Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazilərimizi, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Düşmənə qarşı əks-hücum tədbirləri başladılıb və işğal altında olan bir sıra torpaqlarımız mənfur düşmənlərdən azad edilib. Bu gün də bu tədbirlər Ali Baş Komandanın əmri ilə Müzəffər Ordumuz tərəfindən davam etdirilir. Bununla əlaqədar bütün ölkədə binaların fasadlarında və digər görünən yerlərdə əsgərlərimizə dəstək və vətənpərvərliyin təbliği məqsədi ilə bayraqlar asılıb, digər ruhlandırıcı tədbirlər həyata keçirilir.

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu  tədbirlərin icrasında yaxından iştirak edir. Azərbaycanın, Bakının qədim məkanı olan İçərişəhərdə bir neçə yaşayış və tarixi abidələrimizin üzərində şanlı Bayrağımız dalğalanır, müxtəlif vətənpərvər ruhlu foto və informativ tablolar ərazini daha da zənginləşdirir. Görülən işlərin davamı kimi İdarənin dəstəyi ilə gənc rəssamlar Vüsalə Ağarazıyeva, Daşqın Bayramov və Ağayar Bayrışovun Qoşa Qala meydanında çəkdiyi üç rəngli Bayrağımızın möhtəşəm rəsmi ziyarətçilərin, eləcə də sakinlərin böyük marağına və sevincinə səbəb olub.

 Azərbaycan torpağının övladı olaraq, onun dövlət rəmzini qədim İçərişəhərdə təsvir etməyin  onlarda  inanılmaz hisslər doğurduğunu bildirən əsərin müəllifləri ”Vətənimiz qarşısında baş əyirik. Divar üzərində bu rəsmlə sevgi və qürur hisslərimizi göstərmişik” deyə sevinclərini ifadə ediblər. 

 

“İçərişəhər”DTMQİ Mətbuat Xidmətinin məlumatı

 

Xəbərlər