“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində foto, video və kino çəkilişlərin aparılmasının tənzimlənməsi haqqında

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində foto, video və kino çəkilişlərin aparılması Qaydaları” təsdiq edilsin (Əlavə 1).

2. “Foto, video və kino çəkilişlərinin aparılmasına İcazə” sənədinin forması təsdiq edilsin (Əlavə 2).

3. Bu Sərəncamın icrasına nəzarət İdarənin rəis müavininə (S.Nuriyevə) həvalə edilsin.

 

Rəis                                                                               Mikayıl Cabbarov

 

 

 

 

Əlavə 1

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində foto, video və kino çəkilişlərin aparılması Qaydaları

1. Ümumi müddəalar

1.1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində foto, video və kino çəkilişlərin aparılması Qaydaları (bundan sonra Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (bundan sonra İdarə) Əsasnaməsinin 9.13-cü bəndinə əsasən hazırlanmışdır və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (bundan sonra Qoruq) ərazisində foto, video və kino çəkilişlərin (bundan sonra çəkilişlər) aparılması qaydalarını tənzimləyir.

1.2. Qoruq ərazisində foto, video və kino məhsullarının, o cümlədən bədii və sənədli filmlər, teleseriallar, əyləncəli proqramlar, musiqi klipləri, reklam, əyləncə xarakterli nəşr buraxılışlarının istehsalı üçün həyata keçirilən çəkilişlər kommersiya xarakterli çəkilişlər hesab edilir.

1.3. Qoruqla və ya Qoruq ərazisində baş verən hadisə ilə əlaqədar ictimaiyyəti məlumatlandırmaq üçün həyata keçirilən xəbər, habelə uşaq, elmi-kütləvi, mədəni-maarıf və dini proqram və verilişlərinin çəkilişləri qeyri-kommersiya xarakterli çəkilişlər hesab edilir.

1.4. Bu Qaydalar Qoruq ərazisində yerləşən abidələrin həvəskar (o cümlədən, turist) çəkilişlərinə şamil olunmur və onlara qarşı məhdudiyyətlər tətbiq edilmir.

1.5. Qoruq ərazisində daimi əsaslarla göstərilən fotoçəkiliş xidmətləri, habelə İdarənin sifarişi və ya dəvəti ilə keçirilən çəkilişlər bu Qaydalarla tənzimlənmir.

2. Çəkilişin aparılması şərtləri

2.1. Xəbər proqramları üçün çəkilişlər İdarəni məlumatlandırmaqla həyata keçirilir. Bu halda çəkilişin aparılmasını planlaşdıran teleşirkətin səlahiyyətli nümayəndəsi çəkilişə başlamazdan azı 1 saat əvvəl İdarənin mətbuat xidməti ilə əlaqə saxlamalı və çəkilişin məqsədləri barədə məlumat verməlidir.

2.2. Mətbuat xidməti dərhal İdarənin rəis müavinini, o olmadıqda Aparat rəhbərini çəkiliş barədə məlumatlandırmalıdır.

2.3. Çəkilişlərin aparılmasına icazə İdarənin rəis müavini, o olmadıqda Aparat rəhbəri tərəfindən mühafizə və mətbuat xidmətlərinin rəhbərlərini məlumatlandırmaqla verilir. Həmin qurumların nümayəndələri çəkiliş qrupunu müşayiət etməlidirlər.

2.4. İş vaxtı bitdikdən sonra və ya istirahət günlərində xəbər proqramları üçün çəkilişin aparılmasını planlaşdıran teleşirkətin səlahiyyətli nümayəndəsi çəkilişə başlamazdan azı 1 saat əvvəl ərazidəki mühafizə xidmətinin əməkdaşına şifahi məlumat verməlidir. Xidmətdə olan əməkdaş bu barədə öz rəhbərini məlumatlandırmalı və onun göstərişlərini gözləməlidir.

2.5. Digər qeyri-kommersiya və kommersiya çəkilişləri İdarənin rəsmi icazə sənədi əsasında aparılır. Belə çəkilişin aparılmasını planlaşdıran fiziki və ya hüquqi şəxs çəkilişə başlamazdan azı 5 (beş) iş günü əvvəl bu Qaydaların 2.6-cı bəndində göstərilən məlumatları yazılı surətdə İdarəyə təqdim etməlidir. 

