29 fevral 2020-ci il tarixində YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Fotoqrafları Birliyinin (AFB) "İlin Fotoqrafı – 2019" mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə "İlin Fotoqrafı – 2019" mükafatından əlavə digər nominasiyalar üzrə də mükafatlar təqdim edilib. Əli Qafarovun xatirəsinə təsis olunmuş "Müharibə fotoqrafı", Yaşar Xəlilovun xatirəsinə təsis olunmuş "İdman fotoqrafı", Oleq Litvinin xatirəsinə təsis olunmuş "Foto reportyor", Ənvər Qaragözovun xatirəsinə təsis olunmuş "Ekstrimal fotoqraf", Rafiq Nağıyevin xatirəsinə təsis olunmuş "Dokumental fotoqraf", Hüseyin Hüseyinzadənin xatirəsinə təsis olunmuş "ART fotoqraf" və "Ümid" mükafatı, eləcə də fotoqrafiya sənətinin tərəqqisi və inkişafı naminə həyata keçirilən layihələrdə iştiraklarına, beynəlxalq fotomüsabiqələrdə qazandıqları qələbələrinə, keçirilən uğurlu fotolayihələrə görə, fotoqrafiya sənətininin təbliği üçün təşkil olunan qrup və fərdi sərgilərə görə mükafatlar verilib.

Mərasimdə fotoqrafiya sənətinin təbliği üçün Bakı Fotoqrafiya Evinin yaradılmasına verdiyi töhfələrə görə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mükafat və xatirə diplomu ilə təltif olunub.

YARADAN Yaradıcı Birliyinin üzvü, peşəkar fotoqraf Leyli Ələkbərova Rafiq Nağıyevin xatirəsinə təsis olunmuş "Dokumental fotoqraf" adı və sənədli fotoqrafiyada uğurlarına görə "İlin Fotoqrafı 2019" mükafatına layiq görülüb. Xatırladaq ki, L.Ələkbərova Xocalı faciəsinin 25 illiyi ilə bağlı İçərişəhərdə keçirilən "Xocalı - gözlərdə donan tarix" fotosərgisinin müəllifi və I və II "Baku Photo" müsabiqəsinin təşkilatçılarından biridir.

Qeyd edək ki, "İlin Fotoqrafı" mükafatı 2000-ci ildə AFB tərəfindən təsis edilib. 150 ildən artıq tarixi olan Azərbaycan fotoqrafiyası ölkənin tarixi və mədəni inkişafına öz töhfəsini verib.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər