Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir.

 

1-Cİ FƏSİL

ÜMUMİ MÜDDƏALAR

 

 Maddə 1. Əsas anlayışlar

 

 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

 1.0.1. mədəniyyət – ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu;

 1.0.2. mədəniyyət fəaliyyəti (mədəniyyət sahəsində fəaliyyət) – mədəni sərvətlərinin yaradılması, yayılması, qorunması, bərpası, mənimsənilməsi və təşviqi, həmçinin mədəniyyət xidmətlərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət;

 1.0.3. mədəniyyət sahəsində dövlət siyasəti – mədəni irsin və mədəni sərvətlərin yaradılması, müəyyən edilməsi, qorunması, inkişafı və təbliği sahəsində həyata keçirilən tədbirlərdə dövlətin rəhbər tutduğu məqsədlər, prinsiplər, normalar, konsepsiya, strategiya və dövlət proqramlarının məcmusu;

 1.0.4. mədəniyyət məhsulları – kommersiya dəyərindən asılı olmayaraq, səciyyəvi xüsusiyyətləri, istifadə növləri və ya məqsədləri baxımından mədəni özünüifadə formalarını ehtiva edən insan fəaliyyətinin nəticələri;

 1.0.5. mədəniyyət xidmətləri – şəxslərin mədəni-mənəvi-estetik ehtiyaclarının ödənilməsi məqsədilə göstərilən xidmətlər və yaradılan şərait;

 1.0.6. mədəniyyət məkanı – mədəni sərvətlərin və ənənələrin yaranma və yayılma dairəsi;

 1.0.7. mədəni məzmun – mədəni özünəməxsusluqdan yaranan və ifadə olunan ənənələr və mədəni dəyərlər;

 1.0.8. mədəniyyət sənayesi – mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və realizə edilməsini təmin edən fəaliyyət sahəsi;

 1.0.9. bədii dəyər – bədii yaradıcılıq fəaliyyətinin nəticəsi olan mədəniyyət, ədəbiyyat və incəsənət əsərlərinin estetik əhəmiyyətini formalaşdıran xüsusiyyətlər;

 1.0.10. milli mədəni irs – Azərbaycan xalqına məxsus, ümumazərbaycan əhəmiyyəti kəsb edən, universal dəyərlərə malik mədəniyyət nümunələrinin məcmusu;

 1.0.11. qeyri-maddi mədəni irs – şəxslərin, qrupların və cəmiyyətin özünün mədəni irs nümunələri kimi qəbul etdikləri ənənələr, təsvir və ifadə formaları, bilik və bacarıqlar, onların yaradılmasında istifadə olunan alətlər, əşyalar, artefaktlar və mədəniyyət məkanları;

 1.0.12. maddi mədəni irs – daşınmaz və daşınar mədəni irs;

 1.0.13. daşınmaz mədəni irs – daşınmaz arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii, etnoqrafiya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları, dini ocaqlar və etnoparklar;

 1.0.14. daşınar mədəni irs – tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu;

 1.0.15. mədəni irs nümunələri – özündə bir xalqın, milli azlığın maddi və qeyri-maddi mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu. Bura yeraltı, yerüstü və sualtı mədəni irs nümunələri aiddir;

 1.0.16. sualtı mədəni irs – insan varlığının bütövlükdə və ya qismən, daimi və ya vaxtaşırı su altında qalan mədəni, tarixi və ya arxeoloji izləri;

 1.0.17. təbii irs – universal dəyərə malik fiziki və bioloji birləşmələrdən ibarət təbiət abidələri, geoloji və fizioqrafik birləşmələr, heyvan və bitki arealı olan zonalar, təbii zonalar,

 1.0.18. dekorativ-tətbiqi sənət – müxtəlif məmulatlar üzərində bədii əsərlərin yaradılmasına yönəlmiş maddi mədəni irs yaradıcılığı sahəsi;

