Bu qədim şəhərdə keçmişimizdən xəbər verən tarixi abidələrlə yanaşı müasir dövrümüzdə də yaşayan dünya şöhrətli şəxsiyyətlərin muzeyləri də fəaliyyət göstərir. 

Elə insanlar var ki, onlar ölkələr, xalqlar arasında körpü kimidirlər. Böyük ustad-rəssam Tahir Salahov belə şəxslərdən biridir. 2012-ci ildən isə İçərişəhərdə məşhur ustadın ev muzeyi fəaliyyət göstərməkdədir. Muzeyin ekspozisiyası Azərbaycan rəssamı Tahir Salahovun həyat və fəaliyyətinə həsr olunub. Evin quruluşu tikildiyi kimi qalmaqdadır. İnsanda elə hiss yaranır ki, rəssam sanki bu dəqiqə otaqdan çıxıb – bütün əşyalar canlı və işlək görünür. Ekspozisiya 3 mərtəbədə təşkil olunmuşdur. Muzeyin 3-cü mərtəbəsində isə rəssamın emalatxanası yerləşir. Bu muzeydə Tahir Salahovun müasirlərinin - 60-cı illər dünya modern sənətində sözünü demiş insanların – Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Mstislav Rostropoviç və digər sənətkarların obrazını əks etdirən portretlər var. Bundan başqa rəssamın xeyli sayda natürmort, kompozisiya və başqa janrlarda yaratdığı əsərləri nümayiş edilir. “Bakı”, “Vaxtada”, “Qara Qarayev”, “Aydan”, “Xəzərin dalğaları”, “Dmitriy Şostakoviç”, “Mstislav Rostrapoviç”, “Neftçi”, “Küləkli Nardaran”, “Nar çiçəkləri”, “Abşeron qadınları”, “Atılmış bağ” kimi əsərlər ziyarətçiləri dərindən düşündürür.

Rəssamın memorial əşyaları, yaradıcılıq məhsulu olan qrafika və yağlı boya nümunələri onun ictimai fəaliyyətini əks etdirən foto şəkillər və dekorativ tətbiqi sənət nümunələri də nümayiş olunur. Ev – muzeyi öz fəaliyyətini profilinə uyğun olan digər muzeylər, rəssamlar ittifaqı, elmi – tədqiqat, təhsil, mədəniyyət və incəsənət idarələri ilə sıx əlaqədə həyata keçirir. 

Tahir Salahov muzeyə 735 eksponat hədiyyə edib, onların arasında özünün rəsm əsərləri və şəxsi əşyaları var. Xalça kolleksiyası və fotoarxiv muzeyin ən maraqlı eksponatlarındandır. Ümumilikdə muzeyin kolleksiyası 798 eksponatdan ibarətdir.

Xəbərlər