Marşrut № 2. Dənizkanarı milli parkdan

İçəri şəhərin dini memarlıq abidələri

Bakını başqa tarixi şəhərlərimizdən fərqləndirən onun əzəldən dini mərkəz, müqəddəs şəhər kimi yaranmasıdır. Bir o qədər də böyük olmayan İçərişəhərin qala divarı əhatəsindəki ərazidə dini memarlıq abidələri - məscid, təkyə, türbələr, o cümlədən kilsə və atəşpərəstlik məbədlərinin izlər diqqəti cəlb edir. Bu ərazi tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Bütün dünyada “Odlar diyarı” kimi tanınan bu şəhər yerdən çıxan təbii yanar qaz qaynaqları üzərində tikilmiş od məbədləri ilə məşhur olmuşdur. Məhz bu səbəbdən Bakı dünyanın hər yerindən gələn atəşpərəstlərin müqəddəs dini mərkəzinə çevrilmişdir.
VII əsrin əvvəllərində Azərbaycanın bütün şəhərlərində, o cümlədən atəşpərəstliyin nüfuzlu dini mərkəzi olan Bakıda islam dininin yayılması geniş vüsət almışdı. Ənənəyə uyğun olaraq məscidlər qədim məbədlərin bünövrəsi üzərində inşa edilirdi.
“İçəri şəhər”in din mədəniyyətini əks etdirən tarixi-memarlıq abidələri vaxtilə xalqın ictimai inkişafına təsir göstərirdi. Beləki, orta əsrlərdə elm və təhsil sisteminin inkişafında məscidlər mühüm rol oynayırdı. Ərazidə yerləşən dini abidələr memarlıq qurluşuna görə fərqlənirlər. Came (Cümə) və Məhəllə məscidləri.
Came (Cümə) məscidləri -- əsasən böyük həcmli, minarəli məscidlərə deyilir. Cümə namazını qılmaq üçün əhali came məscidinə toplaşar, müxtəlif dini mərasimlər də orada keçirilərdi.
Məhəmməd (Sınıq qala) məscidi - İçərişəhərin dövrümüzə qədər gəlib çatmış ən qədim məscidi olan bu tikili (471h) 1078/79 - cu illərdə ustad rəis Məhəmməd Аbu Bəkr tərəfindən tikilmişdir. Məscidin ikinci adı “Sınıqqala” dır, məscid bu adı 1723- cü ildə rusların Bakını top atəşinə tutması nəticəsində minarəsinin müəyyən qisminin dağılmasından sonra almışdır. Məscid ölkə əhəmiyyətli abidədir.
Şah məscidi - XV əsr abidəsi olan bu məscid Şirvanşahlar Sarayı Kompleksinin aşağı həyətində yerləşir. Məscid minarəsinin stalaktit кəməri altında son dərəcə nəfis işlənmiş yazıda deyilir: “ Böyük sultan Xəlilullah 845-ci ildə (1441/42) bu minarənin tikilməsini əmr etdi”. Məscid Şirvanşahlar Saray kompleksinə daxildir və dünya əhəmiyyətli abidədir.
Came (Cümə) məscidi – XIV əsrdə qədim məbədin yerində inşa edilmişdir. XIX əsrin sonunda isə qədim minarəsi qorunub saxlanılmaqla məscidin köhnə binası yenisi ilə əvəz olunmuşdur.
Əsasən böyük həcmli, minarəli məscidlərə came məscidləri deyilir. Bu məscidlər gündəlik ibadətlərdən əlavə , həftənin cümə günlərində, bayram namazlarında və dini mərasimlərdə toplaşmaq üçün nəzərdə tutulurdu.Məscid ölkə əhəmiyyətli abidədir.