 1.0.19. mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik) – ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı, qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülən müxtəlif formalar. Mədəni müxtəliflik yalnız dünya mədəni irsinin ifadə olunduğu, artırıldığı və ötürüldüyü müxtəlif mədəni özünüifadə vasitələrinin tətbiqi ilə deyil, həmçinin hansı vəsaitlərdən və texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq, bədii yaradıcılığın müxtəlif növlərinin, mədəni özünüifadə məhsullarının istehsalının, yayılmasının və onlara yiyələnmənin köməyi ilə meydana gəlir;

 1.0.20. mədəni özünüifadə – ayrı-ayrı şəxslərin, qrupların və ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan ifadə forması;

 1.0.21. mədəni sərvətlər – mənəvi və estetik ideallar, əxlaq normaları və nümunələri, dillər, dialektlər və ləhcələr, milli adət və ənənələr, tarixi toponimlər, folklor, bədii sənət və peşələr, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət əsərləri, nəşriyyat məhsulları, mədəniyyət sahəsində elmi tədqiqatların nəticələri və metodları, tarixi-mədəni əhəmiyyətə malik binalar, tikililər, əşyalar, tarixi-mədəni əhəmiyyətli unikal təbii ərazilər və obyektlər, məqbərələr, qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;

 1.0.22. milli kulinariya nümunələri – bir millətin mədəniyyətinə məxsus texnoloji, forma, naxış, əşya, avadanlıq və resept komplekslərini özündə birləşdirən ərzaq, içki və qida məhsullarının hazırlanmasına yönəlmiş insan fəaliyyətinin nəticələri;

 1.0.23. sosial əhəmiyyətli tədbirlər – mədəniyyət günləri, festivallar, baxış, müsabiqə, təqdimat, yubiley və xatirə tədbirləri, eləcə də mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbirləri;

 1.0.24. yaradıcılıq fəaliyyəti – mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyət;

 1.0.25. yaradıcı şəxs – mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

 

Maddə 2. Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

2-Cİ FƏSİL

MƏDƏNİYYƏT SİYASƏTİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

 

Maddə 3. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri

 

 3.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.

 3.2. Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:

 3.2.1. dövlət mədəniyyət sisteminin idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi;

 3.2.2. mədəniyyət sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərin, dövlət, özəl və bələdiyyə mədəniyyət təsisatlarının hüquqlarının qorunması və yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi;

 3.2.3. mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması;

 3.2.4. mədəni sərvətlərin qorunması və artırılması;

 3.2.5. mədəniyyət fəaliyyəti subyektlərinin sosial müdafiəsi və görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi;

 3.2.6. milli mədəniyyətin müasir dünya mədəniyyətindən bəhrələnməsinə, milli ənənələrin inkişafına, əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edən mədəniyyət əsərlərinin yaradılmasının stimullaşdırılması;

 3.2.7. milli mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və inkişafı;

 3.2.8. milli mədəni irs nümunələrinin və mədəniyyət obyektlərinin yaradılması, qorunması və təşviqi;

 3.2.9. milli mədəni irsin inkişafının maliyyə mənbələri ilə təmin edilməsi;

 3.2.10. dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılması;

 3.2.11. şəxslər, dövlət orqanları, bələdiyyələr və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın qurulmasının və inkişafının təmin edilməsi;

 3.2.12. mədəni, ekoloji, bioloji və idman turizminin inkişaf etdirilməsi və təşviqi;

 3.2.13. mədəniyyət sahəsində avtomatlaşdırmanın və ən qabaqcıl rabitə, informasiya, elektron idarəetmə və kommunikasiya texnologiyalarının tətbiq olunması və inkişafı;

 3.2.14. mədəniyyətlərarası dialoqun qurulmasının təmin edilməsi və təşviqi;

 3.2.15. mədəniyyət, o cümlədən əyləncə sənayesinin inkişaf etdirilməsi, mədəniyyətin müxtəlif formalarının rəqabətə davamlılığının dəstəklənməsi;

 3.2.16. mədəniyyət sahəsində inhisarçılığın qarşısının alınması.

