Xəbərlər
Sosial reabilitasiya proqramına cəlb olunan uşaqlar üçün İçərişəhərdə ekskursiya təşkil olunub
06.06.2026
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sosial məsuliyyət təşəbbüslərini daim dəstəkləyir, müxtəlif #sosialaksiya’lar və maarifləndirici layihələr həyata keçirir. Bu istiqamətdə növbəti tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetinin sosial reabilitasiya proqramına cəlb olunan əlilliyi olan uşaqlar və onların ailələri üçün İçərişəhərdə yaddaqalan ekskursiya təşkil olunub.
Balacalar #ŞirvanşahlarSarayıKompleksi, #QızQalası və #İçərişəhər’in digər tarixi-mədəni abidələri ilə yaxından tanış olublar. Uşaqlar qədim şəhərin sirli küçələrində gəzərək ölkəmizin zəngin tarixi və mədəni irsi haqqında maraqlı məlumatlar əldə ediblər.
Ekskursiya uşaqlara həm xoş təəssüratlar bəxş edib, həm də onların asudə vaxtının maraqlı və faydalı keçməsinə şərait yaradıb.