Bəylər məscid: 1895 - ci ildə tikilmiş Bəylər məscidinin inşasında Məhəmməd Haşim Əl - Bakuinin oğulları Hacı Baba və Hacı Cavad, eləcə də məşhur Bakı milyonçusu Ağa Murtuza Muxtarov, İbrahim Şirvani (xəttat), Mir Əli ən - Nağı, Mir Tağı, Seyid Hüseyn də (usta memar) iştirak etmişdilər. O daha qədim məscidin yerində tikilmiş və mükəmməl minarə ilə tamamlanan əyri xətt şəkilli küçənin planlaşdırılma xüsusiyyətinə uğurla daxil olmuşdur. Məscid yerli əhəmiyyətli abidədir.
Məhəllə məscidləri – “İçəri şəhər” bir necə məhəllədən ibarət olub. Məscidlər adətən məhəllənin imkanlı sakinləri tərəfindən inşa edilirdi. Məhəllə məscidləri birotaqlı, oxşar planlı və günbəzli olurdu. Məscidlərin sayı məhəllənin böyuklüyündən asılı idi. Ona görə də bəzən bir məhəllədə bir neçə məscid yerləşirdi.
Aşur məscidi - 1171-ci ildə Bakılı Nəccar İbrahim oğlu ustad Aşur tərəfindən qədim atəşpərəstlik məbədinin üzərində inşa edilmişdir. Stalaktitlərlə bəzədilmiş zəngin mehrabı, bir otaqlı geniş ibadət zalı və çatma formalı girişi vardır. Ölkə əhəmiyyətli abidədir.
Cin məscidi - XIV əsrdə inşa olunduğu adının isə, Qurani Kərimdəki “cin” surəsindən aldığı ehtimal edilir. Düzbucaq formalı məscidin çatma daş qübbə ilə örtülmüş bir otaqlı ibadət zalı və klassik tipli portal - girişi vardır. Yerli əhəmiyyətli abidədir.
Gileyli (Comərd Gəray) məscidi - 1309 - cu ildə inşa olunan məscidə, XIX əsrdə bəzi əlavələr edilsə də kompozisiyanın vəhdəti pozulmamışdır. Taclı və çatma formalı günbəzlə inşa olunan məscidin ibadət zalının daxili interyerini zənginləşdirən naxışlı mehrabı və künclərdə kiçik otaqları vardır. Ölkə əhəmiyyətli abidədir.
Hacı Bani məscidi - XVI əsrdə memar Hacı Bani tərəfindən inşa edilmişdir. Plan üzrə mərkəzi günbəzlidir, iki böyük pəncərəsi vardır. 1902-сi ildə təmir olunandan sonra ənənəvi memarlıq üslubu saxlanılmaqla məscidə dəhliz və qadınlar üçün otaq da əlavə edilmişdir. Ölkə əhəmiyyətli abidədir.
Çin (Qazi Fədlallah bin Osman) məscidi -1375-ci ildə Fəzlullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa edilmişdir. Xalq etimalogiyasına görə məscidin “Çin”adının alması bura gələn insanların arzu və diləklərinin çin olması ilə əlaqədardır. Ölkə əhəmiyyətli abidədir
Keyqubad məscidi (qalıqlar) -XIV əsrdə inşa edilmiş məscid Şirvanşahlar Saray kompleksinə daxildir, hal- hazırda isə məscidin konservasiya olunmuş fraqmentləri qalmaqdadır.1918-ci il mart soyqırımı zamanı dağıdılmış məscidin Şirvanşah I Keyqubad tərəfindən tikildiyi ehtimal olunur. Dünya əhəmiyyətli abidədir.
Mədrəsə məscidi - XII əsrdə inşa edilən və son orta əsrlərədək məscid- mədrəsə kimi fəaliyyət göstərmişdir. Mədrəsə ali təhsil ocağı idi. Burada müridlər (tələbə) mürşidlik (müəllim) dərəcəsi alırdılar. İslam dininin mahiyyətini dərk etmək üçün dünyəvi elmlərin də tədrisinə xüsusi diqqət verilərdi. Belə ki, fiqh (şəriət hökmləri), təfsir (dinin izzahı), kəlam(dini əqidələri) kimi ilahiyyat elmləri ilə birlikdə, riyaziyyat, coğrafiya, məntiq, ədəbiyyat və s. elmlər də lazımi səviyyədə tədris olunardı. XVII əsrin ortalarında Bakıda 10-dan çox məktəb və 2 mədrəsə olmuşdur. Ölkə əhəmiyyətli abidədir.
