Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan edilmişdir. "İçərişəhər" Muzey Mərkəzi də bu sərəncamı rəhbər tutaraq əhəmiyyətli mədəniyyət abidələrini, tarixi yerləri qorumaq və sənədləşdirmək üçün həvəsli təqaüdçü qruplar tərəfindən tədqiqat və maarifləndirici işlərin təşkili üçün 04.03.2020- ci il tarixindən "Gümüş könüllülər" adlı sosial layihəyə başlayıb.

"Gümüş könüllülər" layihəsi yaşlı insanların könüllü xidmət göstərmələrinə və xeyriyyəçilik proqramlarına cəlb olunmalarına imkan yaradacaq. Yaşlı insanların mədəni və tarixi irsin qorunmasında mənəvi cəhətdən məmnuniyyətinin və əhəmiyyətinin artırılmasına, könüllülük xidməti ilə özünü fiziki və mənəvi cəhətdən güclü hiss etmələrinə, daxili potensiallarını, həyat təcrübələrini cəmiyyətin müxtəlif kateqoriyalı və ehtiyacı olan insanlarla paylaşmasına, psixoloji stresslərini azaltmalarına imkan verəcək.

Layihə İçərişəhər ərazisində və Qala qoruğunda tətbiq olunacaq. "İçərişəhər" Muzey Mərkəzinin fond saxlanc yerlərində məsləhətçi işlərinin aparılması və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerli əhəmiyyətli mədəniyyət abidələrinin, dəfn və müqəddəs yerlərin bərpası, toplanmış materialların sənədləşdirilməsi, yerli adət-ənənələrin və sənətkarlıq nümunələrinin (dulusçuluq, dəmirçilik, xalçaçılıq və milli mətbəx) nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması könüllülər tərəfindən təşviq ediləcək.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər