Təqvim

Mənəvi mədəniyyəti olduqca zəngin olan Azərbaycan xalqı qədimdən bəri Novruz bayramı şənliklərini sevinclə qarşılamış, xüsusi dəbdəbə ilə qeyd etmişdir. Bütün el-oba tonqal ətrafına toplanaraq böyüklərin alqışı, kiçiklərin gülüşü ilə şadlanmışdır.

Bugün də bir daha vətənimizin həmin ənənəni necə uğurla və ürəkdən davam etdirdiyinin şahidi olduq. Beləki, bir qayda olaraq hər il 19 mart tarixində Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə şəhərin mərkəzini ziyarət edərək əhali ilə görüşür, sakinlərə ən xoş arzularını çatdırır.

Əlbəttə ki, Novruz şənliklərinin mərkəzi olan İçərişəhər ölkə başçısı və xanımının böyük sevgi və zövqlə ziyarət etdiyi məkandır. Başdan-ayağa bahar libasına bürünmüş qədim şəhər musiqi proqramı, Novruz bayramı personajları, əhalinin diqqəti ilə ölkə başçısını və birinci xanımı qarşıladı. Onlar sakinlər ilə söhbət etdi, Qoşa Qala meydanında təşkil edilən "Novruz" yarmarkası ilə tanış oldu, Qız Qalası abidəsinin qarşısında "Bahar qalası" fesivalı çərçivəsində hazırlanan rəqs nömrələrini seyr etdi.

Prezident və xanımı həmçinin Buxara karvansarayında İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxdılar, eyni zamanda sakinlərlə çay süfrəsi arxasında söhbət etdilər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırdı. Bununla da ölkəmizdə rəsmi olaraq Novruz bayramı şənliklərinə start verilmiş oldu!

Xəbərlər