 

Maddə 4. Mədəniyyət sahəsində dövlət siyasətinin prinsipləri

 

 4.0. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

 4.0.1. tarazlılıq – mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılması, mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişafının təmin edilməsi;

 4.0.2. bərabərlik – hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması;

 4.0.3. demоkratiklik – əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsi, mədəniyyət sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində hüquq və azadlıqların genişləndirilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədəniyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması;

 4.0.4. humanistlik – dünyəvi dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin prioritet kimi qəbul olunması;

 4.0.5. inteqrasiya – dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək, milli mədəniyyətin dünyada tanıdılması, zənginləşdirilməsi və inkişafının təmin edilməsi;

 4.0.6. keyfiyyətlilik – mədəniyyət sahəsində məhsulların və xidmətlərin ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunun təmin olunması;

 4.0.7. dünyəvilik – dünyəvi dəyərlərin yaradılması, qorunması və inkişafının təmin olunması;

 4.0.8. səmərəlilik – mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi;

 4.0.9. varislik – mədəni sərvətlərin, bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi;

 4.0.10. istedad amili – fitri istedada malik şəxslərin yaradıcılıq nailiyyətlərinin artmasına xüsusi qayğının göstərilməsi.

 

Maddə 5. Mədəniyyət sahəsində dövlətin vəzifələri

 

 5.1. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:

 5.1.1. mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən sahə üzrə normativ hüquqi aktların və standartların, dövlət proqramlarının, tədbirlər planlarının, strategiyaların və konsepsiyaların qəbul edilməsi;

 5.1.2. milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqinə yönəlmiş tədbirlərin görülməsi;

 5.1.3. insanların Azərbaycan və dünya mədəniyyət nümunələrinə və mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün sosial əhəmiyyətli tədbirlərin təşkili;

 5.1.4. istedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstərilməsi;

 5.1.5. mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması;

 5.1.6. beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsi və təşviqini təmin edən tədbirlərin görülməsi;

 5.1.7. mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakının dəstəklənməsi;

 5.1.8. milli mədəniyyət obyektlərinin təsnifatının təsdiqi;

 5.1.9. mədəniyyət sahəsində dövlət reyestrinin aparılması;

 5.1.10. mədəniyyət sahəsinin inkişafında xidmətlərə və töhfələrə görə mədəniyyət işçilərinə və yaradıcı şəxslərə həvəsləndirmə tədbirlərinin təşkili;

 5.1.11. milli mədəniyyətin bütün sahələrində zəruri infrastrukturun, şəraitin, maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi;

 5.1.12. xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə müvafiq dəstəyin göstərilməsi;

 5.1.13. xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması, inkişafı və fəaliyyətlərinin əlaqələndirilməsi;

 5.1.14. xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsi;

 5.1.15. mədəniyyətin inkişafı istiqamətində digər tədbirlərin həyata keçirilməsi.

 5.2. Mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi və onun əsasında məqsədyönlü layihələrin, dövlət proqramlarının, strategiyaların və tədbirlər planlarının qəbul edilməsi və icrasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mədəniyyət sahəsində tədbirlərin hazırlanması və icrası işi mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq şəraitində həyata keçirilir.

 5.3. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakı fəaliyyət sahələrini əhatə edir:

 5.3.1. mədəni irs – maddi və qeyri-maddi mədəni irs;

 5.3.2. incəsənət fəaliyyəti;

 5.3.3. mədəniyyət sənayesi (kinematoqrafiya, nəşriyyat, o cümlədən elektron nəşriyyat işi, memarlıq və dizayn, multimedia, kulinariya və reklam);

 5.3.4. mədəniyyət xidmətləri (muzeylərin, tarix və mədəniyyət əhəmiyyətli parkların və qoruqların fəaliyyəti);

 5.3.5. xalq yaradıcılığı.

 

3-CÜ FƏSİL

MƏDƏNİYYƏT SAHƏSİNDƏ ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIQLARI

 

Maddə 6. Hüquq və azadlıqların təminatı

 

 6.1. Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.

 6.2. Dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sosial mənşəyindən, sağlamlıq imkanlarından, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində öz hüquq və azadlıqlarını həyata keçirməsinə təminat verir.

 6.3. Mədəniyyət sahəsində dövlət tərəfindən aşağıdakı bərabərliklər təmin edilir:

 6.3.1. dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların mədəniyyətlərinin, hüquq və azadlıqlarının bərabərliyi;

 6.3.2. dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların öz mədəniyyətlərini qorumaq, öz mədəniyyət kimliklərini müəyyən etmək, mədəni sərvətlərini bərpa etmək, gücləndirmək və inkişaf etdirmək bərabərliyi.

 

Maddə 7. Mədəni həyatda iştirak etmək hüququ

 

 7.1. Azərbaycan Respublikasında mədəni həyatda iştirak etmək hüququ dövlət tərəfindən təmin edilir.

 7.2. Hər kəs öz mədəniyyət kimliyini və ona uyğun həyat tərzini müəyyən etməkdə, yaradıcılıq fəaliyyətini seçməkdə, mədəni sərvətlərin yaradılmasında, mədəni nemətlərdən bərabər istifadə etməkdə tam sərbəstdir.

 

Maddə 8. Mədəni özünəməxsusluq hüququ

 

 8.1. Hər kəsin öz milli mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mədəniyyət kimliyini müəyyən etmək, mənəvi, estetik və digər dəyərlərini sərbəst seçmək hüququ vardır.

 8.2. Mədəniyyət cəmiyyətləri öz mədəni özünəməxsusluğunu təbliğ etmək və inkişaf etdirmək və öz tarixi mədəniyyət məkanlarını bərpa etmək hüququna malikdir.

 8.3. Dövlət istənilən mədəniyyət cəmiyyətinin özünəməxsusluğunun qorunmasına və inkişafına dəstək göstərir.

 

Maddə 9. Yaradıcılıq azadlığı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin yaradıcılıq azadlığı vardır. Azərbaycan Respublikasında istənilən şəxs öz maraqlarına və bacarıqlarına uyğun peşəkar əsasda və azad yaradıcılıq (həvəskar) əsasında istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün yaradıcılıq fəaliyyətinin nəticələrini müəlliflik hüququ ilə qorumaq, mədəni sərvətləri nümayiş etdirmək, bu Qanunun tələbləri nəzərə alınmaqla, mülkiyyətində olan mədəni sərvətləri satmaq, bağışlamaq, habelə həmin məqsədlər üçün xarici ölkələrə aparmaq hüququna malikdir.

 

Maddə 10. Xaricdə mədəniyyət fəaliyyəti hüququ

 

 10.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xaricdə mədəniyyət fəaliyyəti ilə məşğul ola bilərlər.

 10.2. Azərbaycan Respublikası öz vətəndaşlarının xaricdə mədəniyyət fəaliyyəti ilə məşğul olmasına dəstək göstərir.

 10.3. Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ərazisində mədəniyyət fəaliyyəti həm fərdi qaydada, həm də təşkilat vasitəsilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmamışdırsa, həmin dövlətlərin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

Maddə 11. Mədəniyyət sahəsində mülkiyyət hüququ

 

 11.1. Hər kəsin mədəniyyət sahəsində mülkiyyət hüququ dövlət tərəfindən qorunur.

 11.2. Hər kəsin öz yaradıcılıq fəaliyyətinin nəticələrinə və qanuni əldə etdiyi mədəniyyət məhsullarına mülkiyyət hüququ vardır.

 11.3. Mədəniyyət məhsullarının və xidmətlərinin əldə edilməsi, istifadəsi və barəsində sərəncam verilməsi bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq tənzimlənir.

