29 may 2019-cu il tarixində Tatarıstan Respublikasının Prezidenti  R. N. Minnixanovun Azərbaycan Respublikasına baş tutan səfərinin yekun nəticəsi olaraq muzey işi sahəsində "İçərişəhər" DTMQİ-nin tabeçiliyində fəaliyyət göstərən muzeylər arasında əməkdaşlıq əlaqələrinin yaradılması haqqında razılaşma əldə olunmuşdur.  Bu məqsədlə  “Kazan Kremli” Qoruq Muzeyinin direktor müavini Svetlana Konovalova və “İçərişəhər” Muzey Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr və yazışmalar aparılmışdır.

Muzeylər arası beynəlxalq əlaqələrin yaranması istiqamətində aparılan işlərin nəticə kimi 19-23 noyabr 2019-cu il tarixlərində  “Kazan Kremli” Qoruq muzeyinin 6 nəfərdən ibarət işçi heyətinin Azərbaycana səfəri təşkil olunub:

  1. Konovalova Svetlana Aleksandrovna – “Kazan Kremli” Qoruq muzeyinin direktor müavini
  2. Nizamiyev İlnur İldaroviç – İslam Mədəniyyəti muzeyinin müdiri
  3. Noqmanova Elvira İlşatovna – “Manej” sərgi zonasının müdiri
  4. Kraşennikova Alina Yuriyevna – Ekskursiya işi şöbəsinin müdiri
  5. Yeqorov Ruslan Gennadiyeviç – Texniki informasiya təminatı və təhlükəsizlik sistemi şöbəsinin müdiri
  6. Piulskaya Olqa İosifovna – Fond şöbəsinin baş mütəxəssisi

Səfərin təşkil olunmasında əsas məqsəd "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Kazan Kremli” Qoruq Muzeyləri arasında qarşılıqlı əlaqələrin yaranması, birgə layihələrin təşkili, müxtəlif mövzulu sərgi mübadiləsinin aparılması, eyni zamanda muzeylərin fondlarında saxlanılan eksponatlarla və fond işi ilə tanışlıq olmuşdur.

Öncədən hazırlanmış proqrama əsasən nümayəndə heyətinin və Qoruq İdarəsinin  aparıcı mütəxəssislərinin iştirakı ilə "Dəyirmi masa" təşkil olundu. Qonaqlar "İçərişəhər" Muzey Mərkəzinin bütün muzey və ekspozisiyalarını, həmçinin "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda fəaliyyət göstərən  muzeyləri ziyarət edərək  VI "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılış və təqdimat mərasimlərində iştirak etdilər.

"Bakı Fotoqrafiya Evi" ilə tanış olan heyət, Bakı Marionet Teatrında Ü. Hacıbəyovun "Leyli və Məcnun" tamaşasına baxıb. Yüksək təəssüratlarla İçərişəhəri ziyarət edən heyət üzvləri Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi, Tahir Salahovun ev muzeyi, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Miniatür kitab muzeyi və dünyaca məşhur cazmen Vaqif Mustafazadənin ev muzeyi ilə də tanış olmuşdur.

Respublikamızda fəaliyyət göstərən digər muzey və mədəniyyət ocaqları ilə yaxından tanış olmaq arzusunda olan işçi heyət Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça muzeyi, AMEA-nın Milli Azərbaycan Tarixi muzeyi, Azərbaycan İstiqlal muzeyi və Bakı Kitab Mərkəzini (Baku Book Center) ziyarət edib.

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər