Təqvim

18.01.2019-cu il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin akt zalında “20 Yanvar – Tarixdə bugün” adlı elmi-praktik seminar keçirilmişdir. 
Qeyd edək ki, Qoruq İdarəsi ölkənin ictimai həyatında baş verən hadisələrə xüsusi diqqətlə yanaşır və 20 Yanvar faciəsi isə hər il bir qayda olaraq Qoruq İdarəsinin nəzərində olan tarixlərdən biridir. Ümumxalq hüzn günü ilə bağlı olaraq keçirilən tədbirdə Qoruq İdarəsinin elm və mətbuat şöbələrinin əməkdaşları maraqlı və olduqca informativ məruzələr ilə çıxış etmişlər. 
Vurğulanmışdır ki, artıq 29 ildir ki, Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmə tarixini məhz 20 Yanvar hadisələrində həlak olan qəhrəman övladlarına borcludur. Onların vətən sevgisi, dönməz əqidəsi yurdumuzun başı üzərinİ alan qara buludları dağıtmış, çoxsaylı itkiyə, kədərə rəğmən xalq öz mətanətini itirməmişdir. Bugün paytaxtımızın ən hündür guşəsində salınan Şəhidlər Xiyabanı gələcək nəsillər üçün rəşadət, igidlik simvoludur. 
Tədbirdə nümayiş edilən sənədli filmdə bu faciədən kadrlar nümayiş edilmiş, hadisənin siyasi və tarixi mahiyyəti izah olunmuşdur.
Bildirilmişdir ki, Qoruq İdarəsi daima bu tarixin əhəmiyyətinin qorunub saxlanılmasında bütün səyi ilə iştirak edəcəkdir.

Xəbərlər