İmam Qulu Məktəb-məscidi - 1646-ci ildə inşa edilmiş, məktəb- məscid kvadrat formalı kiçik ibadət zalından və bir qədər irəli çıxan dördbucaqlı otaqdan ibarətdir. Məktəb- məscid ibtidai təhsil ocağı kimi fəaliyyət göstərmişdir.Ölkə əhəmiyyətli abidədir.
Mirzə Əhməd məscidi - 1347-ci ildə inşa edilmiş kiçik həcm - məkan tutumuna malik olan məscid Hacı Mirzə Əhməd tərəfindən tikilmişdir. Plan üzrə dördbucaqlı formadadır, xidməti otaqdan, taxçalı zaldan ibarətdir. Yerli əhəmiyyətli abidədir
Seyid Murtuza Yəhya məscidi - XVII əsrin əvvəllərində inşa edilmişdir. Diqqət çəkən hündür portalı və taxta giriş qapısı vardır. Kvadrat formalıdır, mərkəzi günbəzlidir. Məscid onu inşa etdirən adamın adını daşıyır. Ölkə əhəmiyyətli abidədir
Şeyx İbrahim (Xacə Əmirşah) məscidi - 818-ci ildə (1415/16) Hacı Əmirşah Yaqub oğlunun sifarişi ilə inşa edilmişdir. Dördbucaqlı formada olan məscid çatma daş qübbə ilə örtülmüş, memarlığında yerli və Avropa motivləri birləşdirilmişdir. Ölkə əhəmiyyətli abidədir.
Təkiyə -XIII əsrdə inşa edilmiş təkiyə əsasən orta təhsil ocağı kimi fəaliyyət göstərmişdir. Kvadrat formalı tək otaqdan ibarətdir. Burada dərvişlər ruhən təmizlənir, fərdi və kütləvi olaraq dini ayinləri həyata keçirirdilər. Təkyələr həm də səfərə çıxmış qəriblər üçün sığınacaq yeri idi.Ölkə əhəmiyyətli abidədir.
Xıdır məscidi - 1301-ci ildə atəşpərəstlik məbədi üzərində inşa edilmişdir. Kvardrat formalı məscidin küçə pilləkən üzərində tikilməsi və perimetri boyu zərif profilli daş tacı ona xüsusi görünüş verir və Şərq kompozisiya üsullarını özündə aydın göstərir. Ölkə əhəmiyyətli abidədir.
Molla Əhməd (Nəsir ad-Din Gəştasib) məscidi - 1300-cü ildə inşa edilmiş məscid Nəsr - əd din Gəştasib bin Həsən Hacıbaba tərəfindən sifariş edilmişdir. Dördbucaqlı formada olan məscid kiçik həcmli ibadət zalından, sadə mehrabdan və sonradan əlavə olunmuş iki pəncərədən ibarətdir. Ölkə əhəmiyyətli abidədir.
Xanəgah kompleksləri - karvan-ticarət yolları üzərində yerləşirdi. Xanəgah komplekslərinə karvansara, türbə, təkyə, məscid, ovdan, hamam və s. dini və ictimai tikililər daxil olardı. Xanəgahlarda şeyxlər, xəlifələr, sənət sahibləri, mürid və dərvişlər, kompleksi idarə edənlər, müsafirlər və digər ziyarətçilər olurdular.1806-cı ildə rusların Azərbaycanı işğalı nəticəsində ərazidə pravoslav kilsələri tikilmişdir. 1815-ci ildə inşa olunmuş kilsəyə müqəddəs Nikolaus Mirlikiyskinin adı verilmişdir. Bir müddət sonra çar rusiyası tərəfindən kilsə sökülmüş və yerində yenisi tikilmişdir. Bu kilsəyə isə İsa Məsihin apostollarından biri olmuş “Varfolomey”in adı verilmişdir. 1850-ci ilin martında Şamaxı qapısının yanında inşa olunmuş kilsəyə isə yenidən “Möcüzə yaradan Nikolay”ın adı verildir . Bu abidələr 1936-cı ildə ateizim ideologiyasının təsiri altında olmuş sovet rejimi tərəfindən dağıdılmışdır. Hazırda kilsənin qalıqları qorunub saxlanılır.

Marşrut № 2. Dənizkanarı milli parkdan

İçərişəhər ilə tanış olmaq üçün gəzintiyə səhər saat 10:00 radələrində çıxın. Marşrutunuz Bakının dənizkanarı milli park tərəfndən, Azneft meydanının yaxınlığından başlayacaq. Nəqliyyat üçün nəzərdə tutulmuş şlaqbaumun yanından keçərək, Siz İçərişəhərə, açıq səma altında canlı tarix muzeyinə, sanki daşlarda donub qalmış nağıla düşəcəksiniz. Qədim şəhərin dar küçələrinin labirintləri ilə maraqlı səyahətə çıxmazdan əvvəl, sol tərəfdə yerləşən “Merci Baku” restoranında səhər yeməyi yeyə bilərsiniz. Burada hər bir qurmanın zövqünə oxşar Azərbaycan və Fransa mətbəxinin xörəkləri təklif olunur. Səhər yeməyindən sonra, Vaqif Mustafazadə küçəsini keçərək Məhəmməd Məscidini ziyarət edə bilərsiniz. XI əsrdə Məhəmməd Əbubəkrin əmri ilə inşa edilən Məhəmməd məscidi (Sınıqqala) İçərişəhərin İslam dövrünə aid ən qədim abidəsidir.  Bu günə qədər tarixi əzəmətini saxlayan tarix-memarlıq abidəsi Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə yanaşı İçərişəhərin   dünya əhəmiyyətli abidələrdən biridir. Məhəmməd məscidindən Asəf Zeynallı küçəsinə düşərkən, suvenir dükanlarını keçərək Qız Qalası istiqamətində səyahətinizi davam edəcəksiniz. Küçə boyu hər birinun özünəməxsus tarixçəsi olan bir neçə qədim məscid yerləşir. Bu məscidlərdən biri də Cümə məscididir. XIX əsrdə bərpa edilən tarixi məscidin minarəsindəki ən qədim kufi yazısı XII əsrə aiddir. Bu kimi məscidlər orta əsrlərin ictimai-mədəni mərkəzləri olub. Burada dövlət xəzinəsi, məhkəmə yerləşib, əhaliyə hökmdarların fərmanları çatdırılıb. Məscidlər nəzdində həmçinin Mədrəsələr – o zamankı ali dini təhsil ocaqları fəaliyyət göstərib.

A. Zeynallı küçəsini keçərək Siz YUNESKO-nun Dünya Maddi İrs Siyahısına daxil edilmiş  Qız Qalasına yaxınlaşacaqsınız. Qeyri-adi görünüşə və memarlıq xüsusiyyətlərinə malik, dünyada analoqu olmayan bu tikili uzun illərdir ki, Bakı şəhərinin simvoludur. XII əsrdə inşa olunduğu bilinən Qalanın hündürlüyü 28 m., divarlarının qalınlığı isə 5 m. çatır. Qalanın daxilində beynəlxalq standartlara cavab verən müasir muzey ekspozisiyasının yaradılmışdır. Möhtəşəm abidəni baxış meydançası tamamlayır. Baxış meydançasından isə açılan mənzərə, həm qədim İçərişəhərin, həm də günü-gündən gözəlləşən və inkişaf edən müasir Bakının görüntüləri ziyarət edən hər kəsi heyran edəcəkdir. Qız Qalasının yaxınlığında İsa məsihin 12 apostolundan biri müqəddəs Varfolomeyin adını daşıyan kilsənin qalıqları yerləşir. Pravoslav xristianların inandıqları əfsanəyə görə bütpərəstlər Varfolemeyi eramızın 71-ci ilində Qız qalasının yanında edam etmişdirlər. Qeyd olunan kilsə 1936-cı ildə dinlə mübarizə adı ilə uçurulmuşdur, indi həmin yerdə onun bünövrəsinin qalıqlarını görmək olar. Hər il müqəddəs Varfolomeyin ölüm günündə Bakının pravoslav icması bura toplaşıb dini ayınləri icra edir.

Qız qalasının şimal tərəfində yerləşən Sıratağlı dini-memarlıq kompleksidir. Son vaxtlara qədər “Bazar meydanı” adlandırılan bu ərazi İçəri Şəhərin ölkə əhəmiyyətli abidələrindən biridir. Sıratağlı dini-memarlıq kompleksi XX əsrin 60-cı illərində Qız qalasının ətrafında köhnə evlər sökülərkən təsadüf nəticəsində aşkar olunub. Sıratağlı abidə minilliklər ərzində Azərbaycan ərazisində bir-birini əvəz edən dinlər üçün müqəddəs ibadətgah olmuş bir abidədir. Siz burada tunc dövründən başlayaraq geniş bir tarixi dövrü əhatə edən bədii daş yonma sənəti nümunələrinin ekspozisiyası ilə tanış ola bilərsiniz. Sıratağlı dini-memarlıq Kompleksinin bir neçə addımlığında, Qəsr küçəsində "Qız Qalası" müasir incəsənət qalereyası yerləşir. Burada sərgilənən Azərbaycan rəssamlarının əsərləri Sizi bənzərsizliyi və təkrarolunmaz rəngkarlıq xüsusiyyətləri ilə cəlb edəcək. Ölkəmizə səfərinizdən xoş xatirə olaraq  bu rəsm  əsərlərindən əldə edə bilərsiniz.

Qüllə küçəsi ilə irəliləyərkən Siz qarşı-qarşıya yerləşən Multanı və Buxara Karvansarayların əhatəsinə düşəcəksiniz. Azərbaycanın tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən ölkə əhəmiyyətli abidələr vaxtilə tacirlər üçün həm istirahət, həm də alış-veriş mərkəzi olub. Karvansarayın içində müxtəlif qaleyreyalar, onların arxasında isə səyyahlar üçün nəzərdə tutulan otaqlar yer alıb. Maraqlıdır ki, bu gün də qədim karvansaraylar səyahətçiləri mehribanlıqla qarşılayır. Bu qədim divarlar arasında orta əsrin estetikasını qoruyub saxlayan restoranlar fəaliyyət göstərir. Marşrutunuzun növbəti ünvanı Əzim Əzimzadə adına arxeoloji park olacaq. Arxeoloji qazıntılar nəticəsində tapılmış artefaktların geniş spektrinin sərgiləndiyi parkda Azərbaycanın xalq rəssamı Əzim Əzimzadənin abidəsi ucalır. Tarixi keçmişin qalıqlarının valeh etdiyi mənzərə qarşısında çay süfrəsinə qonaq ola bilərsiniz. Azərbaycanda uzun illərdən bəri özünəməxsus çay mədəniyyəti formalaşıb, çay hər zaman, hər yerdə içilir. İstənilən qonaqlıq çay ilə başlayır, çay ilə bitir, insanlarımız çay süfrəsi arxasında həm də söhbətləşir, deyib-gülür, bir-birinə ürəklərini açır. Çay süfrəsi müxtəlif mürəbbələr, çərəz, şirniyyat və limonla tamamlanır

Yolunuzu davam etdirdikdə Siz Qoşa Qala Qapısının önündəki Meydana çıxacaqsınız. Meydanda bir sıra tarixi əhəmiyyətli binalar yerləşir. Bunlar Gömrük binası, Müqəddəs Nikolay kilsəsinin qalıqları, Zəncirli bina, Bakı Xanlarının İqamətgahının fraqmentləridir. Şərq arxitekturası üslubunda tikilmiş Müqəddəs Nikolay kilsəsi Tiflis memarı Belovun layihəsi ilə inşa edilib, bu gün burada “Azərişıq” ASC-nin idarəsi yerləşir. Zəncirli bina – vaxtı ilə Bakı tacirlərindən birinə məxsus arxitektur tikilidir. İndi burada AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət göstərir. Bakı xanlarının İqamətgahının qalıqları isə 1747-1806-cı illərdə Bakı xanları və onların qohumlarına  məxsus yaşayış kompleksinə aiddir.  