Qədim Bakının tarixi-memarlıq cövhəri olan İçərişəhər daim Ulu Öndərin mədəni sferadakı çoxşaxəli fəaliyyətinin diqqət mərkəzində olmuşdur. Məhz onun uzaqgörən siyasətinin məntiqli davamı olaraq İçərişəhərin qorunması istiqamətində  10 fevral 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam imzaladı.

16 may 2007-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi təsdiq edildi. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunması idi.

İdarənin fəaliyyəti müddətində ərazidə aparılan bütün işlər nəzarət altına alındı - ilk növbədə abidə və tarixi binaların inventarizasiyası aparıldı, ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı mühüm işlər görüldü və ən əsası – İçərişəhərin Baş Planının hazırlanması prosesinə start verildi.

Keçən 10 ildə İçərişəhərin mühafizəsi, bərpası, arxeoloji işlərin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu qurulması sahəsində əsaslı işlər görüldü.

2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən Bakının tarixi mərkəzinin memarlıq irsinin sistemli şəkildə konservasiyası və gələcək inkişafını beynəlxalq prinsiplərə müvafiq olaraq planlaşdırılmasının təmin edilməsi məqsədi ilə İçərişəhərin “Baş Plan”ı hazırlandı. 2009-cu ildə “Baş Plan” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqləndi.

Görülən bu mühüm işlərin nəticəsi olaraq 2009-cu ildə Dünya İrs Komitəsinin 33-cü sessiyasında Komitəyə daxil olan 21 ölkənin təmsilçiləri yekdilliklə İçərişəhərin Təhlükədə olan Ümumdünya İrsi Siyahısından çıxarılmasına səs verdilər. Təbiidir ki, bu ölkə rəhbərliyinin İçərişəhərə, ümümilikdə - tariximizə, mədəniyyətimizə, onun qorunub saxlanılmasına  daimi olaraq göstərilən diqqət və qayğının bariz nümunəsi, həmçinin, ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində İdarə tərəfindən qısa müddət ərzində gördüyü əməli tədbirlərin məntiqi nəticəsi idi.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində bütün sahələrdə yüksək səmərəliliyə malik yeniliyin tətbiqinə çalılşırlar. İdarədə Coğrafi İnformasiya Sistemi vasitəsilə “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisinin, arxeoloji abidələr və arxeoloji qazıntı yerləri üzrə rəqəmli elektron xəritə tərtib olunub. Yaradılmış elektron xəritə və məlumat bankının köməyi ilə müxtəlif tarixi dövrlər üzrə şəhərin dəyişən planının izlənməsi və tədqiq edilməsi mümkündür.

Bu gün qanunvericiliyə əsasən  İçərişəhər” və “Qala” Qoruqlarında təmir, bərpa və yenidənqurma işləri yalnız “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə aparıla bilər. Qoruqların ərazisinin abadlaşdırılması, sanitar təmizliyi, abidələrin, yaşayış və qeyri-yaşayış sahələrinin təmiri məsələləri İdarənin diqqət mərkəzindədir.

Mühəndis-kommunikasiya xətlərinin və yol örtüyünün əsaslı təmiri istiqamətində işlər isə mütəmadi olaraq aparılır.

Memarlıq abidələri üzərində aparılan bərpa işləri Avropanın aparıcı bərpa şirkətləri ilə birlikdə həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Məhəmməd Məscidi, “Qız Qalası” və Şirvanşahlar Sarayı kompleksində irimiqyaslı bərpa-konservasiya işləri aparılıb. Konservasiya işlərinə rəhbərliyi Avstriyanın məşhur bərpaçı-mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni bərpa etmiş Erix Pummer edib. Bərpa işləri beynəlxalq standartlara cavab verən ən müasir texnologiyalar ilə həyata keçirilib.

İçərişəhər əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkandır. İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Bunu gələcək nəsillərə ötürmək üçün hər il kütləvi tədbirlər keçirilir, o cümlədən “Qız Qalası” Festivalı, Beynəlxalq İncəsənət Festivalı, Meydan Bazarı, “Beynəlxalq Novruz Bayramı Festivalı”, “Eurovillage - Avropa şəhərciyi” Beynəlxalq Festivalı,  "İçərişəhərdə incəsənətə həsr olunmuş həftəsonları” layihəsi, sərgilər və sair.

İçərişəhər Bakının daş yaddaşıdır, buradakı hər daş parçasında bir tarix yatır və o, tarixin əbədiləşmiş məqamlarını, şəhərsalma memarlığının fundamental prinsiplərini özündə yaşadır.

 

Xəbərlər