SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun doğum günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan Tahir Salahovun ev-muzeyində xatirə tədbiri təşkil olunub.

Tədbiri muzeyin direktoru Səadət Mirzəyeva açaraq sənətkarın ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açıb. Bildirib ki, dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb və on il öncə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov bildirib ki, Tahir Salahov nəinki Azərbaycanda və Sovet İttifaqında, hətta dünyada müxtəlif xalqlar arasında mədəniyyət və dostluq körpüsünü təcəssüm etdirirdi. “Onun Vətənə sevgisi Abşeronun keşməkeşli gözəlliklərini və neft mədənlərini tərənnüm edən əsərlərdə, ən əsası isə orada yaşayıb-yaratmış insanlarda yaşayır. Həmin obrazlar onun həyatda gördüyü insanlarda tərənnüm edirdi – təsadüfi deyil ki, dahi Tahir Salahovun rəsmlərinin əksəriyyəti dərin avtobioqrafik məna daşıyır”, - deyə Ə.Ələkbərov vurğulayıb.

Dahi əssamın yaradıcılığından söz açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayev, xalq rəssamı Səlhab Məmmədov və başqaları çıxışlarında qeyd ediblər ki, Tahir Salahovun Azərbaycan rəngkarlığının inkişafında bütöv bir dövrü təşkil edən əsərlərinin bu gün dünyanın mötəbər muzeylərində sərgilənir. Tahir Salahovun rəssamları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasında qərarlaşır. Çoxsahəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun əsərləri dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin qızıl fonduna daxildir.

Tədbir çərçivəsində görkəmli sənətkar Tahir Salahovun həyat və fəaliyyətindən bəhs edən “Dialoq” kitabı təqdim edilib. Həmin kitabın yaradılması
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya məxsus ideya əsasında "İçərişəhər" DTMQ İdarəsi tərəfindən reallaşdırılmışdır.

Tədbirdə həmçinin dahi rəssam haqqında videoçarx nümayiş olunub.

Xəbərlər Qalereyası

Xəbərlər