Qoşa Qala qapısı Meydanında fəaliyyət  göstərən çoxsaylı dükanlardan xatirə olaraq müxtəlif suvenirlər əldə edə bilərsiniz. Daha sonra Kiçik Qala küçəsi ilə üzü yuxarı qalxacaqsınız. Qədim şəhərin digər görməli yerləri ilə tanışlığı davam etməzdən öncə ayaq saxlayıb nahar etmək pis olmazdı. Sağ tərəfdə görəcəyiniz “Manqal” restoranı Sizi bol, çoxçeşidli şərq süfrəsinə dəvət edəcək. Burada Siz Azərbaycan mətbəxinin nəfis yeməklərini dada biləcəksiniz. Nahardan sonra ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Qala divarları ilə üzü yuxarı səyahətinizi davam edin. Burada tarixə toxunaraq bir neçə xatirə şəkilləri çəkdirə bilərsiniz. Kiçik Qala küçəsi ilə yolunuzu davam etdikdə tanınmış rəssam Əli Şəmsinin emalatxanasının yanından keçəcəksiniz. Emalatxananın girişi, ona bitişik binanın fasadı dərhal diqqəti qeyri-adiliyi və özünəməxsus tərtibatı ilə cəlb edir

Bir qədər sonra isə möhtəşəm Şirvanşahlar Sarayı Kompleksi nəzərinizi cəlb edəcək. 1191-ci ildə, güclü zəlzələdən sonra Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıdan Bakıya köçürülmüş və burada Şirvan hökmdarlarının iqamətgahı inşa edilmişdir. XII əsrdə əsası qoyulan Sarayın tikintisi XV əsrdə başa çatıb. Bu əsrarəngiz memarlıq kompleksi bir sıra abidələrdən ibarətdir: Yuxarı həyətdə Saray binası və Divanxana, kompleksin orta həyətindəki Seyid Yəhya Bakuvi türbəsi və Keyqubad məscidinin qalıqları, aşağı həyətdə Saray məscidi (Şah məscidi),   Şirvanşahların ailə türbəsi və Saray hamamının qalıqları. Kompleks bütövlükdə vahid qala divarı ilə əhatə olunub. Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Məhəmməd məscidi ilə yanaşı İçərişəhərin dünya əhəmiyyətli abidələr statusuna malikdir və YUNESKO-nun Dünya Maddi İrs Siyahısına daxildir. Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olduqdan sonra Kiçik Qala küçəsi ilə Qala divarları boyu  üzüaşağı düşəcəksiniz. Burada qədim müdafiə təyinatlı vasitələrin maketləri fonunda bir neçə maraqlı xatirə şəkili də çəkdirə bilərsiniz. Daha sonra Kiçik Qala küçəsi ilə yolunuzu davam edərkən marşrutunuzun növbəti ünvanı sol tərəfdə yerləşən Vahid bağı olacaq. Bağda yerləşən Azərbaycan şairi Əliağa Vahidin qeyri-adi abidəsi diqqətinizi mütləq cəlb edəcək. Vahid bağında dincəldikdən sonra gəzintinə davam edə bilərsiniz. Vahid bağının arxasındakı qapıdan keçərək müasir Bakıya, “İçərişəhər” metro stansiyasına çıxacaqsınız. Bununla da səyahətiniz başa çatacaq. Ümidvarıq ki, Siz özünüzlə Azərbaycan tarixi və memarlığının incisi olan İçərişəhər haqqında bir çox parlaq xatirələr aparacaqsınız!

Xəbərlər