29 noyabr müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü Tahir Salahovun doğum günüdür.

Bu münasibətlə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində tədbir təşkil olunub. Tədbirdə muzeyin direktoru Səadət Mirzəyeva çıxış edib.

Bildirildi ki, Tahir Teymur oğlu Salahov 1928-ci ildə Bakıda anadan olub. V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib. Sənətkar 20 il Azərbaycan Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının rəhbəri olub. Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb. Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.

Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova dünya şöhrətli sənətkar Tahir Salahovun ad günü münasibətilə bu cür tədbirin keçirilməsini yüksək qiymətləndirib. Şagirdlərin bu konsertə çox böyük həvəslə hazırlaşdığını deyən A.Əhmədova tədbirdə milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının da əsərlərinin səsləndiriləcəyini söyləyib.

Tədbir konsert proqramı ilə davam edib.

"İçərişəhər" DTMQİ Mətbuat xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər