“Şirvanşahlar irsi dünya muzeylərində” 

Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb

Mn illik dövlətçilik tarixi olan Şirvanşahlar dövlətinə aid dövrdə yaşayan insanların həyat şəraiti və məşğuliyyətini əks etdirən məişət və sənətkarlıq nümunələri, Şirvan şahlarının geyimləri.


Bütün bunları Şirvanşahlar Saray Kompleksində  açılışı keçirilən “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisində görmək mümkündür. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Açılış mərasimində qeyd olunub ki, sərgi böyük mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də böyük ictimai-siyasi əhəmiyyət kəsb edir.


Sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir.
Bu məkanda Gürcüstan muzeylərindən gətirilən böyük həcmli 4 ədəd şirvan tiyanları, vaxtilə Pirsaat xanəgah kompleksinin divarlarını bəzəmiş 2 kaşı fraqmenti sərgilənir. Bundan əlavə, dünyanın ən tanınmış muzeyləri - Luvr, Viktoriya Albert, Ermitaj, Metropolitan kimi muzeylərdə saxlanılan və Şirvanşahlar dövrünə aid maddi mədəniyyət nümunələri holoqramlar vasitəsilə nümayiş olunur.  Ayrı-ayrı maketlər Şirvanşahların bütün Azərbaycan boyu inşa etdiyi tarixi tikililəri təqdim edir. 


Sərgidə muzeylərdə və fərdi kolleksiyalarda saxlanılan 70-dək dəyərli əşya nümayiş olunur. Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilib və yanvarın 23-dək davam edəcək.

 

Xəbərlər