 

Maddə 12. Mədəni sərvətlərlə xarici ticarət

 

 Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Maddə 13. Mədəniyyət sahəsində sahibkarlıq hüququ

 

 Azərbaycan Respublikasında hər bir şəxs bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq mədəniyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

 

Maddə 14. Mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ

 

 14.1. Azərbaycan Respublikasında mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ dövlət tərəfindən təmin edilir.

 14.2. Bu Qanunun 14.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə dövlət tərəfindən:

 14.2.1. milli mədəniyyətin dünya mədəniyyətinə inteqrasiyasını, mədəniyyətlərarası dialoqların inkişafını və vahid mədəniyyət məkanının qurulmasını təmin etmək məqsədilə milli mədəniyyət sahəsində müvafiq layihələr həyata keçirilir;

 14.2.2. mədəniyyət sənayesinin inkişafına yönəlmiş investisiya layihələri həyata keçirilir və ya investisiya mühitinin yaxşılaşdırılması məqsədilə həmin investisiyaların qoyuluşuna əlverişli mühit yaradılır;

 14.2.3. əhalinin mədəniyyət müəssisələrindən və mədəniyyət məkanlarından istifadə imkanlarının sadələşdirilməsinə yönəlmiş layihələr həyata keçirilir;

 14.2.4. aztəminatlı əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, müharibə iştirakçılarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada mədəni sərvətlərdən güzəştli istifadəsi təmin edilir;

 14.2.5. iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnologiya və digər tədbirlər vasitəsilə uşaq və gənclərin mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən bəhrələnmələrini stimullaşdıran layihələr həyata keçirilir;

 14.2.6. mədəniyyət sahəsində ümumi estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə təhsilin gücləndirilməsi məqsədilə müvafiq layihələr həyata keçirilir;

 14.2.7. bu Qanuna uyğun olaraq mədəniyyət sahəsində dövlət reyestri və monitorinqi aparılır, dövlət nəzarəti həyata keçirilir;

 14.2.8. mədəniyyət sahəsində səyyar fəaliyyətin inkişafına dair layihələr həyata keçirilir;

 14.2.9. mədəniyyət sahəsində müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq edilir;

 14.2.10. mədəniyyət fəaliyyətinə dair standartlar qəbul edilir və tətbiqinə nəzarət həyata keçirilir;

 14.2.11. mədəniyyət sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görülür;

 14.2.12. dövlət mədəniyyət siyasətinin həyata keçirilməsinə dövlət nəzarəti təmin edilir;

 14.2.13. əhali mədəniyyət sahəsi barədə məlumatlandırılır.

 

Maddə 15. Mədəniyyət sahəsində təhsil hüququ

 

 15.1. Azərbaycan Respublikasında hər bir şəxs “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mədəniyyət sahəsində təhsil almaq və elmi fəaliyyətlə məşğul olmaq hüququna malikdir.

 15.2. Mədəniyyət sahəsində elmi tədqiqatların aparılmasına dövlət tərəfindən şərait yaradılır.

 15.3. Dövlət mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradılır.

 15.4. Mədəniyyət sahəsində təhsil və elmi müəssisələrin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi və mədəniyyət sahəsində beynəlxalq təcrübə və biliklərin tətbiq edilməsi dövlət tərəfindən dəstəklənir.

 15.5. Azərbaycan Respublikasında mədəniyyət sahəsində pedaqoji və elmi tədqiqat fəaliyyəti yaradıcılıq fəaliyyətinə bərabər tutulur.

 

Maddə 16. Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatları

 

 16.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının yaradılması “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir.

 16.2. Azərbaycan Respublikasında hər bir şəxs istənilən birliyə öz mənsubiyyətini müstəqil müəyyən edir və birliyin fəaliyyətində bərabər əsasda iştirak edir.

 16.3. Dövlət, mədəniyyət sahəsində həyata keçirilən tədbirlərin təşkilində və icrasında mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, o cümlədən yaradıcılıq birlikləri ilə əməkdaşlıq edir.

