Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar 25 fevral tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında "Qarabağdır Azərbaycan!" adlı elmi-praktik seminar keçirilib.

Tədbiri giriş sözü ilə "İçərişəhər" DTMQ İdarəsinin Elmi-Mədəni Mərkəzinin Elm şöbəsinin müdiri İradə Musayeva açıb. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra ADPU-nun Tarix-coğrafiya fakültəsinin alimlərindən Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  Naibə Əhmədovanın "Xocalı faciəsi vətənpərvərlik və tərbiyə məktəbi kimi",  Ümumi tarix kafedrasının dosenti, tarix elmləri doktoru  Sevinc Seyidovanın "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində girov götürülmüş, əsir və itkin düşmüş vətəndaşlara qarşı erməni vandalizmi",  Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun "Mart qırğınlarından Xocalı soyqırımına: dəyişən tarix, dəyişilməyən erməni məkri",  Azərbaycan tarixi kafedrasının baş müəllimi Samirə Ramazanovanın "Yanıqlı nalələr", eləcə də tələbələrdən Tarixin tədrisi metodikası ixtisasının I kurs magistrantı Tahir Cabbarlının "Xocalı faciəsinin səbəbkarları" və V kurs tələbəsi Aytac Rəhimovanın "Xocalı soyqırımı indiki gənclərin gözü ilə" adlı məruzələri dinlənilib.

Tədbirdə, həmçinin, "Qarabağdır Azərbaycan!" adlı film nümayiş olunub.

Seminarın sonunda  Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında "Xocalı" adlı kompozisiya, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsi tələbələrinin hazırladığı Xocalıya həsr edilmiş rəsm əsərlərinin sərgisi təqdim edilib.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər