24 dekabr 2010-cu il tarixində dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidində aparılmış muzey-konservasiya işləri bir il ərzində başa çatmışdır.  Bir neçə mərhələni özündə etiva edən mürəkkəb bərpa prosesi zamanı təqribən 500 m²-lik səth örtüyü xüsusi avadanlıq və materiallarla bərpa və konservasiya olunmuşdur. Bu zaman vakkum yolu ilə bərkidilmə üsulundan istifadə edilmişdir ki, bunun nəticəsində havasızlıq şəraitində daşlar bərkidilmiş, beləliklə abidənin tarixiliyinə və mövcud quruluşuna zərər yetirilməmişdir. Dünya standartlarına cavab verən belə muzey-konservasiya işləri Azərbaycanda ilk dəfə olaraq həyata keçirilmişdir. Hazırda burada muzey ekspozisiyasının yaradılması üzrə yeni layihə hazırlanır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İçəri Şəhərin bərpa və konservasiyası  üzrə ərazidə gedən bərpa işlərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan” a  əsasən həyata keçirir.

     17 - 21 oktyabr  2010-cu il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  “İçəri Şəhər irsinin konservasiyası və inkişafında “Tarixi Şəhər Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirmişdir. Seminarda yerli mütəxəssislərlə yanaşı YUNESKO-nun Dünya İrsi Mərkəzinin ABŞ, Finlandiya, Niderland ,İtaliya, İspaniya, B.Britaniya, Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər də iştirak etmişlər. 

Bundan əlavə   Qoruq İdarəsi bərpa və konservasiya işləri sahəsində yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə əməkdaşlığının nəticəsi olaraq  “Restavrasiyanın nəzəri və təcrübi əsasları” proqramı çərçivəsində, "İnşaat qurğularının təhlili" mövzusunda 4 silsilə seminar keçirmişdir. Seminarlarda yerli bərpaçılar müasir  bərpa metodlarından və texnologiyalarından istifadə təcrübəsi toplamışdılar.

     Qeyd edək ki, bu gün tarixi  memarlıq abidələrinin özünə məxsusluğunu və uzun ömürlüyünü təmin etmək üçün müasir  bərpa metodlarından istifadə edilir. Şəhərsalma tarixi nəzərə alınmaqla ərazinin ansanblında önəmli yer tutan,  bir cox abidənin hissə və ya qalıqları üzərində elmi araşdırmalar aparılır. Elmi araşdırmaların nəticəsi olaraq, bərpaçı hipotez  ( şəxsi qənaətləri ifadə edən fikirlər) və analoqdan  (oxşar fikirlər) istifadə edərək düzgün müəyyənetmə nəticəsində sübut olunan hissələri bərpa olunaraq obyektin  ilkin görkəmini əldə edir. Bərpanın  əsas məqsədi qədim tikilinin yenidən canlandırılması və abidənin özəlliyini açıb göstərməkdir. Bu özəlliyi şəhərmizin qonaqlarına və yerli əhaliyə müasir  üsullarla təqdim edən ən effektiv vasitə  abidələrin  muzeyləşdirilməsidir. İçərişəhərdə  abidələr əhəmiyyət dərəcəsinə görə müxtəlif formada muzeyləşdirilir. Bu da tarixi şəhərin keçmişini  dinləndirən və dövrünün tarixindən danışan əsas vasitəçidir.

Burada dünya əhəmiyyətli abidələr muzeyləşdirilərək bir mənalı olaraq abidəyə həsr olunur (Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi). ölkə əhəmiyyətli abidələr isə qismən muzeyləşdirilərək  funksiyasına uyğun  müstəqil obyektə çevrilir (karvansaralar, məscidlər və hamamlar). yerli əhəmiyyətli abidələrdə isə qarışıq muzeyləşdirmə aparılaraq, müxtəlif növ ekspozisiya kompleksləri cəmləşdirilir (xüsusəndə XIX - XX əsrin yaşayış binalarında). İçərişəhərin abidələri və muzeyləri xalqa xidmət etməklə yanaşı əhalinin  ictimai şüurunun formalaşmasında, həmçinin tarixi gerçəkliklərin  öyrənilməsində böyük rol oynayır.

 Qapılarını  ziyarətçilərin üzünə açan İçərişəhər - abidələr muzeyi  kimi inkişaf edir.

Xəbərlər