 

Maddə 17. Mədəniyyət sahəsində məlumat azadlığı

 

 17.1. “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl olunmaqla, hər kəsin mədəniyyət sahəsində istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

 17.2. Bu Qanunun 17.1-ci maddəsinin tələblərinə əməl olunmaqla, mədəniyyət sahəsində məlumat mübadiləsi kütləvi informasiya və digər yayım vasitələri ilə aparıla bilər.

 17.3. Azərbaycan mədəni irsinin və mədəni sərvətlərinin təbliğ edilməsinə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kütləvi informasiya vasitələri tərəfindən informasiya dəstəyi göstərilir.

 

4-CÜ FƏSİL

MƏDƏNİYYƏT SAHƏSİNDƏ FƏALİYYƏT VƏ ONUN SUBYEKTLƏRİ

 

Maddə 18. Mədəniyyət fəaliyyətinin subyektləri

 

 Azərbaycan Respublikasında mədəniyyət fəaliyyətinin subyektləri dövlət orqanları, fiziki, o cümlədən yaradıcı şəxslər, hüquqi şəxslər, həmçinin mədəniyyət müəssisələri və qeyri-hökumət təşkilatları ola bilərlər.

 

Maddə 19. Mədəniyyət müəssisələrinin təsis edilməsi və fəaliyyətinə xitam verilməsi

 

 19.1. Mədəniyyət müəssisələrinin yaradılması və fəaliyyətinə xitam verilməsi bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

 19.2. Mədəniyyət müəssisələri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş istənilən təşkilati-hüquqi formada yaradıla bilər.

 19.3. Mədəniyyət müəssisəsinin təsis sənədlərində onun mədəniyyət fəaliyyətinin istiqamətləri göstərilməlidir.

 

Maddə 20. Mədəniyyət sahəsində fəaliyyət istiqamətləri

 

 20.1. Mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir:

 20.1.1. milli mədəni irsin aşkarlanması, qorunması, təbliği və təşviqi;

 20.1.2. maddi və qeyri-maddi mədəni irsin qorunması, təbliği və təşviqi;

 20.1.3. tarix və mədəniyyət abidələrinin qorunması, təbliği və təşviqi;

 20.1.4. tarixi memarlıq qoruqlarının fəaliyyəti;

 20.1.5. təbii irsin qorunması, təbliği və təşviqi;

 20.1.6. peşəkar və həvəskar yaradıcılıq fəaliyyəti;

 20.1.7. audiovizual əsərlərin yaradılması və yayımlanması;

 20.1.8. kinematoqrafiya fəaliyyəti;

 20.1.9. teatr-konsert fəaliyyəti;

 20.1.10. poliqrafiya, nəşriyyat işi sahəsində fəaliyyət;

 20.1.11. kulinariya fəaliyyəti;

 20.1.12. mədəni-asudə vaxtın təşkili üzrə fəaliyyət;

 20.1.13. estetik tərbiyə sahəsində fəaliyyət;

 20.1.14. mədəniyyət və incəsənət sahəsində təhsil və pedaqoji fəaliyyət;

 20.1.15. mədəniyyət sahəsində elmi tədqiqat fəaliyyəti;

 20.1.16. muzey və qalereya fəaliyyəti;

 20.1.17. mədəni maarifçilik və kitabxana fəaliyyəti;

 20.1.18. mədəniyyət mərkəzlərinin, klublarının və parklarının fəaliyyəti;

 20.1.19. mədəniyyət sahəsinin təşviqi məqsədilə məlumatlandırma fəaliyyəti;

 20.1.20. folklor yaradıcılığının təbliği və təşviqi;

 20.1.21. qastrolların təşkili fəaliyyəti;

 20.1.22. dekorativ-tətbiqi yaradıcılıq fəaliyyəti;

 20.1.23. ədəbi yaradıcılıq fəaliyyəti;

 20.1.24. maarifləndirmə və təbliğat fəaliyyəti;

 20.1.25. teleradio yayımı fəaliyyəti;

 20.1.26. sirk fəaliyyəti.

