Bu gün “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ölkəmizə səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri, senator Vito Petroçelli, Matera şəhərinin meri Domeniko Bennardi və Matera Şəhər Şurasının sədri Antonio Materdomini ilə görüşüb.

Görüşdə tərəflər iki ölkə arasında mədəniyyət və incəsənət, mədəni irsin qorunması və idarə olunması sahələrində əməkdaşlığın inkişaf səviyyəsindən məmnun olduqlarını bildiriblər. Həmçinin qonaqlarla gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Görüş zamanı YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər və Matera şəhəri arasında əməkdaşlığın yaradılması məqsədilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Matera Şəhər Bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında Protokol” imzalanıb. Nəzərə çatdırılıb ki, Protokolun imzalanmasında əsas məqsəd İçərişəhər və Matera şəhəri arasında dostluq münasibətlərini genişləndirmək, iqtisadi, sosial və mədəni əlaqələri daha da gücləndirmək, ortaq fəaliyyət sahələrini müəyyən etməkdir. Eyni zamanda sənəddə incəsənət, mədəniyyət, turizm, elm və tarix sahələrində birgə fəaliyyət, proqram və layihələrin təşkilinə, eləcə də təcrübə və informasiya mübadiləsinə qarşılıqlı dəstəyin verilməsi, mədəni irsin qorunması, bərpası və inkişafı sahələrində əməkdaşlığı sürətləndirmək və s. məsələlər öz əksini tapıb. Sənədi “İçərişəhər” DTMQİ adından İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Matera Şəhər Bələdiyyəsi adından şəhərin meri Domeniko Bennardi imzalayıb.

Görüş qonaqların İçərişəhərin tarixi-memarlıq abidələrini ziyarət etməsi ilə başa çatıb.

Xəbərlər Qalereyası

Xəbərlər