Ölkə əhəmiyyətli abidələr

17 apreldən etibarən İçərişəhərdə yerləşən məşhur "Art Tower" qalereyasında (Dördbucaqlı Qala) xanımların füsunkar ətri qədər təsirli olan bir sərgi fəaliyyətə başladı - "Qadın sirləri". "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və НПО "Arts Council Azerbaijan"ın dəstəyi ilə açılan sərgi sizə bütün dövrlər üçün aktual olan mövzudan bəhs edir - Qadın. 

Bu həssas məsələ qədim dövrlərdən yaradıcı insanları ruhlandırmış, bu sayədə valehedici əsərlər yaranmışdır. Qadının gözəlliyi, müdrikliyi, unikallığı, bənzərsizliyi, mənəvi, əxlaqi və rasional keyfiyyətləri şeirlərdə mədh edilmiş, klassik romanlarda onların sevilən obrazları yaradılmış, görkəmli rəssamların fırçası bu ecazkar gözəlliyi təsvir etmişdir. Əbəs yerə deyil ki, cinsindən asılı olmayaraq bir çoxları üçün qadın mövzusu bitib-tükənməyən ilham mənbəyidir. Xüsusən incəsənət adamları bu həssas məsələdə daim yeniliyə can atır, sənətin bütün müxtəlif istiqamətlərində xanımları əks etdirməyə çalışırlar.

Bu dəfəki sərgimizdə siz Azərbaycan rəssamlarının nisbətən yaşlı nəslinin əsərləri ilə tanış ola bilərsiniz. Təqdim edilən əl işləri arasında xüsusi bir ekspozisiya mövcuddur ki, o, Azərbaycanın məşhur rəssam və rejissorunun şəxsi kolleksiyasına məxsus rəsmləri əhatə edir. Söhbət uşaqlağımızın xatirəsi olan cizgi filmlərimizi ərsəyə gətirmiş şəxslərdən biri - Nazim Məmmədovdan gedir. Onun sərgimizdə yer alacaq əsərləri ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim edilir. Həmçinin siz posterimizdə əks olunmuş əsərin müəllifi olan Eldar Babayev, eyni zamanda Rafael Əliyev və başqalarının əsərlərinə tamaşa edə bilərsiniz. Sərgidə 15-ə qədər boyakarlıq nümunəsi təqdim edilir. "Qadın sirləri" 27 aprelə qədər, saat 11:00-17:00 aralığında ziyərətçilərinin yolunu gözləyəcəkdir. 

Giriş sərbəstdir.

Xəbərlər