Tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov açaraq təqdimatı keçirilən kolleksiyalar barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi idarənin və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir. Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “Canlı tarix” konsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir.

İdarə rəisi diqqətə çatdırıb ki, “Dastan” brendi 2017-ci ildə təqdim edilib. Bu gün təqdim olunacaq "Qarabağ" və "Şəki" kolleksiyalarında həmin ərazilərdə yerləşən tarixi-memarlıq abidələrini, dekorativ tətbiqi sənətkarlıq nümunələrini, daş kitabələr və sənətkarlıq nümunələri sərgilənəcək. Bu məqsədlə il ərzində dizaynerlər Şəkidə yerləşən bir sıra tarixi abidələri ziyarət edib, orada apardıqları təhlillər əsasında əldə etdikləri qədim ornament və motivləri yeni məhsullara tətbiq ediblər. "Şəki" kolleksiyasına ilk dəfə "Dastan" brendi tərəfindən dekorativ boyakarlıq nümunələri də əlavə olunub. "Qarabağ" kolleksiyası isə orta əsrlərə aid olan abidələrin, daş kitabələrin, qəbir abidələrinin və dekorativ tətbiqi sənətkarlıq nümunələrinin təhlili nəticəsində hazırlanıb. Hər iki kolleksiyada zərgərlik, batika, keramika və taxta sənətinə aid məhsullar nümayiş olunur. Bütün məhsullar illərin sınağından keçmiş qədim prinsip və metodlar əsasında hazırlanıb.

Əsgər Ələkbərov kolleksiyaların satış üçün nəzərdə tutulduğunu vurğulayıb: "Mərkəz, eyni zamanda, kommersiya fəaliyyəti göstərir. Mərkəzin hazırladığı məhsullara həm vətəndaşlarımız, həm də xarici qonaqlar tərəfindən böyük maraq var".

Tədbirin bədii hissəsində “Muğam” trionu və Əməkdar artist Tünzalə Ağayevanın ifaları dinlənilib. Həmçinin gələn qonaqlar brendin istehsal etdiyi keramika, batika, zərgərlik və taxta sənətinə aid məhsullarla tanış olublar.

Xəbərlər Qalereyası

Xəbərlər