"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən "İçərişəhər" Muzey Mərkəzinin və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə 3 mart 2021-ci il tarixində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.

Layihə çərçivəsində baş tutan tədbirdə "İçərişəhər" DTMQİ-nin əməkdaşlarının və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının Fəxri Üzvlərinin iştirakı ilə seçilmiş müvafiq ərazilərdə 50-yə yaxın nar ağacı əkilib və tədbir çərçivəsində ziyarətçilər "Qala" DTEQ ərazisində yerləşən tarixi abidələrlə də tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə 2021-ci il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə "Nizami Gəncəvi İli" elan edilib. Həyat və sevginin ilahi simvolu sayılan nar təsviri Nizami Gəncəvi yaradıcılığında, poema və miniatürlərdə daha çox tərənnüm edilmişdir. Sözügedən tədbir məhz bu çərçivədə təşkil edilən müxtəlif tədbirlər silsiləsinin bir parçasıdır.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının mədəni həyatında, qədim adət-ənənələrində, kənd təsərrüfatında xüsusi yer tutan nar mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.

Xəbərlər Qalereyası

Xəbərlər