17 yanvar tarixində qədim tarixi məkan Şirvanşahlar Sarayı Kompleksinin “Taxt-tac” zalında "Azerçay"ın və "Peachline"ın təşkilati dəstəyi ilə tanınmış şair, publisist Nigar Həsənzadənin “Nigar” adlı poeziya gecəsi keçirilib.

Nigar Həsənzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Ədəbiyyat” layihəsinin yaradıcısı və direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gecədə onun "Üfüq üzərindəki qanadlar", "Gümüş", "Başqalarının buludları altında", "Biləklər" adlı müəllifi olduğu kitablardan eləcə də nəşr olunmamış əsərlərindən müəllifin öz ifasında şeirlər səsləndirilib.

Poeziya axşamında, həmçinin Əməkdar artistlər Hüsniyyə Mürvətova, Münəvvər Əliyeva, Gülzar Qurbanova çıxış edərək şairin yaradıcılığından söhbət açıblar, eləcə də şeirlərindən nümunələr səsləndiriblər.

Nigar Həsənzadə müəllif gecələrinin nadir qonaqlarındandır, Böyük Britaniya Kitabxanası tərəfindən İngiltərədə yaşayan ən yaxşı xarici şairlərdən biri kimi seçilmiş səsləri və şeirləri dünyanın ən məşhur kitabxanasının səs arxivində saxlanılır. Nigar  illər əvvəl paytaxtın məşhur səhnələrində, o cümlədən beynəlxalq muğam mərkəzində, Maqomayev adına Dövlət Filarmoniyasında, S. Vurğun adına Rus Dram Teatrında, Rəşid Behbudov adına mahnı teatrında poeziya gecələri ilə tamaşaçıların qarşısına çıxmışdır. Şeirlə yanaşı proqramda musiqiçilər, xoreoqrafik ansambllar, aktyorlar, video və səs qurğuları da nümayiş olunurdu. Bu gün isə bütün bunlar poetik axşamların əsl "trendi" sayılır. 

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər