14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi keçirilmişdir. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Qeyd olunmalıdır ki, İDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.

Sərgidə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi özünün rəngarəng, cəlbedici stendi ilə tədbir iştirakçıları və qonaqların böyük marağına səbəb oldu. Bakının tarixi-mədəni mərkəzi olan İçərişəhər öz tədbirləri, layihələri ilə sadəcə ölkənin tarixinə və mədəniyyətinə deyil, həyatımızın, sağlamlığımızın təməlində duran ətraf mühitin mühafizəsinə, təbiətin qorunmasına da daim həssaslıqla yanaşmış, öz töhfəsini vermişdir.

Stendimizə yaxınlaşaraq ekoloji fəaliyyətimizi təfərrüatı ilə əks etdirən təqdimatla tanış olmaq mümkün idi. Burada Bakının simvolu olan Qız Qalası abidəsinin 2011-2013-cü illərdə həyata keçirilən bərpa işlərindən sonra yaxınlıqdakı binanın divarı üzərində uzunqanad quşlar üçün quraşdırılmış yuvalar, İçərişəhərdə havanın təmizliyini qorumaq məqsədilə nəqliyyatın məhdudlaşdırılara ayrıca velodayanacağın yaradılması, elektromobil xidmətinin təşkili, siqaretin zərərlərini bizə xatırladan və təkrar emala nümunə olan bədii və botanik çəlləklər, siqaret çəkmənin tamamilə qadağan olunduğu Arxeoloji parka dair maraqlı faktlar öz əksini tapmışdır.

İlk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi özünün ən böyük və əhəmiyyətli layihəsi olan Bakı Xanları Evi kompleksinin maketini nümayiş etdirmişdir. Bakı xanlarının tarixi yaşayış binalarını və qədim yeraltı hamamı özündə birləşdirən bu maket ən incə detallarına qədər işlənərək eoloji baxımdan olduqca faydalı, zəruri və gözoxşayan yeni parkın görünüşünü sizə təqdim edir. Yaxın gələcəkdə tamamlanması nəzərdə tutulan bu layihənin yekununda Bakı sakinlərinin və qonaqlarının qarşısında ən füsunkar və şübhəsiz, tezliklə seviləcək yeni istirahət guşəsi hazır olacaqdır.

İlk dəfə təqdim edilən layihələrindən növbətisinə misal olaraq “Eko-kafe”ni göstərə bilərik. İçərişəhərin tarixi binalarından birində indiyədək paytaxtımızda gördüyünüz bütün kafelərdən tamamilə fərqlənəcək, yaşıl rəngin parlaq çalarlarının bol olacağı, sağlam, ləzzətli qidalardan zövq alacağınız, müxtəlif növ fərqli bitkilərin əhatəsində rahat dincələcəyiniz bir məkan sizi sanki təbiətin qoynunda qonaq edəcək. Binanın damında hətta tutuquşuların qidalanması üçün xüsusi oyuqların da təmin edilməsi kafenin özəlliyini bir daha sizə bəyan edəcəkdir.

Sonuncu yeni layihəmiz isə sizə İçərişəhərin “kiçik personajları”na olan qayğımızı təqdim edir. Söhbət hər addımbaşı sizi İçərişəhərdə dostcasına qarşılayan pişiklərdən gedir. Onlar uzun illərdir ki, İçərişəhərin ayrılmaz, sevimli sakinləridir və qoruğumuzun bu əvəzsiz sakinlərinin rahatlığını təmin etmək üçün tezliklə müvafiq yerlərdə siz “Pişiklər üçün ev” layihəsinin nəticəsi olacaq kiçik yuvaları görə biləcəksiniz.

Vurğulamaq istərdik ki, sərginin təşkilatçısı olan "Caspian Event Organisers" komandası "Ən yaxşı stend" üzrə nominasiyaya məhz "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun stendini layiq görmüşdür. Yaradıcı ruhu, parlaq çalarları olan stendimizə verilən diqqətə görə təşkilatçılara təşəkkür edirik.

Yaxın gələcəkdə yeni və təbiətimizə töhfə verəcək layihələrdə görüşmək ümidilə!

Xəbərlər