Slovakiyanın Azərbaycandakı Səfirliyində "Dünya irsi - Bir gəncin baxışı" ("Youthful vision-2019") adlı beynəlxalq müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib. Müsabiqə Slovakiyanın Banska Ştyavnisa şəhəri və əhatəsindəki texniki abidələrin YUNESKO-nun "Ümumdünya İrs Siyahısı"na daxil edilməsi münasibətilə təşkil edilib.

2000-ci ildən YUNESKO-nun "Ümumdünya İrs Siyahısın"a daxil edilən "İçərişəhər" DTMQ 2016-cı ildən "OWHC – Dünya İrs Şəhərləri Təşkilatı"nın üzvüdür. Bu səbəbdən "İçərişəhər" DTMQ İdarəsinin "Muzey Mərkəzi" də sözügedən rəsm müsabiqəsinin təşkilatçısı kimi çıxış edib.

Slovakiyanın Azərbaycandakı Səfirliyində keçirilən təltifolunma mərasimində "İçərişəhər" DTMQİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov və "İçərişəhər" Muzey Mərkəzinin direktor müavini İradə Qasımova da iştirak ediblər.

Müsabiqədə iştirak edən Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri  Xədicə Əliyeva 13-15 yaş kateqoriyasında  II yerə, Hüseyn Həsənli və  Zəhra Kərimzadə 9 yaş kateqoriyasında  III yerə layiq görülüb.

 "KamART" İncəsənət Qalereyasının dərnək üzvləri də öz rəsm əsərləri ilə müsabiqədə uğurla  iştirak edib. Belə ki, Məryəm Tağızadə 10-12 yaş kateqoriyasında III yerin qalibi, Ayan Xatun Məmmədova isə 13-15 yaş kateqoriyasında münsiflərin xüsusi təşəkkürü – "Qürur" Sertifikatına layiq görülüb. 

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər