Bərpa-konservasiya işləri

Ölkəmizin tarixi və mədəni dəyərlərinin qorunması və beynəlxalq arenada təbliğ edilməsinə xüsusi əhəmiyyət verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərin zəngin maddi-mədəni irsinin tanıdılması məqsədilə dünyanın ən qabaqcıl təşkilatları ilə əməkdaşlıq edir. Onların arasında 1980-ci ildən fəaliyyətə başlayan və qısa zaman kəsiyində region ölkələrinin rəğbətini qazanan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi də (IRCICA) var. İslam Əməkdaşlığı Təşkilatının qurumu olan Mərkəz hal-hazırda 56 İslam ölkəsini öz ətrafında birləşdirir.

Belə bir mötəbər qurumla əməkdaşlıq “İçərişəhər” DTMQİ üçün Azərbaycanın zəngin keçmişini və maddi mədəniyyətini geniş miqyasda təqdim etmək baxımından olduqca uğurlu addım kimi qiymətləndirilə bilər. Bu məqsədlə hələ ötən il 26 noyabr tarixində İstanbul şəhərində “İçərişəhər” DTMQİ və IRCICA arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır. Bu razılaşmanın davamı olaraq əlaqələri daha da gücləndirmək, qarşıda duran vəzifələri aydınlaşdırmaq üçün 2 may 2019-cu il tarixində İçərişəhərdə yerləşən “Muğam klub” adlı məkanda hər iki qurum arasında mədəni, tarixi sferalarda münasibətləri gücləndirəcək memorandum imzalanmışdır.

Sənədin məzmununun əsasını 2019-cu ilin 28 sentyabr-4 oktyabr tarixlərində ölkəmizin paytaxtında Bakı Beynəlxalq “Sənətkarlıq fəaliyyətdə” adlı festivalın keçirilməsi təşkil edir. Bütün İslam dünyasının iştirakının təmin ediləcəyi planlaşdırılan festivalda həm bədii, həmçinin elmi istiqamədə İslam ölkələrinin maddi-mədəniyyət incilərinin təbliği nəzərdə tutulur. Beləki festival çərçivəsində “İnkişafda olan incəsənətin perspektivləri və İslam dünyasının sənətkarlığına dair” adlı Bakı Beynəlxalq Konqresi, “Əl işləri sahəsində novatorlar üçün Bakı Beynəlxalq Mükafatı” adlı müsabiqə və “Sənətkarlar iş başında” adlı beynəlxalq sərginin təşkil edilməsi planlaşdırılır.

Konqresdə hər bir İslam ölkəsi və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən incəsənət və sənətkarlıq - keçmiş, bugün, gələcək, insanlar arasında mədəni dialoqda incəsənət və sənətkarlığın növü və s. kimi 14 müxtəlif mövzuda alimlər, mütəxəssislər məruzələr ilə çıxış edəcəkdir.

Müsabiqə isə olduqca zəngin və çoxşaxəli olan İslam mədəniyyətinin müasir günümüzdə yaşadılmasına və ənənəvi mahiyyətini qoruyub saxlayaraq, yeniliyə xidmət etməsinə öz töhfəsini verəcəkdir. Yarışmada miniatür sənəti, ornament, qızılişləmə və cildləmə, xalça və kilimlər, milli geyimlər və naxışlar, qızıl və gümüş artefaktlar daxil olmaqla metalişləmə sənəti, dulusçuluq və keramika, taxta işi, kağızdən əl işləri, stukko rəngli şüşə və batika sənəti, saman, tikar, səbət, dəri, sədəf işi, bambuk ağacı üzrə sənət sahələri kimi 10 istiqamət üzrə ümumilikdə 100 sənətkarın iştirakı nəzərdə tutulur. Qaliblər sonda pul mükafatı ilə təltif ediləcəklər.

Qeyd edək ki, ölkə başçısı tərəfindən 2019-cu ilin dahi şair və mütəfəkkir İmaddədin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə “Nəsimi ili” elan olunması ilə bağlı olaraq hər iki təşkilat İslam ölkələri arasında əlaqələrin daha da genişlənməsi, mütəmadi olaraq tədbirlərin, festivalların keçirilməsində olduqca maraqlıdır.

Memorandumun imzalanma mərasimindən sonra qonaqlar Azərbaycan milli musiqisinin incilərini dinlədi və onların şərəfinə ziyafət verildi.

 

 

 

 

 

 

 

Xəbərlər