 20.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə münasibətlər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

 20.3. Mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinin bərabər əsasda inkişafına dövlət tərəfindən şərait yaradılır.

 

Maddə 21. Mədəniyyət sahəsində təşkilati fəaliyyət

 

 21.1. Fiziki şəxslər, hüquqi şəxslər, o cümlədən qeyri-kommersiya qurumları, bu Qanunun 20.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mədəniyyət sahəsində aşağıdakı təşkilati fəaliyyətləri həyata keçirə bilərlər:

 21.1.1. Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin təşkili, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkili;

 21.1.2. uşaqların, gənclərin estetik, etik və mənəvi tərbiyələndirilməsi məqsədilə seminar, tədris, dəyirmi masa və digər aidiyyəti tədbirlərin təşkili;

 21.1.3. əhalinin milli və dünya mədəniyyət nailiyyətlərindən bəhrələnməsini asanlaşdıran tədbirlərin təşkili;

 21.1.4. mədəniyyət sahəsində istedadların müəyyən edilməsi, onların yaradıcılığının inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkili;

 21.1.5. yaradıcı şəxslərin hüquqi, sosial və iqtisadi maraqlarının təmin edilməsi ilə bağlı tədbirlərin təşkili;

 21.1.6. folklor nümunələrinin yaradılması, qorunması, təbliği və təşviqi ilə bağlı tədbirlərin təşkili;

 21.1.7. xalq yaradıcılığının inkişafı və təbliği, mədəniyyətin inkişafında xalq ənənələrindən yaradıcı şəkildə istifadə edilməsi, tarixi abidələrin qorunub saxlanılması və zənginləşdirilməsi ilə bağlı tədbirlərin təşkili;

 21.1.8. bəşəri dəyərlərin təbliği ilə bağlı tədbirlərin təşkili;

 21.1.9. pedaqoji kollektivlərlə birgə uşaq və gənclərin vətənpərvər, mədəni və intellektual inkişafı, mənəvi-etik və estetik tərbiyəsi ilə bağlı tədbirlərin təşkili;

 21.1.10. Azərbaycan Respublikasında yaşayan xalqların adət-ənənələrinin tanınması, təbliği və qorunması tədbirlərinin təşkili.

 21.2. Mədəniyyət sahəsində həyata keçirilən təşkilati fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən koordinasiya edilir.

 

Maddə 22. Mədəniyyət sahəsində fəaliyyətin xüsusiyyətləri

 

 22.1. Mədəniyyət təşkilatları mədəniyyət məhsullarının istehsalı və mədəniyyət xidmətlərinin göstərilməsi ilə məşğul ola bilərlər.

 22.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində əqli mülkiyyət, o cümlədən müəlliflik hüququ və əlaqəli hüquqların həyata keçirilməsi və qorunması “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

 22.3. Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 22.4. Azərbaycan Respublikasının milli mədəni irsinə aid sərvətlər bank zəmanəti kimi istifadə edilə bilməz.

 22.5. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir.

 

Maddə 23. Dövlət mədəniyyət müəssisələrinə xüsusi statusların verilməsi

 

 23.1. Dövlət mədəniyyət müəssisələrinə tarixi və mədəni roluna, yaradıcılıq fəaliyyətinin əhəmiyyətinə, fondlarının zənginliyinə, nadirliyinə, milli dəyərlərin qorunması və təbliği sahəsində nailiyyətlərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən milli, akademik, beynəlxalq və respublika əhəmiyyətini təsdiq edən status verilir.

 23.2. Milli statusa malik mədəniyyət təsisatlarının fondları və əmlakı milli sərvət hesab olunur və xüsusi əhəmiyyətli obyektlər kimi dövlət tərəfindən qorunur.

