Şirvanşahlar sarayının aşağı həyətindəki Şah hamamının zamanla  təbiət və insan amili nəticəsində üzəri tamamilə torpaqla  örtülmüşdür. Hamam ərazidə aparılan abadlıq işləri  zamanı aşkara çıxmışdır. Şah hamamı Şirvanşahlar sarayı kоmplекsinə aid olub, kompleksin аşаğı həyətində yеrləşir. Hamam konservasiya olunaraq turizm maşurutuna  salınmışdır.

     Qoşa Qala qapıları yaxınlığında aparılmış abadlıq və arxeoloji kəşfiyyat işləri  zamanı  isə   son orta əsrlərə aid edilən Yeraltı hamamın qalıqları aşkar edilmişdir. Zaman  kеçdikcə qalınlaşan tоrpаq qаtı аrtаrаq оnun üzərini  tam olaraq   örtmüşdür. 2016-cı ildə arxeoloji qazıntılar zamanı hamamın qalıqları aşkara çıxmışdır. Alimlərin fikrincə o dövrdə Bakıda sanitariya və gigiyena qaydalarına ciddi şəkildə əməl edən  gömrük hamamları fəaliyyət göstərmişdir. Çox güman ki, bu hamam da Bakı gömrüyünə xidmət edirmişdir. Hazırda abidədə bərpa və konservasiya işləri aparılır.

      “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix-mədəniyyət abidələrini öyrənir, mədəni irsimizi tədqiq və təbliğ edir, onları konservasiya edərək  gələcək nəsillərə ərməğan etməklə yanaşı həmçinin bərabar olaraq  turizm sektorunu da inkişaf etdirir. Qoruq  İdarəsi mühafizə rejiminə riayət etməklə, ərazidə rekreasiya zonasını müəyyən edir, həmçinin təbii landşaftların salınması ilə əlaqədar görülən rekonstruksiya və torpaq-qazıntı işləri zamanı bu ərazidə paralel olaraq  arxeoloji xilasetmə işləri də aparır.

      Qədim Bakının tarixinin araşdırılması məqsədilə təyinatsız qalmış və tarixi tam öyrənilməmiş abidələrin aqibətini araşdırmaq üçün ərazidə xilasedici arxeoloji kəşfiyyat işləri aparılır. Son illər ərzində İçərişəhərdə turizm infrastrukturunda  nəzərəçarpacaq dərəcədə böyük işlər görülmüşdür. İki əsr bundan öncə qədim Bakı  indi İçərişəhər adlandırdığımız tarixi məkan hal-hazırda müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq İdarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər konservasiya edilərək, yeni görkəmdə məhz turizm məqsədləri üçün istifadə edilir. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi-memarlıq abidələrini qeyd etmək olar.

Xəbərlər