Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə 9 mart 2021-ci il tarixində "Qarabağın musiqi tarixi – aşıq sənəti" adlı Gənc Aşıqlar onlayn respublika müsabiqəsinin təltifetmə mərasimi və final konserti keçirilib.

Rəsmi açılış mərasimində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, "İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və əməkdar incəsənət xadimi, YUNESKO-nun qeyri-maddi irsinin eksperti Sənubər Bağırova çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına uyğun olaraq təşkil olunan onlayn müsabiqə çərçivəsində 3-5 mart tarixlərində peşəkar müəllimlər tərəfindən aşıq sənəti üzrə onlayn ustad dərslər təşkil edilib. Müsabiqənin sonunda "Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş xüsusi mükafat" nominasiyası üzrə mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə 4 yaş qrupu (9-20 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilib və ümumilikdə 200 nəfər müsabiqədə iştirak edib. Müsabiqənin I turu 2020-ci ilin noyabr və dekabr aylarında, II tur isə 2021-ci ilin yanvar-mart aylarında baş tutub.

Müsabiqənin nəticələrinə əsasən, Babaşov Murad (Bakı) “Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş xüsusi mükafat” nominasiyası üzrə mükafata, 9-11 yaş qrupu üzrə Nəhmətli Bahadur (Qobustan) I yerə, Cəfərli Kənan (Qubadlı) II yerə, Abbasova Sona (Bakı) və Məmmədov Fuad (Ağstafa) III yerə, 12-14 yaş qrupu üzrə Məmmədli Pərvin (Bakı) I yerə, Aşurov Həsən (Bakı) və Qaraşlı Şahin (Ağdam) II yerə, Bəkirov Abbas (Mingəçevir), Şixəliyev Elmir (Qaradağ), Məmmədli Tunar (Laçın) III yerə, 15-17 yaş qrupu üzrə Qurbanlı Vahid (Ağstafa) I yerə, Gülməmmədov Kənan (Bakı), Alxasov Tacir (Bakı) II yerə, Əhmədov Anar (Şuşa), Məmmədov İlkin (Kəlbəcər), Hüseynov İbrahim (Ağstafa) III yerə, 18-20 yaş qrupu üzrə Məmmədova Ayşə (Bakı) I yerə, Alışov Aynəttin (Bakı) II yerə layiq görülüb.

Müsabiqənin qalibləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbərlər Qalereyası

Xəbərlər