Tarixi yaddaşımızın canlı şahidi olan İçərişəhər. Xalq arasında “Qala” və ya sadəcə “Qədim şəhər” kimi tanınan bu məkan Bakının ən dəyərli incisi, həm də tarixi-memarlıq qoruğudur. Açıq səma altında muzey kimi fəaliyyət göstərən İçərişəhər 22 hektar ərazidə amfiteatr üslubunda inşa edilib. Xəzər dənizi sahilindəki kiçik təpə üzərində yerləşən şəhər hündürlüyü 8-10, eni 3,5 metr olan qala divarları ilə əhatə olunmuşdur.

Əsrlərlə Xəzərin sərt ləpələrinə sinə gələn İçərişəhər ərazisində məskunlaşma Tunc dövründə başlayıb. Belə hesab edilir ki, insanları bu əraziyə təbii neft və duz ehtiyatı, həmçinin ərazinin dəniz sahilində əlverişli mövqedə yerləşməsi cəlb edib.

Şəhər dахili məhəlli struкturlаrа mаliкdir. Arxeoloji baxımdan sona qədər öyrənilmədiyinə görə, buranın yaşayış məntəqəsi, yoxsa istehkam kimi formalaşma tarixi dəqiq bilinmir.

Arxeoloji qazıntılar zamanı tapılmış e.ə. III-I əsrlərə aid küpə, e.ə. IV-I əsrlərə aid saxsı qab qırıqları, dəmir ox ucluqları, Dəmir dövrünə aid gil qadın fiquru və antik dövrə aid sütun altlıqları İçərişəhərin şəhər kimi formalaşma dövrünü ən geci antik dövrlə eyniləşdirməyə imkan verir.

B.e. I əsrindən etibarən Bakı artıq kiçik, lakin mükəmməl liman şəhəri kimi mövcud idi.VIII-IX əsrlərdə isə İçərişəhər ərazisində sənətkarlıq və ticarət geniş inkişaf etmişdi.

XII əsrdə güclü zəlzələ nəticəsində Şamaxı şəhərinin dağılmasından sonra Azərbaycanın şimal-şərqində yaranmış ilkin feodal dövləti olan Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) hökmdarı I Axsitan iqamətgahını Bakıya köçürür. Bu köçürmədən sonra İçərişəhərin həyatında dönüş dövrü başlayır.

Şirvanşahların hakimiyyəti dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilir və şəhər inkişaf edir. XII əsrdə qala divarları inşa edilməklə şəhərin müdəfiə sistemi gücləndirilir.

XV əsrdə Şirvanşahların  iqamətgahının tikintisinin başa çatmasından sonra şəhərin ictima-siyasi və mədəni mərkəz kimi rolu xeyli artır. Ümumilikdə, Orta əsr Bakısının ən yüksək inkişaf mərhələsi XV əsrə düşür.

XIX əsrin sonları-XX əsrin əvvəlləri Bakıda neft bumunun yaşanmasından sonra isə şəhər genişlənir, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlayır. Məhz “İçərişəhər” anlayışı da də bayır şəhərin formalaşmasından sonra yaranır.

1952-1957-ci illərdə İçərişəhərin qala divarları ilk dəfə bərpa edildi. 1977-ci ildə şəhərə tarix-memarlıq qoruğu statusu verildi. 1985-ci ildə isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu elan edildi.

2000-ci ilin dekabrında İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edildi.

İçərişəhərin qorunması istiqamətində 10 fevral 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam imzaladı.

16 may 2007-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi təsdiq edildi. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunması idi.

Hazırda İçərişəhərdə mövcud olan tarixi abidələr – dünya, ölkə və yerli əhəmiyyətli olmaqla 3 qismə bölünür.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri - Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, Məhəmməd Məscidi, Multanı, Buxara və Kiçik Karvansaralar, məscidlər, karvansaralar, hamamlar, muzeylər və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur.

Dünyanın ən nüfuzlu turistik internet portalı olan “TripAdvisor”'un apardığı tədqiqatlara görə Azərbaycanın paytaxtı  Bakı  2014-cü ilin nəticələrinə əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilərək “Yüksələn turizm məkanları” kateqoriyasına daxil edilmişdir. Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi və ümumilikdə İçərişəhər isə son dörd il ərzində hər il TripAdvisorun “Mükəmməllik  Sertifikatı” mükafatına layiq görülür və Azərbaycanda turistlər üçün ən maraqlı turizm məkanı kimi liderliyi saxlayırlar.

İçərişəhər 1300-dən çox ailənin yaşadığı və yaşayış massivləri, özünəməxsus infrastrukturu olan canlı tarixdir. Burada insanların mövcudluğu bir unikal kompleks kimi İçərişəhəri daha da unikallaşdırır. Bu insanlar qədim şəhərin ruhunu, milli adət-ənənələrini nəsildən-nəslə ötürür, milli-mənəvi dəyərlərimiz də tarix-mədəniyyət abidələrimiz kimi qorunub saxlanılır.

İçərişəhərə daxil olan andan insan bu unikal və sirli məkanın fərqli aurasını hiss edib, müsbət enerji ilə yüklənir. Bir neçə addım aralıdakı səs-küy, hərəkətlilik, insanların coşqun emosiyaları ilə bol olan paytaxtın qaynar həyatı bir anda həzin orta əsr abu-havası ilə əvəzlənir. Burada gəzdikcə minillik tarixə şahidlik edən küçələr, dalanlar hökm sürən sakitliyin sehrini pozmadan sənə çox sirləri açır. Hər addımda emosiyalar bir-birini əvəzləyir, qədimlik və müasirliyin əsrarəngiz vəhdəti insanı heyran edir.

 

 

Xəbərlər