18 noyabr tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehlə görüşüb.

Görüşdə Azərbaycan və İordaniya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, tarixi abidələrin qorunub-saxlanılması və bərpa-konservasiyası istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

İordaniyanın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Petra və Amman şəhərlərinin bələdiyyələri ilə "İçərişəhər" DTMQ İdarəsi arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib. Hər iki qədim şəhər arasında tarixi ərazinin qorunması və idarə olunması sahəsində təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin, iki ölkə arasında qarşılıqlı turist axınının yaradılması və turistlər üçün xüsusi turizm paketlərin təşkili qərara alınıb. Səfir Sami Abdullah Ğoşeh bildirib ki, 2020-ci ildə dünyanı bürüyən pandemiya səbəbindən açılması nəzərdə tutulmuş Azərbaycanla İordaniya arasında birbaşa uçuş planları təxirə salınmalı olunduğundan, turist mübadiləsinin təşkili mümkün olmayıb. Lakin qarşıdakı il ərzində turistlər üçün İordaniyadan Azərbaycana və əks istiqamətdə xeyli sayda turların həyata keçirilməsi nəzərdə tutulur. Turlar üçün hazırlanacaq xüsusi turizm paketlərinə İçərişəhərin tarixi və turistik məkanlarına səyahət də daxil olacaq.

İkitərəfli əməkdaşlıq çərçivəsində, həmçinin, Azərbaycan və İordaniya arasında incəsənət sahəsi üzrə mütəxəssislərin və sənətkarlarının qarşılıqlı səfərləri və mədəniyyət mübadiləsinin təşkili nəzərdə tutulur.

Xəbərlər Qalereyası

Xəbərlər