Bəylər Məscidi

Qədim Bakının inkişaf mərhələlərini nəzərdən keçirsək görərik ki, bu şəhər qədim dövrlərdən başlayaraq müxtəlif din və həyat tərzlərinin bir-birini əvəz etməsi nəticəsində bütün dövrlərdə mənəvi mədəniyyətin mənbəyi olmuşdur. 
VII əsrin birinci yarısında Azərbaycanın bütün şəhərlərində, o cümlədən atəşpərəstlərin nüfuzlu dini mərkəzi sayılan Bakıda da İslam dininin yayılmasının geniş vüsət alması bu şəhərdə çoxsaylı dini memarlıq abidələrinin - məscid, təkyə, məktəb-məscid və türbələrin tikilməsinə səbəb oldu. Əhalinin dini inancları ilə tanışlıq onun mədəniyyətini, incəsənətini və dünya görüşünün inkişafını başa düşmək üçün zəruridir.
İçərişəhərin şimal qərbində, Şirvanşahlar Sarayının Murad darvazasının yaxınlığında dini tikililər arasında yeni memarlıq üslubunun simgəsi hesab olunan Bəylər məscidi yerləşir. 1895-ci ildə inşa olunan Bəylər məscidi yerli əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı qazanmışdır. İçərişəhər ərazisində tikilən sonuncu məscid zalın böyüklüyü və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Onun inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsipləri birləşdirilmişdir. Mükəmməl görünüşlü minarənin yuxarı hissəsi Qərbi Avropaya xas olan dekorativ elementlərlə bəzədilmişdir. Zalın ümumi görünüşünü isə kilsələrə xas olan üç nefli baziliklər (sütun vasitəsi ilə 3 hissəyə bölünən zal) təşkil edir. Məscidin portalında və mehrabında mükəmməl daş hörgüsü və bədii daş yonma sənəti nümunələrindən məharətlə istifadə edilmişdir. Memarlıq abidəsi qədim məscidin yerində tikilmiş və əyri xətt şəkilli küçənin planlaşdırılma xüsusiyyətinə uğurla daxil edilmişdur.
Bəylər məscidində “İçərişəhər” DTMQİ tərəfindən Avstriyanın məşhur bərpaçı eksperti Erix Pummer cəlb edilməklə bərpa və konservasiya işləri aparılmışdır. 2014-2015-cı illərdə aparılmış işlər zamanı məscidin bərpasında İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi iştirak edərək, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəmişdir. Nəticədə təyinatına uyğun olaraq muzeyləşdirilən məsciddə “Müqəddəs əmanətlər” ekspozisiyası yaradılmışdır. Ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid  Quran-i Kərim kitabları nümayiş etdilir. 
Ziyarətçilər 73 ədəd Qurani - Kərim, 7 ədəd dini kitab, 19 ədəd dini atributla, ümumilikdə isə 99 ədəd eksponat ilə tanış ola bilərlər. Qədim Dərbənd şəhərinin məscidinə aid olan və məscidin axundu tərəfindən divara hörülərək yanğından hifz olunan Quran kitabının vərəqləri diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanmış müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilmişdir.
Burada siz zamanı və insanı yaxınlaşdıra biləcək bəşəri məhəbbət hissini duyacaqsız.

 

Xəbərlər