə bu qəsr şəhərətrafı qərargah -- bağ kimi başa düşülür. Maraqlıdır ki, XX əsrin I yarısında qəsrdə arxeoloji tədqiqat aparmış İ.Cəfərzadə isə yerli əhali arasında qəsrin “şəhri Səba” adlandırıldığını qeyd etmişdir.
Müdafiə divarlarının eni 1,5-2 m-dir. Bu onu təsdiq edir ki, bu müdafiə əhəmiyyətli, kifayət qədər etibarlı qala tikilisi imiş və şəhəri dəniz tərəfdən qoruyurmuş. Qəsrdə aparılmış tədqiqat işləri göstərmişdir ki, orta əsrlərdə Azərbaycanın şimal torpaqlarında mövcud olmuş qüdrətli Şirvanşahlar dövləti dəniz donanmasına malik olmuşdur. Həmin donanma yəqin ki, bu qalanın ətrafında dururmuş. Qəsrin divarlarının bayır tərəfindən daşlar görünür ki, onların üzərində gəmilərin bağlanması üçün dəliklər vardır. Sara xanım Aşurbəyli göstərir ki, ola bilər, dinc dövrdə bu qala hərbi-gömrük forpostu (dayağı) və anbar məntəqəsi idi. Şirvanşah burada tacirləri qəbul edirdi. Ehtimal ki, tacirlər elə burada qalırdılar. Gəmilər bu qalaya yan ala bilirdilər. Giriş burada o qədər dar idi ki, çətin ki, buradan yüklənmiş dəvə və atlar keçə bilərdilər. Yəqin ki, mallar gəmilərdən bu qalaya boşaldılırdı, sonradan dəvələrdə, qatırlarda boğazla -- bərxəzlə, dar yerlə sahilə daşınırdı. Belə də ola bilər ki, boğazı su basanda mallar qayıqla daşınıb.

Xəbərlər