Tarixi arayış

Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “Qız qalası” incəsənət qalereyasınnın təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən sentyabr ayının 22-24.09.2017-ci il tarixlərində İçərişəhərdə “Qız qalası” VII incəsənət festivalı keçirilmişdir.

2010-cu ildə başlanan, 5 il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” incəsənət festivalı bu il artıq yeddinci dəfə gerçəkləşdirilmişdir. Festival ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub.

Festivalda gənc azərbaycanlı rəssamlar Bəhruz Kəngərli, Cavid İlham, Orxan Qarayev, Rəşad Nuri, Vüsalə Ağaraziyeva Qız qalasının maketlərini müxtəlif üslublarda bəzəyərək hər biri özünəməxsus və fərqli üslubda olan nümunələr yaratmışlar. Eyni zamanda gənc rəssamlar Xətai rayonu 3, Nizami rayonu 2, Suraxanı rayonu 1 nömrəli respublika xüsusi internat məktəbinin sakinləri, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin festivalda iştirak edən sağlamlıq imkanları məhdud uşaqlarına da Qız qalası maketini bəzəməyə kömək etmişlər.

Festival ənənəvi olaraq öz məqsədini izləmiş, onun sonunda bənzərsiz sənət əsərlərinə çevrilən on Qız qalası maketi şəhərimizin müxtəlif yerlərində sərgilənmiş və bununla tədbir Azərbaycan memarlığının incisi, beynəlxalq tarixi irsin ən möhtəşəm nümunələrindən biri olan və YUNESKO-nun “Dünya İrs Abidələri” siyahısına daxil edilmiş Qız qalasının təbliğinə töhfə vermişdir.

    

Xəbərlər