“Zəncirli bina” adlanan mülk XX əsrin əvvəllərində inşa edilmişdir. 1920-ci ildə tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olmuşdur. 1928-ci ildə bu mülkü İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları almışlar. 1930-cu ildə Bakı şəhər Gömrük idarəsi qaçaqmalçılığa görə bu mülkü müsadirə edir və dövlətin istifadəsinə verir. 1930-cu ildən bu binada N.Nərimanov adına tikiş fabriki yerləşmişdir. Bina tikiş fabriki kimi fəaliyyət göstərdiyi üçün fasadında dəyişikliklər edilmiş, bəzi memarlıq elementləri götürülmüşdür. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Binanın fasadı Qoşa Qala Qapıları ilə üzbəüz yerləşib İçərişəhərin əsas giriş meydanını sol və sağ tərəfdən iki - Böyük qala və Qüllə küçələrinə ayırır. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçərişəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Hal-hazırda binada AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiya və Etnoqrafiya Muzeyi fəaliyyət göstərir.

Xəbərlər