Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO)

NEMO haqqında

  Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO) 1992-ci ildə Avropa Şurasına üzv dövlətlərin muzey icmasını təmsil edən milli muzey təşkilatlarının müstəqil şəbəkəsi kimi qurulmuşdur. NEMO Avropanın mədəni inkişafı naminə Avropada 30.000-dən çox muzeyi özündə birləşdirir. O muzeyləri informasiya və əməkdaşlıq imkanları ilə təmin etməklə onların Avropa həyatının ayrılmaz bir hissəsi olmağına səy göstərir. NEMO, Avropa muzeylərinə bir-birilə əməkdaşlıq edərək Avropa mədəni siyasətində iştirak yollarını göstərir və  beləcə NEMO Avropa institutları və muzeyləri arasında informasiya kanalı funksiyasını hayata keçirir.

NEMO hesab edir ki, muzeylər mədəni irsin qorunmasında əsas rol oynayır və Avropa daxilində qarşılıqlı anlaşma yolunda başlıca mərkəzi fiqurlardır.

NEMO və İçərişəhər

  “İçərişəhər” DTMQİ 2016-cı ildən Avropa Muzey Təşkilatları Şəbəkəsinin üzvüdür. Ötən müddət ərzində NEMO ilə faydalı əməkdaşlıq münasibətləri qurulmuşdur. Bu əməkdaşlığa misal olaraq 2017-ci ilin 25-26 noyabr tarixlərində NEMO-nun beynəlxalq təlimçisi Björn Stenvers tərəfindən İçərişəhərin muzey əməkdaşları üçün  “Muzey marketinqi” mövzusunda təlim təşkil edilmişdir. Təlimdə İçərişəhərdəki 4 muzeyi təmsil edən 25 iştirakçı və İdarənin marketinq şöbəsi iştirak etmişdir. Təlimdə beynəlxalq təcrübə əsasında muzey marketinqi strategiyasına dair müzakirə aparılmışdır.

NEMO ilə əməkdaşlıq çərçivəsində İdarənin əməkdaşı 8 - 9 mart, 2018-ci il tarixlərində Madriddə İspan Mədəni İrs Menecerləri Dərnəyi (AEGPC) tərəfindən 8 NEMO üzvünün iştirakı ilə təşkil edilən 7-ci NEMO Təcrübə Mübadiləsində iştirak etmişdir. Finlandiya, Bolqarıstan, Makedoniya, Macarıstan, İrlandiya, Rumıniya və Azərbaycandan olan iştirakçılar İspaniya muzeylərinin təcrübəsini öyrnəmişdir.

NEMO ilə əməkdaşlığın davam olaraq 29 iyun, 2018-ci il tarixində İdarənin əməkdaşı İsveçin Östersund şəhərində, Jamtli Fondu və Nordiya İrs Öyrənmə və Yaradıcılıq Mərkəzinin birgə təşkil etdiyi bir günlük 9-cu Beynəlxalq Təlim Kursunda iştirak etmişdir. Hollandiya, Azərbaycan, Rumıniya və Macarıstandan olan iştirakçılar İsveçin muzey idarəetməsi haqqında faydalı məlumat əldə etmək imkanı qazanmışdır.