Bakı xanlarının sarayı

Bakı xanlarının sarayı

Şamaxı qapısından (indiki qoşa qala qapısı) daxil olanda sol tərəfdə XVIII əsrin memarlıq abidəsi – Bakı Xanlarının sarayının qalıqları yerləşir. Bu kompleks 1747- ci ildən 1806 - cı ilə qədər Bakıda hökmranlıq etmiş Bakı xanlarının yaşayış yeri olmuşdur. 1747 - ci ildə Nadir Şahın ölümündən sonra (suiqəsd nəticəsində ) onun böyük imperiyası bir sıra feodal dövlətlərə parçalandı və bu vaxt Azərbaycanda da bir sıra müstəqil xanlıqlar yarandı. Onlardan biri böyük nüfuza malik paytaxtı Bakı şəhəri olan “Bakı xanlığı ” idi. Bakı xanlığı da hakimiyyəti müstəqil idarə etmişdir. Burada 1747-1768 – I Mirzə Məhəmməd xan ( Dərgahqulu xanın oğlu); 1768-1784 – Məlik Məhəmməd xan(I Mirzə Məhəmməd xanın oğlu);1784-1791 – II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu);1791-1792 – Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu); 1792-1806 – Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu) yaşamışdır. Bakı xanlarının sarayı, haqqında məlumatlar, XIX əsrin əvvəlləri, daha dəqiq desək 30 oktyabr 1809 - cu ilin plan rəsmlərindən götürülmüşdür. Plan Xan sarayı yaşayış kompleksi və onun ətrafında 5 - həyəti təqdim edir.
Bəzi tarixi mənbələrdə Məlik Məhəmməd xan tərəfindən tikildiyi ehtimal edilən birinci böyük həyət ( Böyük Qala küçəsi 44 A,B) çox güman ki, xanın öz həyətidir (I Mirzə Məhəmməd xan) çünki burada bağ və hovuz mövcud idi. Planda “Xan bağı” kimi qeydə alınan bu yer orta əsrlər Bakısında yaşıllığına və çoxlu meyvə ağaclarına görə ən böyük bağ hesab olunurdu. Eyni zamanda plandan görünür ki, yaşayış korpusu quruluşca iki yerə bölünür:
1 - ci xaotik (qarışıq) planlaması ilə Şirvanşahlar sarayının tikinti üslubuna bənzəyən (yəni otaqlar iç - içə qarışıq şəkildədir)
2 - ci isə tək sıralı yaşayış otaqlarıdır (hər otağa giriş ayrıdır)
Əsas korpusların fasad örtükləri aşağıdakı şəkildə xarakterizə edilir. Xan sarayının fasadında həyətin ərazisinə çıxan asimmetrik , kənarları xətlənmiş, böyük tağlı (arkalı) giriş üçün keçid vardır. Onun üzərində “balaxana” yerləşirdi. Balaxana kiçik otaq deməkdir yəni "bala" - yuxarı, hündür, "xana" - ev deməkdir. Binanın 1- ci mərtəbəsinin divarlarında çoxlu sayda taxçalar, onların üstündə isə 2-ci mərtəbədə dördbucaqlı pəncərələr təsvir edilmişdir. Tədqiqatçılar yaşayış evinin 100-dən çox otaqlarının olduğunu qeyd edirlər. Evin divarları yerli əhəng daşından tikilib. Planda əsas ölçüləri isə bunlardır: 49,6 x 28,0; hündürlüyü 7 m- dir.
Birinci böyük həyətə birləşik həyət isə Əbdül Rəhim bəyin evidir. Memarlıq baxımından bu evin fasadı daha da işlənmiş görünür. Burada fasad 2 mərtəbəli (yaruslu) xarakterizə olunmuşdur. Hündür qüvvəli tavan yalnız böyük olmayan bir otağın üstündədir, bu da daha çox dəhlizə bənzəyir. Bu tikili kompleksin ən qədim hissəsidir. Əbdül Rəhim bəyin evi hələ 1738 - ci ildə yaradılan Bakı qalasının planında saray kimi qeydə alınmışdır.
Bakı sarayının bəzi hissələri XIX əsrin 50 - ci illərinə qədər mövcud idi. Bunu tikilinin üstündəki “Rəhmli və mərhəmətli Allahın adı ilə.h.1164 (1750/51il)” sözləri yazılmış kitabə də sübut edir. İkinci həyət Mehdi Qulu xanın evi kimi verilmişdir. Həyətlərlə əhatə olunmuş yaşayış korpuslarının və fasadların üzərinin ölçülərinə görə 2 mərtəbəli olduqları nəzərə çarpır.
Mehdi Qulu xanın evinin 2 - ci mərtəbəsindəki geniş fasad başlıqlarının tikiliş forması imkan verir ki, orada taxtadan şəbəkə və balaxana pəncərələrinin olması ehtimal edilsin. Mehdi Qulu xanın evinin fasadı, 3 tağlı xarakterizə edilir. Evin özü isə kəsik görüntülərindən də göründüyü kimi 2 mərtəbəli olmuşdur. XVIII əsrdə ikimərtəbəli binalar tək- tək hallarda tikildiyi üçün Bakı xanlarının yaşayış kompleksi möhtəşəm və qeyri – adi görünüşü ilə (karvansaralar, məscidlər və ümumi yaşayış evləri) digər tikililər arasında xüsusi nüfuza malik idi.