2.6. Ərizədə aşağıdakılar göstərilməlidir: - fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı; - hüquqi şəxsin tam adı, ünvanı, rəhbər şəxsin soyadı, adı, atasının adı; - çəkilişin məqsədi, süjetin mövzusu (ssenari); - çəkilişin aparılması tarixi, vaxtı və davamlılığı; - çəkilişin aparılması üçün nəzərdə tutulan yerlər; - çəkiliş qrupunun tərkibi barədə məlumat; - avadanlığın siyahısı; - çəkiliş aparılması ilə əlaqədar Qoruq ərazisinə daxil olması tələb olunan nəqliyyat vasitələrinin sayı və dövlət qeydiyyat nişanları; - məsul şəxslə əlaqə üçün məlumat.

2.7. Ərizə baxılmaq üçün əraziyə və abidələrə cavabdeh olan aidiyyəti struktur bölmələrə, həmçinin mətbuat və mühafizə xidmətlərinə verilir. Həmin qurumlar öz təkliflərini 3 (üç) gün müddətində İdarə rəhbərliyinə təqdim etməlidirlər.

2.8. Qoruq ərazisindən və burada yerləşən abidələrdən kommersiya xarakterli çəkilişlərin aparılması üçün istifadə olunması nəzərdə tutulduqda İdarənin Elmi-mədəni mərkəzi ilə müqavilə bağlanmalıdır.

2.9. İcazə sənədi İdarənin rəis müavini tərəfindən imzalandıqdan və möhürlə təsdiq edildikdən sonra çəkiliş aparan fiziki və ya hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə verilir.

2.10. Qoruq ərazisində çəkiliş aparılan sahələrdə yarana biləcək hər hansı neqativ halların qarşısının alınması məqsədi ilə İdarənin mühafizə xidməti tərəfindən təhlükəsizlik təmin olunur.

2.11. Çəkilişlərin icazə verilmiş mövzuya uyğun aparılmasına İdarənin mətbuat xidməti tərəfindən nəzarət olunur.

2.12. Çəkiliş aparılarkən Qoruq sakinlərinin gündəlik həyat tərzi və/və ya burada yerləşən qurumların fəaliyyət ahəngi pozulmamalıdır.

2.13. Ərazidə çəkilişlərin aparılması ilə əlaqədar olaraq abidələrin üzərində texniki vasitələrin yerləşdirilməsi və ya abidələrin zədələnməsinə səbəb ola bilən hər hansı hərəkət yolverilməzdir.

3. Çəkilişə icazə verilməsindən imtina və çəkilişin dayandırılması halları

3.1. Aşağıdakı hallarda İdarə çəkilişə icazə verilməsindən imtina edə və ya çəkilişin aparılması şərtlərini dəyişdirə bilər: - çəkiliş üçün ərizənin verilməsi qaydaları pozulduqda və ya məlumatlar natamam olduqda; - çəkilişin aparılması Qoruq sakinlərinin gündəlik həyat tərzinin və/və ya burada yerləşən qurumların fəaliyyət ahəngini əhəmiyyətli dərəcədə pozmaq ehtimalı yaratdıqda; - kommersiya xarakterli çəkilişlər üçün müvafiq müqavilə bağlanmadıqda; - Qoruq ərazisində həmin vaxt dövlət tədbirlərin keçirilməsi və ya çəkilişin aparılması nəzərdə tutulan sahədə təcili təmir işlərinin görülməsinə zərurət yarandıqda.

3.2. Aşağıdakı hallarda İdarə çəkilişi dayandıra bilər: - çəkilişin aparılması Qoruq sakinlərinin həyat tərzini və/və ya burada yerləşən qurumların gündəlik fəaliyyətinin ahəngini əhəmiyyətli dərəcədə pozduqda; - çəkiliş ictimai asayişin və əxlaq normalarının pozulması halları ilə müşayiət edildikdə və bununla bağlı çəkiliş qrupuna edilmiş xəbərdarlıq nəticə vermədikdə; - çəkilişlərin aparılması zamanı çəkilişin verilmiş İcazə sənədinə uyğun olaraq aparılmadığı barədə çəkiliş qrupuna edilmiş xəbərdarlıq nəticə vermədikdə; - xəbər proqramları üçün çəkilişlərlə bağlı İdarə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırılmadıqda.

Xəbərlər