“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ölkəmizdə intellektual hərəkatın geniş vüsət almasında mühüm rol oynamış qurum olaraq artıq uzun müddətdir ki, bu sahədə öz töhfəsini verməkdə davam edir. Buna nümunə olaraq 2011-ci ildən Qoruq İdarəsinin dəstəyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının nəzdindəki “İçərişəhər” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə mütəmadi olaraq keçirilən intellektual oyunlar üzrə beynəlxalq turnir – “İçərişəhər Kuboku”nu qeyd edə bilərik.

Turnir əsasən “Nə? Harada? Nə zaman?” və “Breyn rinq” oyunları üzrə keçirilir. Onun hər mərhələsində dünyanın 100-dən artıq şəhərindən (ABŞ, Kanada, Almaniya, Latviya, Böyük Britaniya, İsrail, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Moldova, Türkmənistan, Estoniya, Qazaxıstan Tacikistan, İrlandiya və s.) 500-dən artıq komanda iştirak edir.

Balaş Qasımov və Nigar İbrahimovanın rəhbərlik etdiyi Azərbaycanı təmsil edən komandalar dəfələrlə bu yarışlarda müvəffəqiyyət qazanmışlar. Ötən ilin iyul ayında baş tutan sonuncu - “V İçərişəhər Kuboku” turnirində də əsas tərəfdaş qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi çıxış etmişdir.

Əsas missiyası tarixi-memarlıq abidələr kompleksini qorumaq olan “İçərişəhər” Qoruğu İdarəsi gənc intellektualları dəstəkləyərək, eyni zamanda xalqımızın zəngin mədəni irsinin təbliğinə, dəyərlərimizin dünya gənclərinə tanıdılmasına daim xüsusi diqqətlə yanaşır.

Xəbərlər