Abidə Şirvan memarlıq məktəbinin bir nümunəsidir. Bakı xanlarının saray kompleksinin plan və memarlıq üslubu ilə Abşeron və Ordubad binaları arasında bir çox ümumiliklər vardır. Saray ərazisinin ətrafında müdafiə divarlarının olmaması, bu yerin ehtiyatlı yerləşdirilməsi seçimi ilə kompensasiya olunub. Bir tərəfdən Şamaxı qapıları digər tərəfdən isə xan sarayının divarları bilavasitə dəniz sahilinə çıxırdı. Beləliklə təhlükə zamanı xan iki yoldan istifadə edərək xilas ola bilərdi.
Tədqiq edilmiş kompleks o dövr üçün tipik olan bütün xanlıqların mərkəzlərində inşa edilmiş xan saraylarındandır. Eyni zamanda bu saray XVIII əsrin Bakı evlərinin xarakterini bizim təsəvvürümüzdə genişləndirir və gözümüzün önündə bizim zamana gəlib çatmayan nümunələr canlanır.
Plan rəsmlərindən göründüyü kimi abidənin yaxınlığında “Xan bağı” nın sağ tərəfində su quyusu yerləşir. Su quyusuna yaxın yerdə isə Bakı xanlarına məxsus məscid yerləşir. Bu məscid haqqında məlumatlara çox təəssüflər olsun ki az rast gəlinir. 1806 – cı ildə ruslar tərəfindən Bakı xanlarının sarayında dəfələrlə rekonustruksiya və bərpa işlərinin aparılması nəticəsində məscidin ilkin görünüşü təhrif olunmuş və indiki görkəmində bizə qədər gəlib çatmışdır. Məscid tikinti quruluşuna görə öz dövrünün məhəllə məscidlərinə bənzəyirdi. ХIХ əsrdə məscidlərin fаsаd divаrlarının səthi üç düzbucаq formalı çərçivələrə bölünürdü. Hər bir çərçivənin içərisində isə yаrıqlа tаmаmlаnаn pəncərələr yеrləşirdi, girişi isə pоrtal fоrmаsındа işlənirdi. Məscidlər içəridən sadə, ancaq həcmcə böyük bir otaqdan ibarət olurdu. Hal - hazırda tikili düzbucaqlı formadadır, fasad divarının üzərində tağlı formada bir qapısı və dörd pəncərəsi var. Eyni zamanda yan sağ divarında tağ formalı üç pəncərə, arxa divarında isə beş pəncərəsi var. Pəncərələr müasir dəmir barmaqlıqlarla çərçivələnmişdir. Tikilinin geniş həcmli otağı isə altı ədəd kiçik otaqlara bölünmüşdür. Son dövrlərə qədər abidədə “Azərbaycan Respublikasının Yeni Əsr Xeyriyyə Cəmiyyəti”yerləşirdi. Hal hazırda isə abidə istifadəsizdir.
Rusiyanın Bakını işğal etdikdən sonra isə rus hərbi mühəndisləri tərəfindən tərtib edilmiş çertyoj əsasında aparılmış rekonustruksiya nəticəsində bina əsgər kazarmasına çevrilmiş və burada rus hərbi dəniz qarnizonu yerləşdirilmişdir. Abidədə dəfələrlə aparılan rekonustruksiya işlərinin və yeni tikililərin əlavə olunması nəticəsində kompleksin ilkin görünüşü təhrif olunmuşdur. Elə həmin ildən rus generalı Bulqakov bu evdə yaşamışdır. Bakı Xanlarının evinin divarları mahir rəssamların yağlı boya və qızıl suyuna çəkilmiş rəsm əsərləri ilə bəzədilmişdir. General Bulqakovun əmrinə əsasən bu şəkillər xüsusi alətlərlə divarlardan çıxardılaraq gəmi vasitəsilə Rusiyaya aparmışdır. 1859-1920 – ci illərdə Bakı xan saray kompleksinin binalarının üzərinə mərtəbələr artırılaraq dəfələrlə rekonustruksiya işləri aparılmış və yeni tikililər əlavə edilmişdir. Bu səbəbdən də Bakı xan saray kompleksinin ilkin görünüşü təhrif olunmuşdur.
Sovet İttifaqı dövründə isə bu ərazidə hərbi polis idarəsi yerləşirdi. 1985/86 - cı illərdə Bakı xan sarayının ərazisinin bir hissəsində arxeoloji qazıntılar aparılmışdır. Buradan külli miqdarda maddi-mədəniyyət nümunələri ilə yanaşı su kəhriz sistemi və yeraltı memarlıq tikililəri də aşkar olunmuşdur. Xan sarayının ərazisində indiki Qoşa qala divarlarının dibində 2015-ci ildə aparılan arxeoloji qazıntılar zamanı yeraltı hamam aşkar edilmişdir. Hal - hazırda ərazidə elmi-tədqiqat işləri aparılır.

Xəbərlər