18.01.2019-cu il tarixində Şirvanşahlar Sarayı Kompleksində bənzərsiz “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi keçirildi. Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin dəvət olunduğu tədbir 25 oktyabr 2018-ci ildən bəri davam edən sərgiyə həsr edilmişdi.

     Tədbirdə Türkiyə Cümhuriyyəti, Polşa Respublikası, Hindistan Respublikası və digər diplomatik korpusların nümayəndələri iştirak edirdi. Mərasimdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Elmi-Mədəni Mərkəzin Direktoru Cavid Kazımov qonaqları salamlayaraq, onlara sərginin mahiyyətindən bəhs etdi.

         “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə ərsəyə gələn sərgi ilk dəfə olaraq VI-XVI əsrlərdə Azərbaycanın şimal-şərq torpaqlarında mövcud olan Şirvanşahlar dövləti zamanında yaradılan maddi-mədəniyyət nümunələrini nümayiş etdirir. Onun unikallığı isə 500 ildən çox uzun müddətdə ölkə xaricinə aparılmış nadir sənət əsərlərinin yenidən vətənimizə qaytarılması ilə bağlıdır. Beləki, Qoruq İdarəsinin Əsgəri Muzeyi (İstanbul) və Gürcüstan Milli Muzeyi (Tiflis) ilə apardığı məhsuldar əməkdaşlıq çərçivəsində müvafiq olaraq 4 dəbilqə, 2 zirehli geyim və 2 tiyan və kaşı nümunələri sərgidə təqdim edilməsi üçün ölkəmizə gətirildi.

        Sərgidə həmçinin “Məhv olmuş və dağıdılmış abidələr” layihəsi çərçivəsində istedadlı tələbələrin yaratdığı Şirvan abidələrinin və Qərb ölkələrinin məşhur muzeylərində qorunan analoqu olmayan unikal əl işlərinin 3D formatında görünüşü ziyarətçilərə təqdim olunur.

       Ümumilikdə isə sərginin ekspozisiyası Şirvan şahlarının dövründə zərb edilən pullar, dini atributlar, Pir Hüseyn xanəgahının maketi və kaşı parçaları, Milli Azərbaycan Tarixi Muzeyi və Şamaxı Dövlət Tarix-Diyarşünaslıq Muzeyindən gətirilən qiymətli eksponatlar ilə olduqca zəngindir.

        Bunlarla yanaşı sərgidə Şirvanşahlar dövlətinin qüdrətinə həsr edilmiş 2 animasiya filmi, rekonstruksiya edilmiş qədim musiqi alətləri nümayiş edilir, məşhur Azərbaycan şairlərinin ibrətamiz kəlamları əski nəğmələr səsləndirilir.  Eyni zamanda sərgidə fəaliyyət göstərən kiçik mağaza ziyarətçilərə bu gözoxşayan sərgidən xatirə olaraq əşya və kitab əldə etmək imkanı yaradır.

       Qoruq İdarəsi növbəti illərdə də həyata keçirəcəyi ilkləri Azərbaycab tarixinə və mədəniyyətə töhfə verməyə davam edəcəkdir.

          Sonda nəzərinizə çatdıraq ki, sərgi 23.01.2019-cu il tarixinə qədər davam edəcəkdir.