Bərpa və konservasiya layihələri
Cümə məscidi
2016-cı ildə Cümə məscidinin XV əsrə aid Abşeron əhəng daşından tikilmiş minarəsi bərpa və konservasiya edilmişdir. Minarənin ətraflı tədqiqatı nəticəsində zamanın və ətraf mühitin təsiri altında yaranmış çoxsaylı ciddi dağıntılar aşkar olunmuşdur. Minarənin günbəzi və eyvanın məhəccəri qəzalı vəziyyətdə idi. Bərpa zamanı divar səthində zədələnmə nəticəsində itirilmiş hissələr rekonstruksiya edilmiş, günbəzin və minarənin şərəfəsini (eyvan) əhatə edən sahələr sağlamlaşdırılmışdır. Eyvanın məhəccər elementləri də rekonstruksiya edilmişdir. Minarənin bərpası uğurla yekunlaşmış və istifadəyə verilmişdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərdə bərpa və konservasiya işlərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan” əsasında həyata keçirir.
17–21 oktyabr 2010-cu il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər irsinin konservasiyası və inkişafında ‘Tarixi Şəhər Landşaftı’ yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirmişdir. Seminarda yerli mütəxəssislərlə yanaşı ABŞ, Finlandiya, Niderland, İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən YUNESKO Dünya İrsi Mərkəzinin nüfuzlu ekspertləri iştirak etmişlər.
Bundan əlavə, Qoruq İdarəsi bərpa və konservasiya sahəsində yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə əməkdaşlıq çərçivəsində “Restavrasiyanın nəzəri və təcrübi əsasları” proqramı üzrə “İnşaat qurğularının təhlili” mövzusunda 4 silsilə seminar təşkil etmişdir. Seminarlarda yerli bərpaçılar müasir bərpa metodları və texnologiyalarından istifadə üzrə təcrübə qazanmışdır.
Hazırda tarixi memarlıq abidələrinin özünəməxsusluğunu və davamlılığını təmin etmək üçün müasir bərpa metodlarından istifadə olunur. Şəhərsalma tarixi nəzərə alınmaqla, ərazinin ansamblında mühüm əhəmiyyətə malik çoxsaylı abidələrin hissə və qalıqları üzərində elmi araşdırmalar aparılır. Araşdırmaların nəticəsi olaraq bərpaçı hipotez (şəxsi elmi qənaət) və analoqdan (oxşar nümunə) istifadə etməklə təsdiqlənmiş hissələri bərpa edir və obyektin ilkin görkəmini bərpa edir. Bərpanın əsas məqsədi qədim tikilini yenidən canlandırmaq və abidənin özünəməxsusluğunu üzə çıxarmaqdır. Bu özəlliyi şəhərin qonaqlarına və yerli əhaliyə təqdim etməyin ən effektiv forması abidələrin muzeyləşdirilməsidir. İçərişəhərdə abidələr əhəmiyyət dərəcəsinə görə müxtəlif formada muzeyləşdirilir və bu yanaşma tarixi şəhərin keçmişini çatdıran əsas vasitələrdən biridir.
Burada dünya əhəmiyyətli abidələr tam şəkildə muzeyləşdirilərək abidənin özünə həsr olunur (Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi). Ölkə əhəmiyyətli abidələr qismən muzeyləşdirilərək funksiyasına uyğun müstəqil obyektə çevrilir (karvansaralar, məscidlər, hamamlar). Yerli əhəmiyyətli abidələrdə isə qarışıq muzeyləşdirmə həyata keçirilir və müxtəlif ekspozisiya kompleksləri təqdim edilir (xüsusilə XIX–XX əsrlərə aid yaşayış evlərində). İçərişəhərin abidə və muzeyləri xalqa xidmət etməklə yanaşı, ictimai şüurun formalaşması və tarixi gerçəkliklərin öyrənilməsində mühüm rol oynayır.
