Qız Qalası

 

                                                                                                      Quzğunun sahilində pək qоcaman

 Bir yapı, əski sirlər yuvası,

Sanki dalmış dərin düşüncələrə,

Duruyоr sakitanə Qız qalası.

Cəfər Cabbarlı

 

 

Yer üzünü xəyalınızda canlandırın. Qədim şəhərlər, memarlıq inciləri... Onların hər biri bizi ilhamlandırır, səyahətə, tanımadığımız məkanları kəşf etməyə səsləyir. Minlərlə şəhər içərisində isə yalnız bircə İçəri Şəhər mövcuddur. Bakının qəlbində yerləşən bu məkanda ölkənin ən məşhur, lakin ən sirli abidəsi ucalır. Qız Qalası...

Qаlа Хəzər dənizi sahilində, dənizə doğru uzanan nəhəng maili qаyаnın üzərində, silindrik fоrmаdа tikilmişdir. Ona dəniz tərəfdən kоntrfоrs аdlаnаn, böyük, uzunsоv bir dаyаq divarı birləşir. Maili qaya üzərində durduğuna görə  qаlаnın hündürlüyü şimaldan 31, cənub tərəfdən 28 metrdir. Qаlа səkkiz mərtəbəlidir. Buraya yеgаnə giriş yоlu оnun qərb tərəfində, 1859-cu ildə açılmışdır. Yazılı mənbələrdə abidə haqqında geniş, dəqiq məlumatların olmaması onun tikilmə tarixi və funksiyası barədə bir çox fərziyyələrin yaranmasına zəmin yaratmışdır.

Tədqiqatçıların bir qismi аbidənin оrtа əsrlərdə tikildiyini və şəhərin ümumi müdаfiə sistеminə daxil olan istеhkаm оlduğunu vurğulayır. Lakin bir qrup alimlər hesab edir ki, qalanın müəyyən memarlıq xüsusiyyətləri onun tarixini daha erkən dövrlərə aid etməyə imkan verir. Beləliklə, Qız Qalasının inşası iki mərhələdə aparılmışdır. Onun aşağı hissəsi antik dövrdə, üst hissəsi isə üzərində olan kitabəyə əsasən XII əsrdə əsrdə tikilmişdir. Bəzi xarakterik işarələr və astronomik ölçülərin uyğunluğu müəyyən tarixi dövrdə qaladan rəsədxana kimi istifadə edilməsi fikrini doğurur. Xalq etimologiyasında Qız qalası haqqında yaranan əfsanələrə istinad edərək qədimdə qalanın atəşpərəsətlik məbədi kimi fəaliyyət göstərdiyini ehtimal etmək olar. Qız qаlаsı аdı ilə məşhur оlаn аbidələrə хаlq tərəfindən bеlə аdın vеrilməsi təhlükə zаmаnı bu qаlаlаrın düşmən üçün alınmaz, əlçatmaz bir istehkam olması ilə izah edilir.

Bilirsinizmi?

Qədim Şərqdə Zərdüştlük dini ilə əlaqədar olaraq təbiətin dörd əsas ünsürü: hava, od, su, torpaq müqəddəs hesab edildiyindən onların hər birinin özünəməxsus ilahələri var idi. Şərqdə quraqlıq ilə əlaqədar su həyati əhəmiyyət daşıdığı üçün su ilahəsi Anahita (Nahid)  digərlərindən üstün hesab edilirdi. Maraqlıdır ki, arxeoloji qazıntılar zamanı Qız Qalasının yaxınlığından tuncdan düzəldilmiş və əfsanəvi üslubda işlənmiş balıq fiquru tapılmışdır. Azərbaycan ərazisində bu formada balıq fiquruna hələ təsadüf edilməmişdir. Ona görə Qız Qalasının su ilahəsinin şərəfinə tikilməsi ehtimal edilir.

Belə bir əfsanə mövcuddur ki, Bakı şəhəri Xünsar adlı bir hökmdar tərəfindən işğal olunmuşdur. Xünsar şəhərdə möhtəşəm bir saray inşa etdirmiş və arvadı Zummuriada ilə burada xoşbəxt ömür sürməyə başlamışdır. Lakin bir müddət sonra Zummuriada daha çox güc qazanaraq özünü ilahə elan edir və onun əmri ilə əzəmətli bir qala inşa olunur. Bundan sonra ilahə özünü uzun müddət ətraf aləmdən təcrid edir və illər sonra abidə sanki bakirəlik simvolu kimi məşhurlaşır. Alimlər “Zummuriada” adının zümrüd daşı ilə bağlı olduğunu və bu sözün yunanca qarşılığının  İsida adlandığını qeyd edirlər. Zümrüd qədim Misirdə ən qiymətli daş hesab edilərək sarkofaqların bəzədilməsində istifadə edilərdi.

Qeyd etmək lazımdır ki, tanınmış ingilis misirşünası Flinders Petri Bakını məşhur “Ölülər” kitabındakı “Bakhau” ilə eyniləşdirərək, günəşə sitayişin Misirlə Azərbaycanı birləşdirdiyini yazmışdır. 1806-cı ildə Rusiyalı mühəndislər tərəfindən tərtib olunan Bakı şəhərinin planında Qız Qalası “Kalıs Xünsar” adı ilə yazılmışdır. Hesab edilir ki, bu ifadə “Xünsarın Qalası” mənasını verir. Qədim Misir mifologiyasına əsasən İsida günəş allahı Asarın arvadı olmuşdur. Bizə çatan əfsanədə və planda isə bu söz təhrifə uğarayaraq “Xünsar” adını almışdır. Bütün bu məlumatlar isə Qız Qalasının Günəş allahının məbədi, bununla da bağlı olaraq günəşin və digər səma cisimlərinin müşahidə edildiyi rəsədxana funksiyası daşıdığını deməyə əsas verir.

Beləliklə, siz Qız Qalasını ziyarət etməklə qədim Şərqin əfsanə ilə zəngin abu-havasını hiss edə, əsrlər öncəsinə səyahət edə bilərsiniz. Toxunduğunuz hər bir daş sirlərlə dolu, mistik keçmişi özündə yaşadır. Qalanın zirvəsinə qalxdıqda isə tamaşa edəcəyiniz odlar yurdunun füsunkar gözəlliyi bu şəhərdən əbədi və xoş xatirə kimi yaddaşınıza həkk olunacaqdır.

Xəbərlər