Bərpa və konservasiya layihələri
Yeraltı hamam
Yarandığı gündən əsas məqsədi İçərişəhərin qorunması, onun maddi-mənəvi dəyərlərinin mühafizəsi və təbliği olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix və memarlıq abidələrinin bərpası və təmirinə xüsusi diqqət yetirir. Qeyd etmək istərdik ki, İdarə İçərişəhərin bərpa və konservasiyası üzrə ərazidə aparılan işləri YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan”a əsasən həyata keçirir. Bundan əlavə, Qoruq İdarəsi bərpa və konservasiya işlərinin mükəmməl səviyyədə icrası, həmçinin xarici təcrübənin öyrənilməsi məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə sıx əməkdaşlıq edir.
Son illər ərzində Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Bəylər məscidi, Cümə məscidi, Marionet Teatrı, Qoşa Qala divarları, Dördbucaqlı qala və digər dünya, ölkə və yerli əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış bərpa və konservasiya layihələri bunun bariz nümunəsidir. İdarənin hər il yenilənən təmir və bərpa proqramına uyğun olaraq Qoruq ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir.
Bu işlər arasında xüsusilə mühüm nümunələrdən biri 2016-cı ildə Böyük Qala küçəsi 50 ünvanında aşkar edilmiş XVII əsrə aid yeraltı hamamın konservasiyasıdır.
Əsrlər boyunca müxtəlif ölkələrdən İçərişəhərə daxil olan karvanlar Qala divarlarını keçərək burada yerləşən gömrük məntəqəsində yoxlanılırdı. Dövrün tələblərinə uyğun olaraq şəhərin sanitar-gigiyenik təhlükəsizliyini təmin etmək məqsədilə giriş hissədə hamamlar inşa edilir, yeni gələn tacir və səyyahlar bu hamamlardan istifadə edir, həmçinin yük heyvanlarının ayaqlarına neftdən hazırlanan “qudron” məhlulu çəkilirdi ki, bu da antiseptik vasitə rolunu oynayırdı.
Aparılmış qazıntı və müşahidələrin ilkin nəticələri göstərir ki, tədqiq olunan abidə mürəkkəb memarlıq quruluşuna malikdir. Yeraltı hamam konstruktiv xüsusiyyətlərinə görə İçərişəhərdə mövcud olan digər hamam kompleksləri ilə oxşarlıq təşkil edir və temperaturun sabit saxlanılması üçün yer səthindən aşağıda inşa edilmişdir.
1806-cı ildə Bakının rus qoşunları tərəfindən işğalından sonra hamamın fəaliyyəti dayandırılmış, günbəzləri sökülmüş, otaqları təsərrüfat tullantıları ilə doldurulmuş və üzəri torpaqla örtülmüşdür. Həmin dövrdə həmin ərazidə hərbi komendatura yerləşdirilmişdir. Eyni vəziyyət Sovet dönəmində də davam etmişdir. Bu müddət ərzində arxeoloji ərazidəki bəzi divar və hörgü qalıqlarında çatlar yaranmış və uçma təhlükəsi meydana çıxmışdır.
2016–2017-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində hamamın əsas hissəsi torpaq və tullantılardan təmizlənmiş, memarlıq quruluşu müəyyən edilmişdir. 2018-ci ildə isə abidədə genişmiqyaslı bərpa və konservasiya işləri həyata keçirilmişdir. Gələcəkdə burada açıq səma altında arxeoloji muzey-ekspozisiyasının fəaliyyət göstərməsi planlaşdırılır.
