"Qala" Dövlət Tarix-Etnoqrafiya qoruğu
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ölkəmizin çox əhəmiyyətli tarixi abidələrindən biridir. Qoruq XIV-XV əsrlərə aid Qala qəsrini, qədim evləri, türbə və məscidləri, müxtəlif sənət nümunələrinin cəmləşdiyi Əntiq əşyalar muzeyini, qayaüstü təsvirləri və Arxeoloji-Etnoqrafik Muzeyi özündə birləşdirir. “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğu 1988-ci ildə yaradılmışdır. Ərazisi 81,5 ha-dır. Muzey kompleksində Abşeronun beş minillik tarixini, qədim insanların adət-ənənələrini, dünyagörüşünü, həyat tərzini əks etdirən ekspozisiyalar təqdim edilir. Şərqi Abşeronun tunc dövrü abidələri ‒ kurqan və dolmenlər, qayaüstü rəsmlər və s. bərpa edilərək, ilkin görünüşündə nümayiş etdirilir.
Əntiq Əşyalar muzeyində bərpaçı və xeyriyyəçi Şahid Həbibullayevin kolleksiyasından 800 əşya sərgilənir.
Qoruq ərazisində yerləşən digər bir abidə isə XIV-XV əsrlərə aid edilən Qala qəsridir.
Arxeoloji qazıntılar zamanı qala ətrafındakı ərazidə orta əsrlərə aid yaşayış evləri, təndir qalıqları, boyalı və boyasız keramika parçaları, dəmir alətlər və s. aşkar edilmişdir. Bütün bunlar Qala əhalisinin orta əsrlərdə qəsr ətrafında kompleks şəkildə, sıx məskunlaşdığını sübut edir.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda məscidlər
Cümə məscdi ‒ Məscid Qalanın Balaverdi məhəlləsində yerləşir. Abidənin inşa tarixi XVII əsrə aiddir. Cümə məscidi çox sadə memarlıq quruluşuna malikdir. Məscidin dekorativ bəzəyi qorunub saxlanmamışdır. Abidənin biri kişilər, digəri isə qadınlar üçün nəzərdə tutulmuş iki giriş qapısı vardır.
Balaverdi məhəllə məscidi Qala kəndinin şərq hissəsində, Balaverdi məhəlləsində yerləşir. 1864-cü ildə Kərbəlayı Süleyman tərəfindən tikdirilmişdir. Giriş qapısı üzərində məscidin Balaverdi adlı şəxs tərəfindən bərpa etdirilməsi haqqında kitabə vardır. Məscidin adı da buradan götürülmüşdür.
Hacı Ramazan məscidi məhəllə məscididir, 1842-1843-cü illərdə tikilmişdir.Çəmbərəkənd məhəllə məscidi plan quruluşuna görə kvadratşəkillidir.
Tərəkəmə məhəllə məscidi Qala kəndinin şimal hissəsində yerləşir. Məhəllənin yeganə monumental tikilisi olan bu məscid XVII-XVIII əsrlərdə inşa edilmişdir. İbadət zalının mərkəzi hissəsi günbəzlə tamamlanır. Məscidin çatma tağlı, kiçik giriş qapısı vardır.
Çəmbərəkənd məhəllə məscidinin ayrı-ayrı giriş qapısı olan iki ibadət zalı vardır. Giriş qapılarından birinin üzərində məscidin 1911-ci ildə inşa edilməsi haqqında kitabə vardır. Məscidin mərkəzi hissəsi günbəzlə tamamlanır.
“Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğunda hamamlar
Bayraməli hamamının giriş qapısı üzərindəki epiqrafik yazıdan bəllidir ki, hamam 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edilmişdir. Hamam iki hissədən ibarətdir.
Qum hamamı memarlıq quruluşuna görə, XII-XIV əsrlərə aid edilir. Hamam torpağın altında yerləşdiyindən “Qum hamamı” adlanmışdır.
“Şor hamamı” Qala kəndinin cənub hissəsində, duz gölünün yaxınlığında yerləşir. Bu hamamın suyu şor olduğundan, daha çox müalicəvi məqsəd daşımışdır. Hamam dağılmış, yalnız özülü bu günə qədər qalmışdır. Abidə XVIII əsrə aiddir.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda xidmətlər
Siz “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna gəlməklə, Açıq Səma altında yerləşən Arxeoloji-Etnoqrafik muzey kompleksində xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi qədim sənət növləri ilə məşğul ola bilərsiniz. Qədim qurama sənətinin sirlərinə yiyələnmək, öz əllərinizlə lavaş bişirmək və xına ilə (təbii saç boyası) müxtəlif naxışlar çəkdirmək, qayaüstü rəsmləri görmək, orta əsr yaşayış yerləri ilə tanış olmaq, dəvə, poni, Qala cins qoyunları və s. heyvanları yemləmək arzunuz varsa, mütləq qoruğumuzu ziyarət edin! Əntiq Əşyalar muzeyindəki Azərbaycanda və dünyanın müxtəlif ölkələrində hazırlanmış sənətkarlıq nümunələri ilə tanış olmaq, orta əsr istehkamına qalxaraq, qəsrin üzərindən Qala qoruğunun əsrarəngiz gözəlliyini seyr etmək üçün Sizləri Qala qoruğuna dəvət edirik!