 23.3. Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

5-Cİ FƏSİL

YARADICI ŞƏXSLƏR

 

Maddə 24. Yaradıcı şəxslər

 

 24.1. Hər kəs peşəkar və ya həvəskar yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər.

 24.2. Azərbaycan Respublikasında yaradıcılıq fəaliyyəti dövlət tərəfindən dəstəklənir.

 24.3. Peşəkar yaradıcılığın inkişafı məqsədi ilə dövlət tərəfindən iqtisadi tədbirlər həyata keçirilir.

 24.4. Peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 25. Yaradıcı şəxslərin dövlət təminatı

 

 25.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyətin inkişafında, təbliğində və təşviqində xüsusi xidmətləri olan yaradıcı şəxslərə, festival və müsabiqə qaliblərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada fəxri adlar, təqaüdlər, mükafatlar verilir.

 25.2. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq orden və medallarla təltif edilirlər.

 25.3. Mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyətləri barədə məlumat bazası müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

 

6-CI FƏSİL

MƏDƏNİYYƏT SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏMƏSİ

 

Maddə 26. Mədəniyyət sahəsində dövlət reyestri sistemi

 

 26.1. Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət reyestri sistemi dedikdə bu sahədə reyestrlər, kataloqlar, uçot sistemləri, mədəniyyət əmlakının siyahıları və məlumat topluları nəzərdə tutulur.

 26.2. Mədəniyyət sahəsində dövlət reyestri sistemi mədəniyyət obyektlərinin kəmiyyət və keyfiyyət göstəricilərindən ibarət məlumat toplusudur.

 26.3. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı və mədəni sərvətlərin mühafizə siyahısı mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxildir.

 26.4. Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Maddə 27. Mədəniyyət sahəsində dövlət monitorinqi

 

 27.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 27.2. Mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədi mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət mədəniyyət siyasəti istiqamətlərinin və mədəniyyət siyasəti tədbirlərinin müəyyən edilməsidir.

 27.3. Mədəniyyət sahəsində dövlət monitorinqi mədəni sərvətlərin istifadəsinin və cari vəziyyətinin, mədəniyyət sənayesinin vəziyyətinin, mədəniyyət məhsullarının və xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin, maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasının, milli azlıqların mədəni müxtəlifliklərinin vəziyyətinin, mədəniyyət sahələrində kadr, maddi və texniki təchizatın cari vəziyyətinin, mədəniyyət sahəsində elm və təhsil müəssisələrində təhsil prosesinin və tədris proqramlarının müşahidələrindən ibarətdir.

 

Maddə 28. Mədəniyyət sahəsində rəsmi statistikanın aparılması

 

 28.1. Mədəniyyət sahəsində məlumatların obyektivliyinin və müqayisəliliyinin təmin edilməsi məqsədi ilə rəsmi statistika aparılır.

 28.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində rəsmi statistikanın aparılması, o cümlədən məlumatların yığılması, işlənməsi, bazada yerləşdirilməsi, ötürülməsi və yayılması “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiº qaydada həyata keçirilir.

 

Maddə 29. Mədəniyyət sahəsində elektron məlumat sistemi

 

 29.1. Mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət monitorinqinin aparılması, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır.

 29.2. Mədəniyyət sahəsində elektron məlumat sistemi dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin qurulmasına, mədəniyyət fəaliyyəti subyektləri arasında məlumat mübadiləsinin aparılmasına və mədəniyyət sahəsində səmərəli idarəetmənin təmin olunmasına xidmət edən kompleks proqram təminatıdır.

 29.3. Mədəniyyət sahəsində elektron məlumat sistemi özündə yerli və mərkəzi elektron məlumat sistemlərini ehtiva edir.

 29.4. “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, mədəniyyət sahəsində elektron məlumat sistemi ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan məlumatlardan ibarətdir.

 29.5. Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

7-Cİ FƏSİL

MƏDƏNİ SƏRVƏTLƏR VƏ AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİ İRSİ

 

Maddə 30. Mədəni sərvətlər

<p align="justify" st

Xəbərlər